Polis polkovnikinin həbsinə aydınlıq gətirilib
- 29 dek 2016, 22:35
Daxili İşlər Nazirliyi (DİN) Oğuz Rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun həbsi barədə məlumatları təsdiqləyib.
DİN Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib
ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin
Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: "Nazir,
cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat
aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət
etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif
vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda
ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili
işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub
polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin
Abbasov Daxili İşlər Orqanlarında xidmətdən xaric edilib”.
S. Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi
üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa
göndərilib.
Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə
görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi
başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri
seçilib.
Qeyd edək ki, İ. Abbasov əvvəllər Oğuz rayonunun polis rəisi olub.
Demokratik.Az
