Bəzi rayonların polis rəisləri dəyişdirildi

  • 24 iyun 2016, 13:43

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub. ANS PRESS-in məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinə təyinat alıb. Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinə göndərilib.

Faktlar müvafiq qurumlar tərəfindən öz təsdiqini tapıb.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilən Valik Vəlimətov faktı təsdiq edib və bildirib ki, ona göstərilən etimadı doğrultmağa çalışacaq.

Ötən gün də Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. Belə ki, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Oxşar xəbərlər