"Gəncəbank"rəhbərinin Xoşbulaqdakı daçasını yardılar

  • 29 okt 2015, 21:06

Daşkəsən polisi oğurluqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. İki qardaş dostları ilə əlbir olaraq dayısının və xalasının evini qarət edib.

 

Demokratik.Az APA TV-yə istinadən məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xoşbulaq kəndində Pərvanə Novruzovaya məxsus evi qarət edən Gəncə şəhər sakinləri - 26 yaşlı Emin və 22 yaşlı Sultan Əliyev qardaşları, eləcə də onların yaxın dostu 33 yaşlı Ürfan Məhərrəmov saxlanılıb.

 

Onlar evdən seyfi, müxtəlif markalı televizorlar, DVD-lər, eləcə də xeyli miqdarda qiymətli məişət əşyalarını oğurlayıblar. Bundan başqa, polisin araşdırması zamanı məlum olub ki, qardaşlar dostları ilə birlikdə bir müddət əvvəl dayıları Məhəmmədəli Novruzovun da evindən oğurluq ediblər. Daşkəsən Rayon Polis Şöbəsinin baş müstəntiqi Bərzani Abbasovun dediyinə görə, polis hər iki evdən oğurlanan maddi sübutları aşkarlayaraq istintaqa təqdim edib: "Əliyev Emin Mobil oğlu Əliyev Sultan Mobil oğlu və onların tanışları Məhərrəmov Ürfan Nurəddin oğlu qabacadan əlbir olub bir qrup təşkil edərək, 21 sentyabr 2015-ci il tarixdə Əli Novruzovun yaşadığı mənzilə daxil olaraq qeyd edilən ev əşyalarını oğurlayıblar. Həmin şəxslər 9 oktyabr 2015-ci ildə oradan məişət əşyalarını gizli yolla talayaraq oğurluq ediblər".

 

Saxlanılan hər üç şəxs Novruzovların evindən oğurluq etdiklərini etiraf ediblər. Nə qədər qəribə olsa da, Emin və Sultan Əliyev qardaşları yaxın qohumlarının evlərini qarət etdikləri üçün peşman deyillər:

 

Sultan Əliyev: "Varlıdan aparmışam, kasıbdan götürməmişəm ki. Öz xalamın evindən oğurluq etmişəm. Nə düşüb, onu eləmişəm. Kasıbdan aparım nə edim, kasıbın adı onsuz da kasıbdır. Kasıb sözü pula getmir, amma varlı sözü pula gedir. Elə qoy özü də eşitsin. Söhbət oradadır ki, niyə mən hər gün "Xan”da nahar eləmirəm".

 

Emin Əliyev: "Peşmanlığı mən Məhəmmədəli ilə Pərvənayə görə keçirmirəm. Mən uşaqlarıma görə peşman ola bilərəm. Amma belə də kimə nə düşüb, odur. Başa gələn çəkilər".

 

Hər iki faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

 

Qeyd edək ki, oğurluğa görə tutulan qardaşların xalası Pərvanə Novruzova "Gəncəbank" ASC-nin Müşahidə Şurasının sədridir.