«Polis 200 manata görə sənədlərimi qaytarmır…»

  • 24 fev 2016, 19:10
"Bizim Yol"a müraciət edən İmişli rayon sakini Nəsirov Bəxtiyar Şakir oğlu iddia edir ki, ona məxsus sənədləri qeyri-qanuni olaraq İmişli yol polisi əməkdaşları alıb qaytarmayıblar. Sənədləri qaytarmaq üçün ondan 200 manat tələb olunub. 

"Mən 2015-ci ilin avqust ayının 22-sində İmişli rayonunda avtomobilimlə qəza törətdim. Bu zaman 99-YP-551 dövlət nömrə nişanlı avtomobildə olan polis əməkdaşları Poladov Təyyar və Nəhmədov Elvin (döş nişanları 1390 və 1389) maşına aid sənədləri məndən aldılar. Həmin günün axşamı mən polis şöbəsinə gəldim. Polis şöbəsinin həyətində YPŞ-nin rəis müavini Habil Ağayev, YPX əməkdaşları Poladov Təyyar və Nəhmədov Elvin mənə dedilər  ki, 200 manat pul ver. Mən onlara 50 manat verdim, qalan 150 manatı sonra verəcəyimi bildirdim.  Onlar da razılaşdılar",-deyə B.Nəsirov bildirir.

Onun sözlərinə görə, T.Poladov və H.Ağayev dəfələrlə ona zəng edərək qalan pulu tələb ediblər: "Avtomobili sənədsiz idarə edirdim. Sənədlərimin onlarda girov qaldığına baxmayaraq məni güdərək hər dəfə saxlayıb incidirlər. Axırıncı dəfə 2016-cı ilin fevral ayının 16-sında yaşadığım evin qarşısında durmuşdum. Təyyar və Elvin mənə yaxınlaşıb ailəmin və qonşularımın yanında zor tətbiq edərək öz xidməti maşınlarına saldılar. Maşınımın açarlarını da cibimdən götürüb avtomobillə birlikdə polis şöbəsinə apardılar. Maşını saxlayıb özümü sərbəst buraxdılar. Yenidən, 17.02.2016-cı il tarixdə polis şöbəsinə getdim. Onlar mənim xəbərim olmadan yazdıqları protokolu imzalamağımı tələb etdilər. Mən imtina etdim. Bu zaman onlar məni yol polis xidmətinin rəisi, polis kapitanı Aydın Ağayevin yanına apardılar. Aydın Ağayev mənə dedi ki, protokolu imzalamasan sənə əlavə cərimələr yazdıracam və həbsə atdıracam. Mən ona heç bir günahımın olmadığını, məni evimdən zorla çıxarıb bura gətirdiklərini və bütün bunların əsas səbəbinin Təyyar və Elvinə 150 manat girov borcum olduğu üçün baş verdiyini bildirdim. Aydın Ağayev mənə bildirdi ki, mən təzə gəlmişəm, bunların mənə aidiyyatı yoxdur". 

B.Nəsirov bildirir ki, bu günlərdə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək məsələnin araşdırılmasını, həmin əməkdaşların bu özbaşına hərəkətlərinə görə onlar barədə ciddi cəza tədbirlərinin görülməsini və 2015-ci ilin avqust ayından ondan girov götürülən sənədlərin geri qaytarılmasını xahiş edib.

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Bizim Yol"a bildirib ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə 19.08.2015-ci il tarixdən onun sürücülük hüququ məhdudlaşdırılıb: "Sürücülük hüququ olmadan avtomobili idarə edib, saxlanma tələbinə əməl etməyib, evinə qədər maşını sürüb. Evindən avtomobili aparılaraq duracağa yerləşdirilib".

K.Əliyev qanunsuz pul tələbi iddiasına da cavab verdi: "Əgər belə bir fakt olubsa, niyə indiyə kimi sürücü susub? Qanunsuz pul tələb edirdilərsə, prokurorluq orqanlarına müraciət edərdi. Amma o, aylarla susub, indi danışır".

Ramid İBRAHİMOV
Oxşar xəbərlər