Eynulla Fətullayev Anar Bağırovu tənqid etdi

  • 03 apr 2022, 16:50
Azər Tağıyev heç zaman belə cinayətkatlarla bir sırada dayanmazdı”
Hökumətə yaxın media təmsilçilərindən sayılan Eynulla Fətullyev Vəkillər Kollegiyasını tənqid edib.

Bu barədə Eynulla Fətullayev “Feysbuk” hesabında yazıb.

“Azərbaycanda nasistlər, ən təhlükəli cinayətkarlar, minlərlə azərbaycanlının evini yıxan, Eldar Mahmudovun müstəntiqləri – Yasin Məmmədov və Sahib Ələkbərov Vəkillər Kollegiyasının üzvləri oldular. Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyevə Allahdan rəhmət diləyirəm. O, heç zaman belə cinayətkatlarla bir sırada dayanmazdı”, – deyə Fətullayev Kollegiyanın sədri Anar Bağırovu hədəfə alıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlamaq mümkün olmayıb.

Bəs adıçəkilən vəkillər kimlərdir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi açılıb.

Adıçəkilən şəxslərə qarşı irəli sürülən ittihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər – İstintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Eynulla Fətullayev – “haqqın.az” və “virtualaz.org” saytlarının baş redaktorudur.

O, əvvəllər “Gündəlik Azərbaycan” və  “Realnı Azerbaydjan” qəzetlərinin təsisçisi və (2005-2007) baş redaktoru olub.

Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunan jurnlist 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

2007-ci ilin oktyabrın 30-da isə Ağır Cinayətlər Məhkəməsi E.Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Eynulla Fətullayev tutulandan az sonra onun nəşrləri fəaliyyətini dayandırmağa məcbur olub.

26 may 2011-ci ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bundan sonra  “haqqın.az” və “virtualaz.org” saytlarını təsis edib, eyni zamanda hökumətyönlü fəaliyyət göstərərək müxalifəti tənqid edib.
Oxşar xəbərlər