“Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, 1 milyon verməlisən”

  • 15 fev 2022, 21:40
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.  İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb. İstintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirə üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.
Məhkəmə sədri jurnalistlərin məhkəməyə buraxılmamasının səbəbini bilmir?  
Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb. Açıq keçirilən məhkəmə prosesinə ötən müddət ərzində jurnalistlər buraxılmır. Fevralın 15-də baş tutan prosesdən əvvəl jurnalistlər bu məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ediblər. 
İş üzrə hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini faktiki olaraq qapalı keçirməsinin səbəbini Həbib Həsənov da açıqlaya bilməyib. Deyib ki, jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı hakim qərar verə bilər. 
Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin, “Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” saytlarının baş redaktorları Həbib Həsənova və  Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar. 
Həbib Həsənov müraciətə baxılacağını bildirib. 
Hakim vəsatəti alır və baxmır
Prosesdə iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim Elbəy Allahverdiyev heş bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.
Bundan sonra zərərçəkənlərdən Namil Rzayev sərbəst ifadə verib.   
“Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var”
Namil Rzayev  deyib ki, onun “Texnikabank”da əmanəti olub. Mövlam Şıxəliyevin rəhbərliyi altında  “Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov onu MTN-in İstintaq İdarəsinə çağırıb: 
“Mən Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsi ilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi  də dedi ki, sizi “Texnikabank” işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz “Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız. Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir. Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.
“Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub”
Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da “Texnibank”a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. “Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, “28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım. 
Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin.
Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”. 
“Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən”
Zərərçəkən Namil Rzayev sərbəst ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırdı.  
Dedi ki, Mövlam Şıxəliyevlə uzun illər əvvəldən tanış olub: “Onun xeyir işində də, şər işində də iştirak etmişdim. Vüsal məni MTN-ə çağıranda dedi ki, səni həbs edəcəyəm. Vüsal Ələkbərovun otağında, iş masasının üstündə Mövlam Şıxəliyevin çərçivəyə salınmış fotosunu gördüm. Soruşdum ki, bu kimdir? Dedi ki, rəisimizdir. Ona dedim ki, get rəisinə de ki, Namil Rzayev gəlib. O da getdi dedi və məni apardı Mövlam Şıxəliyevn yanına. Mövlam Şıxəliyev də ədəb-ərkanla mənimlə görüşdü, çay içdik. Sonra da Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən. Verməsən, həbsə gedəcəksən”.
“Mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”
Dövlət ittihamçısı pulu 2 hissədə verməsinin səbəbini soruşub. 
Namil Rzayev deyib ki, pulu iki hissəyə ayrıb verməsini ona Mövlam Şıxəliyev tapşırıb: “Mövlam Şıxəliyev mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu – 200 min dolları isə mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, “Texnikabank”a qoyduğum əmanətimin mənə qaytarılmasına köməklik göstərsin. Həmin məktubun surəti məndə var və məhkəməyə də təqdim edirəm. Lakin Mövlam Şıxəliyev məni aldatdı, “Texnikabank”dakı əmanətimi qaytarmadı. Ona görə də mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”.
“Həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”
Dövlət ittihamçısının dəqiqləşdirici sualı Mövlam Şıxəliyevin Namil Rzayevdən aldığı 200 min dollarla bağlı oldu. Dövlət ittihamşçısı “Mövlam Şıxəliyev kimsə bilməsin deyəndə kimi nəzərdə tuturdu” sualına zərərçəkən “Mövlam Şıxəliyev Eldar Mahmudovdan bu məsələni gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”.
“Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər”
Bundan sonra zərərçəkən Namil Rzayevdən mütəşəkkil cinayətkar quldur dəstə şəkilində, hədə-qorxu ilə pul alınması epizodu üzrə şahid Hüseyn Mustafayev sərbəst ifadə verdi. Bildirdi ki, Namil Rzayev yaxın qohumudur:
“Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Həmin günlərdə mənim Namillə şərikli biznesim vardı. Namilin “Funikulyor”un yanındakı evini o zaman “Gilan Holdinq”ə satdıq”. 
“200 min dolları da Namil Mövlam Şıxəliyevə əlbəəl verdi”
Bu yerdə zərərçəkən mənzilin alqı-satqı müqaviləsini də məhkəməyə təqdim etdi.
Şahid ifadəsində bildirdi ki, yığılan pulun 300 min dollarının Vüsal Ələkbərova, 200 min dollarının isə Mövlam Şıxəliyevə verilməsində iştirak edib: 
“Vüsal dəri çanta aldırdı, pulu içinə yığdıq, üstünə də göyərti yığıb aparıb ona vedik. 200 min dolları da Namil Mövlam Şıxəliyevə əlbəəl verdi. Həmin vaxt Mövlam Şıxəliyev idman geyimində idi. Namil Mövlam Şıxəliyevlə ofislə onun evinin arasında, binanın qarşısında görüşdü, pulu bağlamada ona verdi”.
Şahid deyib ki, həmin pulu alarkən Mövlam Şıxəliyev Namil Rzayevə “Texnikabank”dakı əmanətinin ona qaytarılacağına söz verib: “Namil sonra dedi ki, Mövlam Şıxəliyev onu aldadıb, 200 min dolları alsa da, bank hesabındakı pulları ona qaytarmayıb. Bu söhbətdən sonra bir dəfə Namil Rzayev Mövlam Şıxəliyevlə rastlaşıb, ondan “Texnikabank”dakı əmanətinin nə vaxt geri qaytarılacağını soruşub. Mövlam Şıxəliyev konkret bir söz demədi”. 
Mövlam Şıxəliyev yenə də cinayətləri Rüstəm Usubovun üzərinə yıxdı
Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı Vüsal ələkbərovun mövqeyini xəbər aldı. Vüsal Ələkbərov ifadə verməkdən imtina elədi. 
Eyni təkliflə dövlət ittihamçısı Mövlam Şıxəliyevə də müraciət etdi. Mövlam Şıxəliyev isə bildirdi ki, o, istintaqa nəzarət edən prosessual şəxs olmayıb: 
“Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından da məlumatsız olmuşam. Onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.
Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevə bir neçə sual verdi. 
“Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi”
Dostluq münasibətində olduğu Namil Rzayevin və onun qohumu Hüseyn Mustafayevin niyə görə onun əleyhinə ifadə vermələrinin səbəbi ilə maraqlandı. Mövlam Şıxəliyev zərərçəkən  Zaur Əliyevin sualına əsəbi reaksiya verdi: “Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm!”
Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev ötən prosesdən yarımçıq qalan sərbəst ifadəsini davam etdirdi. 
“2013-cü ildən bu yana Prezident Adminstrasiyasına, baş prokuror Zakir Qaralova dəfələrlə ərizə ilə müraciət etmişəm. Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala məni həbs etdirirdi. Birbaşa mənim yanımdan göstəriş verdi ki, mənimlə bağlı şahidlərin ifadələrini təkzib etsinlər. Prokurorluqda Zakir Qaralov, Prezident Adminstarasiyasında isə Fuad Ələsgərov bunlaırn cinayətlərini ört-basdır edirdilər. Onlar...”.
Bu yerdə hakim zərərçəkəni dayandırıb dedi ki, proses  fevralın 22-nə qədər təxirə salınır.
“Yeni Müsavat”

Oxşar xəbərlər