«Dedi bu Mahmudovun tapşırığıdır, 2 milyonu gətir…»

  • 27 yan 2017, 09:16
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun üzrə məhkəmə prosesi keçirilib. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bahəddin Sultanov mülki iddia qaldırıb və məhkəmə iddianı qəbul edib. Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. O, barəsində olan "həbs-qətimkan” tədbirinin "başqa yerə getməmə” barədə qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. 

 

Dövlət ittihamçısı İlqar Quliyev bildirib ki, bu cinayət işi üzrə zərərçəkmişlər mülki iddia ilə çıxış ediblər: "Həmçinin Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib. Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərova mütəşəkkıl dəstənin digər üzvləri ilə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərər, sübutları saxtalaşdıra bilər. Vüsal Ələkbərovun zərərçəkmişlər, zərərçəkmişlərin isə ona münasibətləri məlumdur. Bu səbəblərdən vəsatətin təmin edilməməsini istəyirəm".

Qısa müşavirədən sonra zala gələn hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul ediblər.
Daha sonra Vüsal Ələkbərovun digər vəsatəti istintaını apardığı "Texnikabank"in Bakı filialının rəhbəri Zal Yusifovun ittiham olunduğu 613 saylı cinayət işi ilə bağlı olub. O bildirib ki, bu iş üzrə zərərçəkmişlər 613 saylı cinayət işi üzrə adı keçən zərərçəkmişlərdir: "Həmin cinayət işi üzrə qanuni qüvvəsinə minmiş hökm var, iş üzrə təqsirləndirilən şəxslər məhkum olunublar, cəzalarını çəkirlər. Həmin cinayət işinin tələb edilməsini və məhkəmədə tədqiq edilməsini xahiş edirəm".

Vəsatətətə münasibət bildirən dövlət ittihamçısı qeyd edib ki, həmin cinayət işinə ibtidai istintaq zamanı baxış keçirilib: "Lakin müdafiə tərəfi həmin cinayət işi ilə bağlı hər hansı vəsatət verməyib. Həmi cinayət işinə məhkəmə baxışı zamanı baxılmasına, araşdırılmasına ehtiyac yoxdur. Çünki həmin cinayət işi 50 cilddən çoxdur. 613 saylı cinayət işinə baxış keçirilməsinə zərurət görmürəm, vəsatət təmin edilməsin".

Təqsirləndirilən prokurora etiraz verdi

Vüsal Ələkbərov cinayət işi üzrə dövlət ittihamçısı qismində çıxış edən Baş Prokurorluğun ittiham idarəsinin prokuroru İlqar Quliyevə etiraz verib: "Hörmətli məhkəmə, bildiyiniz kimi mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Bu səbəbdən işimə hərbi məhkəmədə baxılır. İşə çıxan prokuror isə Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun prokurordur. Onun mənim işim üzrə prosesdə çıxış etmə səlahiyyti yoxdur".

Prokoror isə etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Hakimlər də etirazın əsassız olması qənaətinə gəliblər. 

Daha sonra məhkəmə istintaqı başlanması elan edilib və prokuror ittiham aktını elan edib. 
Vüsal Ələkbərov özünü elan olunmuş ittihamla təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini, zərərçəkmişlər və şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcəyini deyib.  
Daha sonra zərərçəkmişlərin ifadə verib.  Bu zaman Vüsal Ələkbərov vəsatətlə çıxış edərək, prosesin qismən qapalı keçirilməsini istəyib. O bildirib ki, zərərçəkmiş Akif  Qurbanovun dindirilməsi qapalı prosesdə baş tutmasını istəyir. Vüsal Ələkbərov qeyd edib ki, Akif Qurbanov dövlət əleyhinə çıxışlar edib və bununla bağlı sirrlər var, həmin sirlərin yayılması qanunla nəzərdə tutulmuş qaydada mümkün deyil. 

Prokuror isə qeyd edib ki, prosesin qapalı keçirilməsinə əsas yoxdur. Bildirib ki, burada Vüsal Ələkbərovun törətdiyi konktret cinayətlər araşdırılır və bu səbəbdən işdə dövlət əhəmiyyətli sirrin yayılması üçün əsas olan hissə yoxdur. Hakimlər prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin etməyib. 

"Dedim ki, toyda sənən salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm məni həbs edəcəksən, ya da asacaqsan”

Daha sonra zərərçəkmiş Akif Qurbanov ifadə verməyə başlayıb. O bildirib ki, MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Onun sözlərinə görə, toy mərasimində Mövlam Şıxəliyevlə rastlaşıb və həmin vaxt "Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevin istintaq işi ilə maraqlanıb: "Səhəri gün MTN-dən mənə zəng gəldi və məni MTN-ə çağırdılar. Orada məni bir otaqda saxladılar. Bir qədər sonra otağa bir yoldaş gəldi və bildirdi ki, sən dövlətçilik əleyhinə çıxışlar edirsən, hökümətə qarşı çıxırsan. Ona dedim ki, məni belə işlərə ittiham edə bilməzsən, mən YAP-ın üzvüyəm. Partiyanın üzvlük vəsiqəsini də onlara göstərdim. Bu zaman sonradan adının Vüsal Ələkbərov olduğunu bildiyim şəxs mənimlə söhbətlər etdi. O, tikinti şirkətlərimin saymağa başladı. Ona dedim ki, daha niyə əziyyət çəkirsən, istə, mən tikinti şirkətlərimin sayını deyim. Məni axşama kimi MTN-də saxladılar. Axşam evə buraxanda dedi ki, səhər tikinti işləri ilə bağlı icazə sənədlərini də götürərək MTN-ə gəl. Ona dedim ki, tikinti işləri ilə bağlı sənədləri bura gətirmək üçün bir "Kamaz” lazımdır. Sonra mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Məni onunla yox, onun müavini Təhsin Ağayevlə görüşdürdülər. Sonra Təhsinlə birlikdə Mövlam Şıxəliyevin otağına getdim. Otağa daxil olanda Mövlama salam vermədim. Mövlam ona salam niyə verməməyimin səbəbini soruşdu. Dedim ki, toyda sənən salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm məni həbs edəcəksən, ya da asacaqsan. Sonra mənə dedi ki, sən tikinti işi ilə məşğul olursan, yoxlasam evindən 10 milyon manat çıxar. Dedim ki, sən məndən çox tikinti işi ilə məşğul olursan”.

Zərərçəkmiş qeyd edib ki, sonra ondan həbs olunmamağı üçün 1 milyon manat istəyiblər: "Dedim ki, şefiniz toy edir, cib xərcəliyi lazımdırsa, 10 min manat verim. Təhsin Ağayev dedi ki, boş-boş söhbətlər danışma, deyilən pulu düzəlt gətir”. 

"Vüsal Ələkbərov məndən aldığı bir milyonun Mövlam Şıxəliyevə çatacağını bildirdi”

Akif Qurbanov ertəsi gün Dubaya getməsindən, sonra ora çatanda ölkədən çıxışına və girişinə "Stop” qoyulmasından danışıb: "Oğulanlarımı da, məni də həbs etməklə hədələyiblər. Mən Bakıda tikinti işləri ilə məşğul olmuşam. Amma indi Rusiyada tikinti işləri ilə məşğul oluram. Çünki MTN tikinti işinə qarsıdığı bir vaxtda burada tikinti işləri ilə məşğul olmağın mümkün olmadığını gördüm”. Prokurorun suallarını cavablandıran Akif Qurbanov qeyd edib ki, MTN-də ondan ifadə almayıblar, 2012-ci ildə telefon danışıqları dinlənilib: "Vüsal Ələkbərov məndən aldığı bir milyonun Mövlam Şıxəliyevə çatacağını bildirdi. Vüsal Ələkbərov burada icraçı olub, yəqin onada puldan 5-10 faiz çatıb”.

Akif Qurbanov Vüsal Ələkbərova qarşı qaldırdığı mülki iddiasının müdafiə etdiyini bildirib. Sonra o, Vüsal Ələkbərovun vəkillərinin suallarını cavablandırıb. O, qeyd edib ki, pulu Vüsal Ələkbərova verib, ondan da geri istəyir: "Vüsal Ələkbərov pulu kimə verib, bu da onun öz işidir, getsin ondan alsın. Vüsal Ələkbərov mənim dövlətə qarşı çıxdığımı iddia edib, oğlanlarımla bağlı rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Əgər Vüsal Ələkbərov da rüsvayedici məlumatlar varsa, burada desin. Dubaya getməsəydim, məni həbs edəcəkdi”. 

Daha sonra ifadə verən digər zərərçəkmiş Nizami Kazımov bildirib ki, ondan MTN-də 3 milyon manat tələb olunub, həmin pulu ödəmədiyi üçün 3 ay müddətinə həbs edilib: "Məni Səbail rayon Məhkəməsinə apardılar. Orada dedim ki, bankda pulu batan əmanətçiyəm, hakim üzümə baxdı, dedi nə edim. Sonra Vüsal Ələkbərov məni zaldan çıxartdı. Mən olmadan barəmdə həbs qərarı çıxarıldı. 3 dəqiqə ərzində barəmdə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Sonra mənimlə MTN-də alver başladı. 2005-ci ilə kimi Hacı Məmmədov insanları evində olan bunkerlərdə saxlayırdı, pul alırdı. Amma bunlar Hacı Məmmədovan fərqli olaraq bir qədər işlərini qanuni görməyə başladılar. İnsanları MTN-də saxlayıb, pul alaraq buraxırdılar”.

Nizami Kazımov ifadəsində həmçinin ifadəsində təzyiqlərə dözməyərək 2 milyon ABŞ dolları ödədikdən sonra həbsdən azad edildiyini bildirib: "Mən özümə Osman Kazımovu vəkil tutmuşdum. Vüsal Ələkbərov təzyiq göstərərək, onu vəkil tutmağımdan imtina etməyimə məcbur etdi. Sonra mənə dövlət hesabına Cahangir adlı vəkil verdilər. Həmin vəkil çox mədəni insan idi. Amma işə düzgün baxmırdı, nə deyirdilər, onu da edirdi”.

"Mövlam Şıxəliyev dedi ki, bu nazir Eldar Mahmudovun tapşırığıdır”

Daha sonra zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, "Texnikabank”da pulu batandan sonra MTN-ə çağırılıb və şantaj olunaraq 2 milyon manat alıblar, həmçinin 2 kilo qızılını ələ keçiriblər. Hüseyn Səfərov deyib ki, əvvəlcə pulu ödəmədiyi üçün barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: "Mövlam Şıxəliyev dedi ki, bu nazir Eldar Mahmudovun tapşırığıdır, pulu düzəltməlisən və Vüsala verməlisən. Dedim ki, qoy, 2 milyon dollar nəzir payınız olsun. Bundan sonra pulu düzəldib gətirmələri üçün evə sifariş verdim. 1 milyon dollar verəndən sonra həbs qərarım ev dustaqlığı ilə əvəz edildi, sonra isə qalan pulu ödədim, barəmdə olan cinayət işinə xitam verildi”.

Hüseyn Səfərov qeyd edib ki, qalan pulu da ödəyəndən sonra barəsində olan cinayət işinə xitam verilib. Hazırda ağır vəziyyətdə yaşadığını deyən zərərçəkmiş Vüsal Ələkbərovdan pulunu tələb etdiyini deyib. 

Daha sonra ifadə verən zərərçəkmiş Elşən Mədətov bildirib ki, 2007-ci ildə "Texnikabank”a 677 min avro pul qoyub. Onun sözlərinə görə, 2008-ci ildə bankın rəhbəri həbs edilndən sonra ona hədə-qorxu gəliblər, Zal Yusifovdan onun əleyhinə ifadə alacaqları ilə hədələyərək 300 min dollar tələb ediblər. 

Elşən Mədətov bildirib ki, hədələrə dözməyib və həbs olunacağından qorxaraq 250 min dollar Vüsal Ələkbərova verib. Digər zərərçəkmiş Mehrac Qurbanov bildirib ki, "Texnikabank”da 623 min 200 avro pulu batıb. Onu da Vüsal Ələkbərov həbs edəcəyi ilə hədələyərək 200 min dollarını aldığını deyib. 

Proses fevralın 2-də davam edəcək.
Oxşar xəbərlər