Ermənistanı revanşizmə hazırlayan radikal təşkilatlar var…

  • 02 iyun 2021, 16:17
Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində ikitirəlik yaranıb. Belə ki, bir qisim insan Qarabağ xülyasından əl çəkərək, qonşu ölkələrlə konstruktiv qonşuluq siyasəti yürüdülməsinin, sərhədlərin açılmasının tərəfdarı kimi çıxış edir. Amma cəmiyyətin digər qismi radikal millətçi ideologiyanın təsiri altında revanşist çağırışlar edir, yeni müharibə hazırlıqları barədə danışır.

Ayrı-ayrı marginal qruplardan ibarət həmin millətçi dairələr növbədənkənar parlament seçkisi öncəsi fəallıqlarını artırıblar.
 
Bu milliyətçi qruplaşmalar yenidən Qarabağ müharibəsinin olacağına əmindilər. Buna görə də regionda təhlükəsizliyi pozacaq addımlara əl atılır, Yerevanda, Zəngəzurda və Göyçədə hərbi təlimlər, atəş hazırlığı və s. keçirirlər.
Revanşist tendensiyalara daxildən və kənardan maliyyələşən və özlərinə hərbi-vətənpərvər təşkilatları adı verən qurumlar xüsusən ciddi dəstək verir. Həmin təşkilatlar yaxın müddətdə müharibəyə hazır olduqlarını bildirirlər.
 
Belə təşkilatlardan biri Ermənistanda muzdlulara təlim keçirilməsini təşkil edən “VOMA” hərbi təşkilatıdır. 
Təşkilatın rəhbəri Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı Vova Vartanovdur. Erməni faşisti Qaregin Njdeni özünə ideal seçən təşkilat yalnız ermənilərin üzv qəbul edildiyini bildirsə də, burada qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi hazırlanır. Təşkilat öz internet saytında dövlətdən maliyyələşmədiyini qeyd edir. Qruplaşma niyyətlərini gizlətmir və açıq şəkildə başqa ölkələrdə yaşayan ermənilərə səslənərək, təlimlərə qoşulmağa çağırır. Onların fikrincə, xaricdə yaşayan ermənilər də təşkilatlanmalı və müharibəyə hazır olmalıdır.
 
Təlimlərdə atəş hazırlığı, bıçaq atma, əlbəyaxa döyüş, tapança ilə fəaliyyət, qayaya dırmanma, tibb hazırlığı kimi kurslar təşkil edilir. Bununla birlikdə  iştirakçılara terror aktları törətmək, diversiya əməliyyatları da öyrədir.
 
Təşkilatın press-relizlərinin birində qeyd olunur:

“Qarşıdakı müharibədə daha az itki vermək üçün nə etməliyik? Dağlarda bunkerlər və mühəndis strukturları tikmək lazımdır”.
 
“VOMA”-nın “ASALA” terror təşkilatı ilə əlaqələri mövcuddur. Belə ki, keçən il “ASALA”nın əsas üzvlərindən biri, Fransada terror aktları həyata keçirən Vazgen Sisilyanın “VOMA”nın üzvlərinə təlimlər keçdiyi erməni mətbuatında yer almışdı.
 
Təşkilatın Ermənistan Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilməsiilə bağlı da məlumatlar var. Vətən müharibəsindən əvvəl işğal altında olan torpaqlarda təlimlərin keçirilməsi bunun sübutudur. Amma təşkilat dövlətdən asılı olmadığını qeyd edir. Bununla belə, "VOMA"nın büdcəsinin böyük bir hissəsi xarici diaspor da daxil olmaqla ayrı-ayrı şəxslərin “ianələri” hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün xüsusi bölmə var.
 
Təlimlərə qadınlarla bərabər məktəblilər də cəlb edilir. İştirak edən məktəbli gənclərə isə işğalçılıq təcrübəsi öyrədilir. Təlimlərdə iştirak edən məktəblilərdən biri Arman Mkrtçyan təlim haqında yazır: "“VOMA"nın düşərgəsində aldığım ən maraqlı dərs mövqelərin ələ keçirilməsi idi”.
 
İkinci Qarabağ müharibəsi zamanı da təşkilat aktiv fəaliyyət göstərirdi. Livan və Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları müharibə zamanı təşkilata cəlb edilmişdi.
 
Erməni gəncliyinin beynini yuyan daha bir radikal təşilat isə 29 mart 2021-ci ildə fəaliyyətə başlayan “POGA”dır.

Yeni yaranmasına baxmayaraq təşkilat media aktivliyi ilə seçilir. Təşkilat öz üzvləri sırasına  müxtəlif yaş qruplarına daxil olan vətəndaşları toplayır. Əsas diqqət isə gənclərə yönəldilib. Təlimlərdə kişilərlə yanaşı, qadınlar da iştirak edir. Bunu “POGA” rəhbərliyi belə izah edir:
“Niyə qadın ağırlıqqaldıran, həkim, hüquqşünas, siyasi xadim olar, ancaq qadın əsgər olmaz? Daha güclü olmağa borcluyuq. Buna görə də qızların da döyüş hazırlığını inkişaf etdirmək və qaldırmaq vacibdir. Təşkilat bütün bunları öz fəaliyyətinin vacib hissəsi hesab edir, buna görə də öz tələbələrinin sıralarını qızlarla da komplektləşdirir”.
 
Onlara hərbi texniki bacarıqlar və hərbi texnika ilə işləmək öyrədilir. Heyətə qatılanlar həmçinin, psixoloji dəstək alırlar. Qruplaşmanın əsas məqsədi antitürk və radikal milliyətçiliyin təbliğidir. Sosial media səhifələrində paylaşılan hər postlarında vətəndaşları müharibəyə səsləyirlər. 
Maraqlı məqam isə təlimlərin ödənişsiz olması ilə bağlıdır. Məlumdur ki, hərbi təlimlər üçün böyük bir büdcə ayrılır. Təlimlərin silah və başqa avadanlıqlarla təmin edilməsi, səfər xərcləri  və qidalanma üçün maliyyənin haradan gəlməsi sual doğurur.
 
Təlimlər əsasən paytaxtda təşkil olunsa da, digər yaxın ərazilərdə də keçirilir. Ümumilikdə, 300-ə yaxın şəxs təlimlərə qatılır.
 
Növbəti təlimin keçirilmə yeri ilə bağlı da paylaşım edilib.  Təlim “Dilijan” milli parkında keçiriləcək.

Belə gənclərin milli-radikal düşüncə ilə yetişdirilməsi gələcəkdə müharibəni  və bölgədə təhlükəni də qaçınılmaz edir. Ermənistanda vahid mərkəzdən idarə olunan bu kimi təşkilatlar növbəti müharibənin olacağına əmindilər və artıq həmin müharibəyə hazırlaşmağa başlayıblar. Amma Ermənistanda belə halların yaranması ilk növbədə Ermənistan üçün təhlükəlidir.  Müharibədən sonra vətəndaşların fikir ayrılığına qapılması, milliyətçi təfəkkürün öyrədilməsi gələcəkdə Ermənistan cəmiyyətində problemlərin yaranmasını və sonda vətəndaş müharibəsinin başlanmasını qaçılmaz edəcək./modern.az/
Oxşar xəbərlər