10 min nəfərlik ordumuz 100 tankla təlimlərə başlayır

  • 12 mart 2021, 20:41
Təlimlərin terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatları üzrə aparılması nədən xəbər verir?
Martın 15-dən Azərbaycan Ordusunda qoşun-qüvvə növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimlər keçiriləcək. Təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatlar üzrə tapşırıqları icra edəcək.
Ermənistanın hərbi-siyasi dairələri üçün Azərbaycan Müdafiə Nazirliyinin təlimlər barədə yaydığı bu məlumatı oxumaq və təlimlərin gedişini izləmək, bunlardan dərs çıxarmaq pis olmazdı.
Təlimlərin terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatları üzrə aparılması nədən xəbər verir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli bildirdi ki, müharibədən sonrakı dövr üçün bu cür hərbi təlimlərin keçirilməsi təbii və vacibdir: “Prezident dəfələrlə bəyan edib ki, müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu bəyanatın çox böyük siyasi və hərbi mənası var. İndi Azərbaycan Ordusunun terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatlar üzrə təlimlərə başlaması da bu baxımdan  təbiidir. Bəllidir ki, Azərbaycanın Qarabağ ərazisinin bəzi məntəqələrində-hansı ki, həmin məntəqələrdə ermənilər yaşayır-silahlı erməni terrorçuların, terror qruplarının gizləndiyi, 10 noyabr üçtərəfli bəyanatından sonrakı aylarda Ermənistandan həmin ərazilərə terrorçuların sızdığı barədə məlumatlar var. Hətta bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat həyata keçirməyə cəhd edən 62 nəfər terrorçu erməni ələ keçirilib. Müharibədən sonra bölgədə antiterror əməliyyatlarının, gizlənərək silahı hələ də yerə qoymayan silahlılara qarşı əməliyyatlar keçirilməsi normal haldır və vacibdir. Azərbaycan Ordusunun da yaxın günlərdə başlayacaq təlimləri bu baxımdan lazımlıdır və qalib ordunun təliminin yüksək səviyyədə həyata keçiriləcəyinə, peşəkarlığını bir qədər də artıracağına əminik. Ermənistandakı müəyyən revanşist dairələr, sülhə deyil, savaşa meylli qüvvələr, o cümlədən Qarabağdakı silahlı ermənilər Azərbaycan Ordusunun 10 min nəfərinin yaxın günlərdə keçirəcəyi antiterror əməliyyatlarına hazırlıq təlimlərindən nəticə çıxarsınlar. Bu hərbi təlimlər həm də bir xəbərdarlıqdır”. /“Yeni Müsavat”/
Oxşar xəbərlər