Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

  • 05 iyun 2018, 08:36

Politoloq Elçin Mirzəbəyli: "Peşəkar diplomatiyanın da, xalq diplomatiyasının da öz məqamı var”

2016-cı ildə Bakıda təsis olunan "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” müəyyən fasilədən sonra fəaliyyətini yenidən aktivləşdirib. Son günlər ermənilərin Azərbaycana səfərlərində də intensivlik müşahidə olunur.

Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasının köməyi ilə onun iştirakçısı, əslən bakılı Eduard Baqiryan paytaxtımıza gəlib. Qeyd edək ki, ötən ay da Platformanın dəstəyi ilə Azərbaycanda doğulmuş və hazırda Moskvada yaşayan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü Bagiryan Eduard Apkaroviç Bakıya gəlmişdi.

Azərbaycan tərəfi sülhməramlı mövqe nümayiş etdirərək, hətta torpaqları işğalda olduğu halda ermənilərin ölkəmizə gəlişinə şərait yaradır. Lakin beynəlxalq təşkilatlar Bakının önəm verdiyi bu layihəyə ciddi dəstək vermir, üstəlik, bu prosesdə maraqlı olmayan Ermənistana qarşı qınaq belə yoxdur. Hətta Azərbaycan və Ermənistan arasında daim bərabərlik işarəsi qoyurlar. Hansı ki, ən azı İrəvan da münasibətlərin normallaşması istiqamətində maraqlı olduğunu nümayiş etdirməkdən ötrü Ermənistandan didərgin düşən azərbaycanlılarla bağlı hansısa addım ata bilərdi. Xocalı qatili Serj Sərkisyanın Qarabağdakı cinayətlərinə, üstəlik də Ermənistanı fəlakətlərə düçar etdiyinə görə sülh tərəfdarı olmadığı bəlli idi. Amma onu devirib hakimiyyəti ələ keçirən Nikol Paşinyan da radikal mövqe ortaya qoydu. Üstəlik, Paşinyan Sərkisyandan da "irəli” gedərək Dağlıq Qarabağın danışıqlarda "tərəf” kimi çıxış etməsində israr edir. Görünən budur ki, İrəvan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Belə olan halda, Sülh Platformasının fəaliyyətinin nə vəd etdiyi gündəmin əsas suallarındandır.  

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir: "Peşəkar diplomatiyanın da, xalq diplomatiyasının da, informasiya savaşının da də öz yeri, öz məqamı var. Bunlardan hər hansı birinin ayrı-ayrılıqda Azərbaycan ərazilərinin işğalına son qoyacağını, Dağlıq Qarabağ probleminin ədalətli həllinə gətirib çıxaracağını gözləmək sadəlövhlük olar. Xalq diplomatiyası alternativ dialoq platformasıdır, problemin həlli üçün qərarların qəbul ediləcəyi masa deyil”.

E.Mirzəbəylinin fikrincə, beynəlxalq təşkilatların platformaya ciddi dəstək verməməsinin səbəbi prosesin Azərbaycanın liderliyi ilə həyata keçirilməsidir: "Bildiyiniz kimi, beynəlxalq təşkilatlar uzun illərdir ki, ”xalq diplomatiyası" adı altında ən müxtəlif tədbirlər həyata keçirməyə çalışıblar. Azərbaycan və Ermənistanın, eləcə də Dağlıq Qarabağda yaşayan ermənilərin təmsil olunduğu QHT-ləri, KİV-ləri müzakirələrə cəlb ediblər. Amma nəticə olmayıb. Çünki məqsəd münaqişənin ədalətli həlli deyil, casus şəbəkəsi, nüfuz müvəkkilləri formalaşdırmaqdan, təslimçilik toxumu səpməkdən və təbii ki, qrant kimi ayrılan külli miqdarda vəsaitləri mənimsəməkdən ibarət olub. Bu məsələnin beynəlxalq təşkilatların diqqətindən tamamilə kənarda qaldığını söyləmək də doğru olmazdı. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xalq diplomatiyasından istifadə olunması Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının əsas müddəalarından biridir".

Ermənistana gəldikdə, E.Mirzəbəyli bildirdi ki, işğalçı ölkənin Sülh Platformasına dəstək verəcəyi öncədən də gözlənilmirdi: "Əvvəla, Platformada iştirak edən ermənilər Sərkisyan rejiminə qarşı çıxış edirdilər. Doğrudur, hazırda Ermənistanda hakimiyyət dəyişib. Amma mövqeləri zəif olan və populist bəyanatlarla Dağlıq Qarabağ məsələsində ictimai rəyi öz xeyrinə dəyişməyə çalışan Nikol Paşinyanın nə Sülh Platformasına, nə də danışıqlar prosesinə münasibəti tam aydın deyil. O, Ermənistanda yeni seçkilər keçirilənədək prosesdən yayınmağa çalışır. Bu baxımdan Ermənistanda sabit hakimiyyət formalaşmayanadək rəsmi İrəvanın mövqeyi aydın olmayacaq. Hətta ola bilər ki, seçkilərin nəticəsindən asılı olaraq, bu mövqe hələ uzun müddət aydınlaşmasın. İndiki şəraitdə Ermənistan hakimiyyətinin ən çox ehtiyac duyduğu vaxtdır. Paşinyan vaxt udmaq, sabitliyə nail olmaq və bu yolla ölkəyə investisiya cəlb etmək istəyir. Bu səbəbdən də onun ən çox ehtiyac duyduğunu əlindən almaq lazımdır. Bunun üçün isə müxtəlif vasitələr var”.

QAT sədri Akif Nağı isə bu fikirdədir ki, "Sülh Platforması” deyilən prosesin yenidən fəallaşması Azərbaycan üçün yaxşı heç nə vəd etmir: "Bu, erməni mərkəzlərinin idarə etdiyi bir işdir. Fikir verdinizsə, eyni vaxtda müxtəlif yerlərdə azərbaycanlı diaspor rəhbərinin qızının erməniyə ərə getməsi, Moskvada "AZErros" təşkilatının sədrinin sərsəm açıqlamaları kimi hadisələr baş verdi. Deməli, hər şey eyni mərkəzdən idarə olunur. Məqsəd işğal faktını unutdurmaq, Azərbaycan cəmiyyətinə təslimçi sülh əhval-ruhiyyəsini yeritməkdir”. A.Nağı ermənilərin Bakıya gəlişinə qarşıdır: "Sonuncu gələn erməni emissarı Bagiryan da dedi ki, Bakıda düşmən, millətçi münasibət görmədi, əksinə, Ermənistanda ermənilər daha barışmaz mövqedədirlər. Bu, beynəlxalq təşkilatlara da bir mesajdır ki, azərbaycanlılar artıq reallıqla, işğalla barışıblar, ermənilər isə dediklərindən geri çəkilmək istəmirlər. Ona görə də ermənilərin mövqeyi ilə hesablaşmaq lazımdır. Beynəlxalq təşkilatlar da ermənilərin bu cür layihələrinə dəstək verir, səbirlə nəticəni gözləyirlər”.

Oxşar xəbərlər