Paşinyanın son halı: “Qapalı, yorğun və depressiv”

  • 27 fev 2021, 01:03

Ermənistanın baş nazirinin yaxşı tanıyan şəxs danışdı: “Onun çox çətin uşaqlığı olmuşdu, valideynləri boşanmışdı, anası xəstə idi...”

Ermənistanda siyasi böhran və gərginlik davam edir. Baş Qərargahın baş nazir Nikol Paşinyanı vəzifəsini tərk etməyə çağırdıqdan sonra ölkədə siyasi vəziyyət dalana dirənib. Amma maraqlıdır ki, erməni müxalifətinin “zəif və etimadı” itirmiş elan etdikləri Paşinyan isə hələ də duruş gətirir. Çoxları Paşinyanın niyə inadla kreslodan yapışdığı maraqlandırır. Nədir bunun sirri? Xarakteri, yoxsa siyasi ambisiyası? Rusiyanın mk.ru saytı Paşinyanı yaxından tanıyan bir nəfərlə anonimliyini qorumaq şərti ilə danışıb.
- Paşinyanla 2015-ci ildə tanış olduq. İlk vaxtlar mənə kompleksli, amma ümumiyyətlə, xoş bir insan təsiri bağışlayırdı. Ehtimal ki, həbsxana həyatı Nikolaya təsir etmişdi. Zəif səslə danışır, sözləri seçir, qısa addımlarla yeriyirdi. (Qeyd:Paşinyan 2011-ci ildə amnistiya ilə azadlığa buraxılıb). Çox ünsiyyətcil insan deyildi, heç vaxt da çox dostu olmamışdı. Maraqlı adam olmasına baxmayaraq, bir az qapalı idi. Onun çox çətin uşaqlığı olmuşdu. Qardaşları ondan çox böyük idi, valideynləri boşanmışdı, anası xəstə idi... Bəlkə də bu, qapalılıq yaşantıları ilə bağlıdır.

-Siyasi baxışları necə idi?
-İlk tanış olduğumuzda Paşinyanın iştirakı ilə yaradılan “Vətəndaş Razılaşması” hərəkatının siyasi fəaliyyətdə liderliyə can atmasına qarşı çıxırdı. O zaman Levon Ter-Petrosyana çox qəzəblənmişdi. 2008-ci ildə Paşinyan Ter-Petrosyanın onu varis edəcəyinə ümid edirdi, amma sonra Nikol həbsə düşdü və Levon başqa birini seçdi. Nəticədə, Paşinyan 2012-ci ildə Milli Konqresin seçki siyahısına çətinliklə düşə bildi.
- Bəs, nə vaxt onun liderliklə bağlı siyasi baxışları dəyişdi?
- Artıq 2016-cı ildə onun fikirlərindən narazı olanlara, tənqid edənlərə düşmən kimi davranmağa başladı. Ona "super lider olmaq lazım deyil" fikrini yada salındıqda, o, cavab verirdi ki, mübarizənin bu forması nəticə vermirsə, yeni siyasətin qəbahəti yoxdur. Sonra ətrafına sadiq tərəfdar toplamağa başladı və onu tərifləmək istəməyənləri “Vətəndaş Razılaşması” hərəkatından qovurdu. Amma Paşinyan baş nazir olanda demək olar ki, hamısı onun yanına qayıtdı.
- “Məxməri inqilab” zamanı ondan nələr dəyişdi?
- Ümumiyyətlə, heç nə... Bəlkə daha cəsarətli və qorxmaz olmuşdu. İnqilabdan sonra Paşinyan əvvəlkindən daha da qürurlu görünürdü. Çoxsaylı tərəfdarları onun başını gicəlləndirmişdi.
 
- İndi necə görünür?
- Yorğun və çox depressiv...Rəy sorğularına görə, Paşinyan hələ də Ermənistanda ən populyar siyasətçi olmasına baxmayaraq, bunu çətin ki, onun uğuru adlandırmaq olar. Problem 2018-ci ildə erməni xalqının sevinərək vidalaşdığı şəxslərdə və 20 ildən dən sonra yenidən siyasətə qayıtmağa qərar verən(Vazgen Manukyanı nəzərdə tutur-red) müxalifətdədir. Məsələn, “Vətənin Qurtuluşu” hərəkatının liderlərindən biri olan Vazgen Manukyan 26 fevralda ordunu “dodaqlarında hələ süd qurumamış müxbir olan” Paşinyana qarşı üsyan etməyə çağırdı. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan isə söz verdi ki, hakimiyyəti alar-almaz Bakının terrorçu və təxribatçı hesab etdiyi bütün hərbi əsirləri dərhal azad edəcəkdir. Vanetsyan deyir ki, Paşinyanın çox zəif fiqur olduğunu üçün şərtlərini İlham Əliyevə diktə edə bilməyəcək, amma özü mütləq buna müvəffəq olacaq. Eyni zamanda, polislər müxalifətin "südəmən" hesab etdiyi Paşinyana sadiqlik nümayiş etdirdilər. Bu arada, Ermənistan prezidenti Armen Sərkisyian Paşinyanın bir gün əvvəl hərbi çevriliş cəhdində günahlandırdığı Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalamağa tələsmir. Sərkisyan ölkədə hərbi vəziyyətin davam etdiyini vurğulayır. Onun fikrincə, bu şərtlərdə belə qərarlar məsləhətləşmədən verilə bilməz. /Musavat.com/
Oxşar xəbərlər