Xəbər lenti
Bütün xəbərlər

Paşinyanı “layk” edənlər kəskin azaldı - ermənilər liderindən üz çevirir

  • 19 may 2020, 10:53

Facebookda canlı yayım həvəskarı olan baş nazirin tənqidçiləri pik həddə çatıb, izləyiciləri minimuma enib; ermənilər vətəndaşlıqdan imtina edir; Paşinyan isə iki ildə “100 uğur”dan danışır - sarkazm, yoxsa...

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu özünün sevimli Facebook səhifəsində növbəti canlı yayımını edib. İki saat çəkən çıxış zamanı o, ictimaiyyətin suallarına cavab verib, özünün və hökumətinin “100 uğuru”ndan danışıb. Niyə məhz 100? Buna populist baş nazir aydınlıq gətirməyib. Yəqin sadəcə, çıxışına zahiri gözəllik vermək və kütlədə heyranlıq yaratmaq üçün belə edib.
Gerçək isə budur ki, erməni xalqı iki il öncə inqilab edib Sərkisyan rejimini devirəndən və Nikol Paşinyanı onun yerinə gətirəndən sonra əsla “ağ gün”ə çıxmayıb, güzəranı yaxşıya dəyişməyib. Ölkə və onun iqtisadiyyatı o vaxt hansı bataqlıqda idisə, indi də oradadır, hətta bir az da dərinə gedib. Koronavirus pandemiyası isə onsuz da fəlakətli olan vəziyyəti daha dözülməz həddə çatdırıb. Yeri gəlmişkən, Ermənistanda virusa yoluxanların sayı əhali nisbətində region ölkələri arasında ən yüksək olaraq qalır.
Paşinyanın inqilab öncəsi verdiyi cənnət vədlərinə də bu və digər səbəblərdən inananlar, demək olar, qalmayıb. Bunun daha bir sübutu kimi, baş naziri canlı yayımda izləyənlərin sayının çıxış başlayandan qısa müddət sonra minimuma düşməsini göstərmək olar.
Məsələ ondadır ki, Paşinyanın Facebook-da izləyiciləri 800 min nəfərdən çoxdur. Ancaq canlı yayım başlayanda ona 100 min nəfər qulaq assa da, cəmi yarım saat sonra efirdə 2400 izləyici qalıb. Erməni KİV-ləri xəbər verir ki, çıxışın sonuna bu rəqəm də dəfələrlə azalıb. Sona qalan izləyicilərin əksəriyyəti isə onu tənqid edənlərdən ibarət olub.
Nikol Paşinyan üçün Facebook-un hansı müqəddəs dəyərdə olduğu nəzərə alınarsa, “layk” iflası əlamətdar olay sayıla bilər. Bu xüsusda izləyicilərdən birinin canlı yayım zamanı yazdığı status ümumləşdirici olmaqla yanaşı, ibrətamiz hesab olunmalıdır - ilk növbədə də Paşinyan və komandası üçün. Status belədir: “Söndür” düyməsi haradadır? Kim bu etibarsız yoldaşa deyə bilər ki, ona cəmi min nəfər adam baxır, onların da əksəriyyəti “feyk”dir (saxta-red.) və məqsədləri də neqativ şərh yazanları lənətləməkdir".
Sadə ermənilərin Paşinyana, onun söylədiklərinə marağının bunca kəskin düşməsi məntiqlidir. Əsas səbəbi dedik. Vəd və söz verməyə, bir anlığı kütlənin sevimlisinə çevrilməyə nə var ki? Liderin, xüsusən də populist rəhbərin faciəsi onda başlayır ki, ona ayrılan etimad limiti bitir, amma ortada öyünüləsi, iqtisadi-sosial xarakterli bircə uğur, nailiyyət olmur. Paşinyan isə “100 uğur”dan danışır.
“Xalq baş naziri” hansı uğurdan, irəliləyişdən dəm vurur ki, Ermənistanın rəsmi statistikasına görə, bu ilin birinci rübündə ölkədən emiqrasiya edənlərin, o sırada Ermənistan pasportunu Rusiya pasportuna dəyişənlərin sayı artıb. “Yeni Müsavat”In erməni mediasına istinadən verdiyi məlumata görə, əgər 2019-cu ilin yanvar-martı aylarında belə adamların sayı 5400 olubsa, bu ilin həmin dövründə vətəndaşlıqdan imtina edənlər 6 min nəfər təşkil edib.
Beləcə, ilin birinci kvartalında erməni vətəndaşlığından Rusiya vətəndaşlığına keçmə tempi 11.1% artıb ki, bu da Paşinyan hökumətinin əhalinin həyat keyfiyyətinin yaxşılaşdığı barədə bəyanatlarına rəğmən, ölkədə ağır iqtisadi-sosial vəziyyətin davam etdiyini göstərir.
2020-ci ilin ikinci rübündə Rusiya vətəndaşlığına keçənlərin sayı yəqin ki, azalacaq. Ancaq bu, heç də Ermənistanda həyat səviyyəsinin artması ilə deyil, pandemiya səbəbilə sərhədlərin bağlanması, Rusiyaya girişin məhdudlaşdırılması ilə bağlı olacaq. Yəni pandemiyadan sonra Rusiya vətəndaşlığı almaq bəlli səbəblərdən çətinləşib.
Nikol Pashinyan Will Answer People's Questions Live On April 6
Karantin aradan qalxandan sonra Rusiya pasportu almaq istəyənlərin sayında kəskin artım gözlənilir. Həm də o səbəbə ki, Nikol Paşinyan və hökumətinin ələlxüsus da pandemiyadan sonra hansısa iqtisadi möcüzə yarada bilməycəyi indidən heç kimdə şübhə yaratmır. Yəni bütün hallarda, Rusiyada həyat üçün şərtlər yenə daha cəlbedici olacaq, nəinki Ermənistan hökumətinin əhaliyə təklif elədiyi mifik “sosial təminat paketi”.
Statistika üçün onu da qeyd edək ki, 2006-cı ilin başlanğıcından indiyədək Ermənistanın 100 min sakini Rusiya vətəndaşlığı alıb. Xarakterikdir ki, rekord göstərici “məxməri inqilab”ın baş verdiyi və Nikol Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ilə təsadüf edir  - 27.1 min nəfər. Keçən il bu rəqəm 24 minə düşüb, lakin cari ilin əvvəlindən təzədən artmağa başlayıb ki, bu da artıq yeni hakimiyyətə inam-etimadın kritik həddə azalması ilə birbaşa əlaqəlidir.
Paralel surətdə Paşinyanın reytinqi minimuma enib. Yəni əgər bu gün Ermənistanda baş nazir və ya prezident seçkisi keçirilsə, onun qalib gəlmə şansı 50%-dən qat-qat aşağıdır. Başqa sözlə desək, Nikol Paşiynan yenidən Ermənistanın rəhbəri olmaq şansını bəribaşdan itirib.
Doğrudur, baş naziri parlament seçir, parlamentdə isə onun tərəfdarları üstünlük təşkil edir. Lakin parlament çoxluğu ictimai rəyi ciddiyə almaya bilməz. Yada salaq: Paşinyanın özü ilk dəfə köhnə parlamentdə baş nazir seçiləndə orada Serj Sərkisyan tərəfdarları üstünlükdə idilər. O zaman onlar xalqın istəyi və iradəsi əleyhinə gedə bilməmişdilər. Tarix təzədən təkrarlana bilər. Xüsusən də ondan ibrət götürməyənlər üçün...           
Analitik xidmət,
“Yeni Müsavat”
Oxşar xəbərlər