Acı şərh: "Hazırki durumda Qarabağ adı altında nə müharibəyə, nə də ki, sülhə real şərait yoxdur.."

  • 23 sen 2020, 18:01
Siyasi şərhçi: "Hazırki durumda Qarabağ adı altında nə müharibəyə, nə də ki, sülhə real şərait yoxdur, çünki"...
"Demokratik.Az"-ın növbəti suallarını və Dağlıq Qarabağ ətrafında cərəyan edən müharibə əhvalını dəyərləndirən gənc siyasi şərhçi Elman Vəliyev bunları bildirib:
ŞƏKİLDƏKİ: ELMAN VƏLİYEV

"Ötən açıqlamalarımda da bildirmişdim ki, Azərbaycan - Türkiyə arasında hərbi əməkdaşlıq nə qədər doğma və qaçılmaz xarakter daşısa da, iki dövlətin hərbi birləşmələrinin Qarabağ uğrunda böyük bir savaşa atılması elə də sadə məsələ deyil. Buna dair bəyanatlar verməyimizin özü də həm qardaş ölkəyə, eləcə də bizə qarşı beynəlxalq erməni gücünü səfərbər edir. Xatırlayırsınızsa, bir müddət öncə Misir, Fransa və Yunanistanın Türkiyə ilə münasibətlərinin pis olmasından istifadə edən Ermənistan nümayəndələri bu dövlətlərə səfər edərək bir ittifaq şəklində Türkiyəyə qarşı mübarizə aparmaq məsələsini danışmışdılar. Həmin dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələr mövcud olsa da, bu cür çağırışları önləmək üçün gecə-gündüz işləməliyik. Ermənstan tərəfi həmişə olduğu kimi, bugün də zəif nöqtəmizi gözləyir ki, ondan məharətlə istifadə edə... 
Hazırda Türkiyənin münasibətlərinin kəskin olduğu bir neçə Avropa və şərq ölkələri ilə də münasibətləri barışdırıcı balansda saxlamalıyıq. İndiki çətin və tarixi məqamda Türkiyə bizim yanımızdadırsa, bütün dünya ilə əlaqələrimizi kəskinləşdirmədən öz ərazi bütövlüyümüzün təminatına çalışmalıyıq. Diplomatik fəaliyyətlər və uğurlar hal-hazırda ən önəmli siyasətdir.
Həmçinin, önəmli olaydır ki, Rusiyanın PKK nümayəndələrinin Moskvaya dəvət edilməsindən bir neçə gün sonra bu terror qruplaşması İran vasitəsi ilə Qarabağa gəlib hərbi təlim keçdilər. Ermənistanın terrorla əlbir olduğu çox yaxşı məlumdur. PKK üzvlərini Qarabağa gətirməklə də dünyaya bir mesaj vermək niyyətindəydilər. Lakin “təkşkilatcıqlar” güya bundan bixəbərdir. Bundan əlavə, həm BMT-nin 75-ci ildönümü, həm də “Beynəlxalq Sülh Günü” dövründə Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını bildirib. Əlbəttə ki, bu da uğursuz diplomatik oyun oldu. Yəni mediya qarşısında sülh danışıqları aparmaq Paşinyanların dilindən deyilsə də, pərdəarxası fərqli və məkrli mənzərəyə şahid oluruq.
Rusiya Prezidentinin həmkarı İlham Əliyevlə telefen danışıqlarında da münaqişənin siyasi sülh formatında həll edilməsi müzakirə edilib. Həmçinin ABŞ-ın XİN rəsmisi Pompeo da münaqişənin siyasi baxımdan həll edilməsini istədiklərini vurğulayıb. ABŞ və Rusiya Həmsədr ölkələrdir və münaqişənin siyasi yönümdən həll edilməsini bildirmələri indi bizim cəmiyyətin gözlədiyi müharibənin önünə dərin sədd çəkir.
Qarabağ münaqişəsi təkcə Azərbaycan-Ermənistan tərfi arasında deyil, həmçinin bölgədə maraqları olan və toqquşan ABŞ və Rusiya arasında da soyuq savaş situasiyasında da davam edirmiş kimi görünür.

Rusiya Xarici işlər Naziri Lavrovun dəfələrlə 5 rayonun qaytarılması və bölgəyə “sülhməramlı” qüvvələrin yerləşdirilməsi təklifini irəli sürməsi şimal qonşumuzun əsl istəklərinin nə olduğunu diqtə edir. Burada sülhməramlı qüvvələr dedikdə isə yalnız Rusiya hərbi qüvvələri nəzərdə tutulur. Əlbəttə ki, bu qəbuledilməz bir təklifdir. Bölgəyə rus qüvvəsi yerləşdirilərsə, 30 illik süverenliyimizin mənası itər və rusiyanın siyasi baxımdan təsir dairəsinə düşmək ehtimalımız danılmaz olar!
İşğal altında olan torpaqlarımız olduqca münbit sərvətlərə malik ərazilərdir. Rusiyanın bu sərvətlərə göz dikməsi tarixən göz önündədir! Yəni Rusiya münaqişəni öz xeyrinə işləyən sümürgəçilik formatında həll etməyi arzu edir.
Həmçinin onu da qeyd edim ki, Ermənistan tərəfinin işğalçı olduğunu indi bütün dünya yaxşı bilir. Düşmən tərəfinin sülhü necə ayaqladığını da, lakin, BMT-nin 75-ci ildönümündə nə müharibəyə, nə də ki sülhə real şərait yoxdur!
Amma, hər an sadalanan məntiqə sığışmayan hər şey baş verə bilər, elə Azərbaycan tərəfi də müharibə yoluna əl atmağa məcbur qala bilər. 37 illik "donmuş münaqişə" bizə başqa yol buraxmasa da, dünya düzəni hələ ki, erməni təcavüzünün xeyrinə, Qarabağımızı və ətraf rayonlarımızı de-fakto işğalda saxlamağa işləyir..."
"Demokratik.Az"
Oxşar xəbərlər