SKANDAL! Həmsədrlər Dağlıq Qarabağa səfər ediblər

  • 29 may 2020, 16:22
ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altındakı Dağlıq Qarabağa səfər ediblər.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb, qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.
Qeyd edək ki, həmsədrlər bundan əvvəl Ermənistanda Baş Nazir Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Vasitəçilər regiona səfər çərçivəsində Bakıya da gələcəklər.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Bu səfərdən və görüşdən bəlli olur ki, ATƏT Azərbaycanın ərazi bütövlüyünün təminatına yox, bu yolla legitimliyini tanıdığını mesaj edən qondarma DQR-i dəstəkləməyə səylər göstərir. 
Oxşar xəbərlər