Vasitəçilər cəbhə xəttini yoxlayacaq

  • 30 okt 2018, 13:10

Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bölgəyə səfəri başlayıb. Novator.az-ın məlumatına görə, vasitəçilər oktyabrın 29-u Yerevanda Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bir araya gəliblər. Görüşdə münaqişə bölgəsindəki vəziyyət, sülh danışıqlarının perspektivləri müzakirə olunub. Nikol Paşinyan vasitəçilərə Azərbaycan prezidenti İlham Əliyevlə Düşənbədə əldə etdiyi razılaşma barədə bilgi verib.

Sentyabrın 28-i Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında söhbət olub. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində, eləcə də sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Nikol Paşinyan oktyabrın 24-ü parlamentdə çıxış edərkən deyib ki, faktiki olaraq hər gün İlham Əliyevlə əlaqə saxlayıb Ermənistan-Azərbaycan sərhədində, təmas xəttində insidentlərin aradan qaldırılması məsələsini müzakirə edir.

Oktyabrın 29-u həmsədrlərlə görüşündə Nikol Paşinyan Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmaya əməl olunmasının qarşılıqlı etimad və sülh imkanları yaratmaq baxımından vacib olduğunu vurğulayıb.

Oktyabrın 30-da Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ağdam rayonu istiqamətində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Oktyabrın 31-nə təyin olunmuş monitorinqə Anjey Kasprşik, İqor Popov, Stefan Viskonti və Endrü Skoferin də qatılacaqları bildirilir.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir. Münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.

Oxşar xəbərlər