“Prezidentin çıxışı seçkilərlə bağlı mühüm siqnaldır”- ekspert

  • 14 fev 2020, 09:07

Dövlət başçısı növbəti dəfə seçkilərdən danışdı

Prezident İlham Əliyev 9 fevralda keçirilən parlament seçkilərinə ikinci dəfə münasibət bildirib.

İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib ki, pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur: "Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır.

Parlament seçkiləri bir daha göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə bizə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meylləri qəbul etməyə məcbur olublar. Və pozuntulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir?

Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə hər kəs sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəmki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib ki, hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur: "Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Azərbaycan prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq.

Eyni zamanda ümid edirəm ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə modern.az-a deyib ki, ölkə başçısının çıxışı seçkilərlə bağlı mühüm siqnaldır: "Prezident seçkilərə mühüm qiymət verdi və seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirdi. Eyni zamanda dedi ki, MSK seçki prosesindəki pozuntularla bağlı ciddi araşdırmalar aparır. Pozuntulara yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.

MSK bu şikayətləri ciddi araşdırmalı, nəticələri Konstitusiya Məhkəməsinə göndərməlidir. Əgər seçki prosesində hər hansı dairə üzrə qanun pozuntularının həcmi nəticələrin ləğv olunmasını tələb edəcəksə, qanuna müvafiq olaraq da nəticələr ləğv ediləcək. Seçki Məcəlləsinin tələblərinə görə, dairə üzrə məntəqələrin dörddə birinin nəticələri ləğv olunursa və bu da seçicilərin 25 faizindən azını təşkil etmirsə, nəticələr ləğv olunur.

Bütün hallarda cənab Prezidentin göstərişi ciddi surətdə araşdırılmalı və tətbiq edilməlidir".

Oxşar xəbərlər