Xəbər lenti
Bütün xəbərlər

“Rəy seçkilərdən öncə başqa yerlərdə yazılır” Rəsmi

  • 12 fev 2020, 08:56

Prezident bəzi beynəlxalq müşahidə missiyalarının qərəzli hesabatından    danışdı; ATƏT-in və AŞ PA-nın müşahidə missiyasının rəyinə etiraz edildi

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri barədə də danışıb. Prezident İlham Əliyev bildirib ki, doğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi.

Prezident qeyd edib ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq: "Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər.

İndi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meylli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi-bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq.

Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var".

Prezident İlham Əliyev bir neçə beynəlxalq müşahidə missiyalarının rəyinə münasibət bildirib: "O ki qaldı bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik”.

Prezident qeyd edib ki, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı: "Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”.

Qeyd edək ki, seçkiləri 900-ə yaxın xarici müşahidəçi izləyib. Onlardan yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və AŞ PA-nın müşahidə missiyasının ilkin bəyanatında seçkilərə mənfi yüklü qiymət ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi də sözügedən missiyaların bəyanatına münasibət bildirib.

XİN-in yaydığı açıqlamada deyilir: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) 9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanatı ilə tanış olduq. Azərbaycan hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-in tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə  Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk.

BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcəkdir.

Bir daha bəyan edirik ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır".

Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bəzi beynəlxalq müşahidə missiyalarının verdiyi mənfi rəyə tutarlı münasibət ifadə edib: "Mən hesab edirəm ki, ATƏT DHTİB və AŞ PA-nın uzunmüddətli müşahidə missiyasının Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı mənfi rəy açıqlaması əvvəldən hazırlanmış plandır.  ATƏT DHTİB və AŞ PA-nın uzunmüddətli müşahidə missiyası seçkinin nəticəsi barədə danışarkən fakt ortaya qoymur. Azərbaycan ildən-ilə seçki prosesini təkmilləşdirir, seçkidə daha çox namizədin iştirakı və onların təbliğatı üçün şərait yaradır. Bununla yanaşı, ölkəmizdə 1000-dən çox məntəqədə veb-kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə nəinki Azərbaycanda, dünyanın istənilən nöqtəsindən ölkəmizdə gedən seçki prosesini izləmək mümkündür. Amma bütün bunlara baxmayaraq, ATƏT-in seçkiyə mənfi rəy verməsi qərəzlidir. ATƏT əvvəlki seçkilərdə də bir qayda olaraq, Azərbaycana mənfi qiymət verib. Təəssüf edirəm ki, Azərbaycanın seçki ilə bağlı özünün təcrübəsini artırmasına, proseslərin demokratikləşməsinə baxmayaraq, xaricdən müəyyən dairələr Azərbaycanla bağlı həmişə mənfi rəy verməyə meyillidirlər. Ümumilikdə seçkidə hər hansı qanun pozuntusunun baş verməsindən söhbət gedə bilməz”.

"Yeni Müsavat”

Oxşar xəbərlər