Xəbər lenti
Bütün xəbərlər

Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər

  • 10 dek 2018, 14:37

Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Keçirilməyinə keçirildi, amma bu seçkiləri baş tutmuş hesab etmək olarmı? Təbii ki, yox.

Bu seçkilər nəinki Qafqaz, MDB, bütün dünya tarixində ən biabırçı seçkilər siyahısına əminliklə başçılıq edə bilər. Bunu digər ölkələrin mətbuatı deyil, Ermənistanın öz rəsmi dairələri etiraf edir.

Bəli, məhz biabırçı. Birincisi ondan başlayaq ki, seçicilərin heç 50 səsverməyə qatılmadı – seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan bildirib. Hətta əhalinin daha çox məskunlaşdığı paytaxt Yerevanda seçici passivliyi qeydə alınıb.

Mukuçan onu da etiraf etməyə məcbur olub ki, ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb: "Səsvermə hüququ olan 2 592 481 seçicidən yalnız 1 260 840 nəfər seçkidə iştirak edib".

Əslində seçicilərin iştirakı ilə bağlı rəqəmlər şişirdilib. Bütün ölkə üzrə səsvermə prosesində qeydə alınan pozuntular, saxtakarlıq, istifadə olunmamış bülletenlərin ləğv edilməməsi, bölgələrdə seçicilərə təzyiq, başqasının yerinə səs vermək və s. qanunsuz hərəkətlər onu deməyə əsas verir ki, əhalinin heç 40 faizi seçkilərə gəlməyib. Hələ təşviqat kampaniyası zamanı hakimiyyət qüvvələri tərəfindən təhdidlərin səsləndirilməsi və zorakılıq hallarını da nəzərə almalıyıq.

Rəsmi qurumlar seçkilərdə 200-ə yaxın qayda pozuntusunun olduğunu təsdiq edir. Təbii ki, əslində daha çoxu qeydə alınıb. Hələ seçkilərin gedişində Ermənistanın Baş prokurorluğu səsvermə zamanı 65 pozuntu ilə bağlı məlumata baxıldığını, onlardan 32-nin cinayət tərkibli olduğunu bildirib.

Əslində ermənisayaq "demokratiya" şəraitində keçirilən seçkilərdən bundan artığını gözləməyə dəyməzdi. Küçə hərəkatı, boş vədləri ilə xalqın inamından sui-istifadə nəticəsində rəhbərliyə gələn Paşinyanın hakimiyyətini möhkəmləndirməsi üçün təşkilinə böyük səylə çalışdığı parlament seçkilərinin elə bu cür keçiriləcəyi gözlənilən idi.

Görünən budur ki, Sarkisyan rejimindən təngə gələrək Paşinyana küçə hərəkatında dəstək verən Ermənistan xalqının aradan cəmi 7 ay keçəndən sonra Paşinyana da inamı itib. Hər halda bunu ötən gün keçirilən seçkilər göstərdi. Belə ki, seçicilərin yarıdan çoxu səs vermədi, səs verənlərin də şişirdilmiş rəqəmlər, müdaxilələr sayəsində guya 70 faizi "Mənim addımım" blokuna "hə" dedi. Yəni ümumilikdə bütün seçicilərin ən yaxşı halda 35 faizi Paşinyanı və tərəfdarlarını dəstəklədi.

Əgər beynəlxalq təşkilatlar Ermənistandakı seçkiləri demokratik adlandıracaqsa, onda indiyədək digər ölkələrdə keçirilmiş azad, ədalətli, şəffaf seçkilərə yeni ad tapmaq lazımdır...

Seçkilərdən sonra ölkənin daxili və xarici siyasətində böhranın heç də azalmayacağını iddia etmək olar. Əksinə, 7 ayda xalqın böyük əksəriyyətinin etimadını itirmiş Paşinyana inam növbəti 7 ayda daha da azalacaq, çünki onun verdiyi vədləri yerinə yetirməsi qeyri-mümkündür. Paşinyan vədlərinə sahib çıxmaq istəsə belə, mövcud şərait buna imkan verməyəcək. Bütün resursları tükənmiş Ermənistanın Paşinyanın yanlış xarici siyasəti nəticəsində hətta əsas himayədarlarından biri olan Rusiya ilə də münasibətləri soyuyub. Qərbdə isə əsasən erməni lobbisinə bel bağlamış hakimiyyətə verilən "mükafat"ı ən yaxşı halda dilənçi payı hesab etmək olar.

Azərbaycanın yürütdüyü siyasət nəticəsində bütün beynəlxalq iri enerji və nəqliyyat layihələrindən kənarda qalan Ermənistanın yeni rəhbərliyi bu faktı nəzərə alaraq bu vaxtadək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdükləri yanlış siyasət nəticəsində ölkənin və xalqın nə qədər ziyana uğradığını, geri düşdüyünü anlayıb bundan sonra xarici siyasətinə əl gəzdirməlidir.

Oxşar xəbərlər