Müxalifət 2018-ci il prezident seçkilərində iştirak edəcəkmi?

  • 08 iyun 2017, 08:23

İqbal Ağazadə: "Yekun qərarımız qurultayda elan olunacaq”; Sərdar Cəlaloğlu: "Formal olaraq biz də seçkilərə hazırlaşırıq”


2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hazırda ölkə müxalifətinin passiv durumunu nəzərə alaraq, demokratik düşərgənin seçkilərdə iştirak edib-etməyəcəyi, seçkilərə qədər passivliyini atıb-atmayacağı suallar doğurur. İndiki situasiyadan çıxış etsək, müxalifətin qarşıdan gələn seçkilərlə bağlı ciddi bir hazırlıqlarının getmədiyi müşahidə olunur. Bəzi siyasi qurumların boykot qərarı üzərində düşündükləri barədə fikirlər gəzir. Bu sırada daha çox Milli Şuranın adı çəkilir.


Digər müxalif qurumların daxilində isə seçkilərdə iştirak edib-etməməklə bağlı müzakirələr aparılır. İndiki vəziyyətdə hələ heç bir siyasi qurum seçkilərdə iştirakla bağlı konkret qərar verməyib. Yalnız Müsavat Partiyasının seçkilərdə iştirak edərsə, namizədi bəllidir. Bu da hələ 2014-cü ildəki qurultayla partiyanın prezident seçkilərində namizədi elan olunan Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbərdir.


Son prezident seçkilərində Ümid Partiyasının sədri kimi namizədliyi qeydə alınan İqbal Ağazadə hazırda qurum daxilində bu istiqamətdə müzakirələrin aparıldığını bildirdi: "Gələn il qurultayımız olacaq və orada seçkilərdə iştirakla bağlı müzakirələr aparılacaq. Yekun qərarımız da o qurultayda elan olunacaq. Bu nə mənim, nə Ali Məclisin, nə də Rəyasət Heyətinin verdiyi qərar deyil, qurultayın qərarıdır. Hələ vaxtımız var, müzakirələr gedir. İnşallah, bundan sonra qərarımızı verəcəyik. Siyasətin bütün dönəmlərində çalışırıq ki, cəmiyyət, partiyamız üçün qazanclar əldə edək və onunla yola çıxaq. Seçkilərə kimi qalan 16 ayda nələrin olacağını, situasiyanın dəyişib-dəyişməyəcəyini deyə bilmərəm”.


2013-cü ilin seçkilərində iştirak edən daha bir namizəd ADP sədri Sərdar Cəlaloğlu da yekun qərarı qəbul etmədiklərini söylədi: "Seçkilərin əhəmiyyətinə cəmiyyət və hakimiyyət tərəfindən idman yarışları ilə müqayisədə daha az diqqət ayrılır. Məsələn, bir idman yarışı təşkil olunur, buna bir il öncədən hazırlaşırlar, təbliğatını aparırlar. Amma seçki kimi ümummilli əhəmiyyətə malik olan, cəmiyyət, vətəndaş üçün həyati önəm daşıyan məsələyə nə diqqət, nə də vəsait ayrılır. Vətəndaşlar da idman oyunları və seçkilər arasındakı fərqi görə bilmirlər. Bu isə onu göstərir ki, Azərbaycanda insanların seçkilərə münasibəti tamam əksdir. Belə vəziyyətdə seçkilərə hazırlaşırıq, nəsə edəcəyik deməyimiz, sadəcə, gülüş yaradır. Çünki tələb və təklif qanuna uyğundur. Cəmiyyət əgər idman oyunlarının keçirilməsinə, əyləncələrə istiqamətlənibsə, biz nə qədər qışqırsaq ki, Qarabağ əldən gedir, seçkilərə hazırlaşaq, idman yarışlarından daha çox bizim seçkilər əhəmiyyətlidir, bunun heç bir faydası olmayacaq. Çünki insanların beyinlərində seçkilərdən daha çox idman yarışları öndədir. Bütün bunlara baxmayaraq, təbii ki, biz də seçkilərə hazırlaşırıq. Adi vətəndaşlar kimi düşünmürük. Amma bizim nə cür düşünməyimizdən, hazırlaşmağımızdan asılı olmayaraq, temp çox aşağıdır. Biri var ki, cəmiyyət sənin kimi düşünsün, bundan ruhlanıb atdığımız addım proseslərə daha çox dəstək versin, biri də var ki, sənin atdığın addım heç bir gücü təmərküzləşdirməsin. Bu baxımdan, seçkilərlə bağlı uzağa gedən hazırlıqlar, taktiki gedişləri müəyyənləşdirmək formal xarakter daşıyır. Bu bütün müxalif qüvvələrə, eyni zamanda, Azərbaycan iqtidarının seçki siyasətinə aiddir. Yəni formal olaraq biz də seçkilərə hazırlaşırıq, cəmiyyət və dünya da həmçinin”.


Prezidentliyə sabiq namizəd seçkilərə qədər proseslərin dəyişə biləcəyini də istisna etmir: "Təcrübə təkcə zərurətə deyil, təsadüflərə də tabe olur. Təsadüf bir proqnozun pozulmasına səbəb olan kənar təsir deməkdir. Dünya tarixində belə hadisələr çox olub. Çox nəhəng planlar, ideyalar, hakimiyyət dəyişiklikləri təsadüflərlə aradan çıxıb. Öz tariximizdə Səttarxan ölən ərəfələrdə belə danışılmışdı ki, əgər o ölsə dağa çıxıb od yandırsınlar, bütün Azərbaycan ayağa qalxsın. Bağırxan o dağa qalxanda bir kürdün daxmasında gizlənir, xurcununda fişənglər olub. Kürd elə bilir ki, bunlar qızıldır, Bağırxan aradan çıxarmaq istəyir. Onun və yoldaşının başını kəsirlər. Bununla da Səttarxan öləndən sonra Azərbaycanın ayağa qalxması planı aradan çıxıb. Halbuki bütün Azərbaycan hazırlaşmışdı ki, Səttarxana bir şey olarsa, bütün xalq qalxacaq, nəticədə müstəqillik əldə olunacaq. Bir kürdün yanlışlığı, tamahı ucbatından Azərbaycanın cənubunun müstəqil olmasının qarşısını alıb. Bu baxımdan, gərək indiki proseslərin əksi baş versin ki, müsbət nəticələri də olsun. Heç kim deyə bilməz ki, seçkilərə qədər qalan müddətdə bütün proseslər indiki kimi cərəyan edəcək. Əks proseslər baş verərsə, təbii ki, bizim də planlarımız, taktikalarımız dəyişəcək. Yaranan situasiyaya uyğun radikal taktiki və strateji plan hazırlayacağıq. Amma bugünkü vəziyyətdən çıxış edərək deyə bilərik ki, bu cəmiyyətlə, hakimiyyətlə, dünyanın ölkəmizə qarşı münasibəti ilə, Rusiya və İranın siyasəti ilə demokratik seçkidən danışa bilmərik”.


Cavanşir ABBASLI

Oxşar xəbərlər