Ter-Petrosyan “Qarabağda sülh” şüarı ilə seçkilərə qatıldı

  • 07 fev 2017, 13:19
Ermənistanda müxalif "Erməni Milli Konqresi” partiyası indiyədək onunla müttəfiq olan Xalq Partiyası ilə birlikdə aprelin 2-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyi qərara alıb.

Virtualaz.org "Azadlıq” radiosunun erməni xidmətinə istinadla bildirir ki, iki partiyanın yaratdığı seçki blokunun namizədlər siyahısına eks-prezident Levon Ter-Petrosyan başçılıq edir. Siyahıda ikinci yerdə Xalq Partiyasının lideri Stepan Dəmirçiyandır.

"Erməni Milli Konqresi” partiyasının sədri Levon Zurabyan blokun niyə cəmi bir partiya ilə formalaşdırıldığı haqda danışarkən eyib ki, onlar üçün başqa siyasi qüvvələrlə birləşmək süni və birinci dərəcəli məsələ deyil. "Bizim üçün vacib olanı proqramdır, xalqa nə deyəcəyimizdir”-o bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Levon Ter-Petrosyan "Erməni Milli Konqresi”nin qurultayında Qarabağda sülhə, kompromislərə və barışığa çağıran geniş nitqlə çıxış edib, hakimiyyətin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətinin Ermənistanı və Qarabağ ermənilərini fəlakətə sürüklədiyini bildirib. Ter-Petrosyan elan edib ki, onlar parlament seçkilərinə Qarabağda sülh, barışıq və mehriban qonşuluq devizi ilə gedəcəklər, habelə bu devizləri dəstəkləyən digər siyasi qüvvələrlə blok yaramağa hazırdırlar.

İndi "Erməni Milli Konqresi”nin cəmi bir partiya ilə blok yarada bilməsi Ter-Petrosyanın Qarabağda sülhə çağıran mövqeyi ilə bağlı ola bilərmi? Belə çıxırmı ki, Ermənistanın digər müxalif siyasi qüvvələri bu çağırışları dəstəkləmirlər və Ter-Petrosyanın partiyasından uzaq durmağı qərara alıblar?


Levon Zurabyan deyir ki, səbəb bununla bağlı deyil. Onun sözlərinə görə, iki ay qabaq "Erməni Milli Konqresi”inə bəzi siyasi qüvvələr müraciət edərək blok yaratmaq istəyiblər. "Biz razılaşmışıq, danışıqlara başlamağa hazır olduğumuzu bildirmişik, ancaq bu danışıqlar başlamayıb. Çünki qalan siyasi qüvvələr sürətlə hansısa bloklar formalaşdırıblar”-Zurabyan deyib. Onun sözlərinə görə, "Erməni Milli Konqresi” 7-9 müxalif qüvvədən ibarət iri blok yaratmaq üçün danışıqlara başlamağı təklif etmişdi, ancaq digər siyasi qüvvələr kiçik bloklarda birləşməyə üstünlük verdilər.

Levon Zurabyan deyir ki, bu seçkilərdə onların blokunun özü yox, ilk növbədə ideologiyası rəqabətədavamlı olacaq. Çünki bu ideologiya qalan siyasi qüvvələrin heç birində mövcud deyil. "Biz Ermənistan ətrafında, Dağlıq Qarabağ məsələsi ətrafında nələrin baş verdiyini analiz edirik, görürük ki, bu məsələdə nəhayət xalqa həqiqəti deməliyik. Biz bu həqiqəti özümüzün seçkiqabağı proqramımızın əsası kimi xalqa çatdıracağıq”-Zurabyan bildirib.

Oxşar xəbərlər