Xəbər lenti
Bütün xəbərlər

Müxalifət yeni birlik həvəsində

  • 11 noy 2016, 08:51

Sərdar Cəlaloğlu: "Müxalifətdə kimlər növbəti prezident, parlament seçkilərində iştirak etmək istəyirsə, indidən birliklər yaratmalıdır”; Əli Əliyev: "Yetişən siyasi şərait müxalifətin təşkilatlanmasını zəruri edəcək” 

 

Azərbaycanda müxalifət düşərgəsində adətən parlament və prezident seçkiləri öncəsi bloklar, birliklər yaradılır. Hazırda isə müxalifət partiyaları arasında pərakəndəlik hökm sürür. Nə bu il, nə də gələn il seçkilərin nəzərdə tutulmaması müxalifət partiyalarının ən azı qarşıdakı bir ildə bloklar, birliklər yaradacağının mümkün olub-olmayacağı sualını meydana gətirir. 

ADP sədri Sərdar Cəlaloğlu öncə bildirdi ki, konstitusiyaya edilən yeni dəyişikliklər təcili yeni prezident və parlament seçkilərinin keçirilməsini zəruri edir. Ona görə də bu gün qəti şəkildə demək olmaz ki, gələn il seçkilər olmayacaq. İkincisi, birliklərin yaranması seçkilərlə bağlı olmalı deyil: "O cəmiyyətlərdə birlik meylləri zəifdir ki, o cəmiyyətlərdə demokratik şüur zəifdir, o cəmiyyətlərdə tərəqqi yoxdur. Halbuki birlik cəmiyyətin əldə etdiyi ən böyük dəyərlərdən biridir. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, həmrəyliyə o qüvvələr nail ola bilər ki, onların hamısını eyni təhlükə gözləsin, əgər müxtəlif qüvvələri müxtəlif təhlükələr gözləyirsə, onlar həmrəy ola bilməzlər. Azərbaycan müxalifətindəki partiyaların hamısının bir araya gətirilməsi bu baxımdan mümkün deyil. Çünki hər partiyanın öz problemi var. Amma nisbətən eyni problemli partiyalar da var. Həmin partiyalar seçki olmasa belə, kiçik bloklar şəklində birləşə bilərlər və birləşməlidirlər. İndiki vəziyyətdə heç bir partiya ayrıca ortaya güc qoya bilmədiyi üçün ən azı kollektiv gücü ortalığa qoymağı bacarmalıdırlar. Təəssüf ki, bu gün belə meyllər görünmür. Seçkiöncəsi yaranan birliklərin isə effektsiz olduğu artıq təcrübədə sübuta yetib. Çünki seçkilərdən xeyli əvvəl qurulan birliklər effektli ola bilir. Müxalifətdə kimlər növbəti prezident, parlament seçkilərində iştirak etmək istəyirsə, indidən birliklər yaratmalıdır”.  

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə bildirdi ki, hazırda müxalifətin birliyi haqqında heç bir müzakirə getmir. Amma Müsavat Partiyası həmişə real müxalifət qüvvələrinin funksional əməkdaşlığının tərəfdarı olub, bununla bağlı müəyyən təşəbbüslər göstərib: "REAL, NİDA və digər təşkilatların rəhbərliyi Müsavat başqanı ilə görüşür, müəyyən müzakirələr aparılıb”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, müxalifətdaxili düşərgədə əslində bir neçə birlik forması mövcuddur. Lakin həmin formatlar müxalifətin geniş koalisiyasını ehtiva etmir: "Müxalifətin birlik məsələsi gündəlikdən çıxmayıb, həmişəki kimi aktualdır. Mövzunu araşdıran zaman məsələyə bir neçə aspektdən qiymət verilməlidir. İlk növbədə, ”Siyasi vəziyyətin belə bərbad olmasında müxalifət pərakəndəliyinin rolu nə qədərdir" sualına obyektiv cavab axtarılmalıdır. Ölkədəki siyasi vəziyyətin necəliyini iqtidarın tətbiq etdiyi siyasi oyun qaydaları müəyyən edir. Hakimiyyət əlində olanları-siyasi hakimiyyət, karbohidrogen ehtiyatları, maliyyə resursları, iqtisadiyyat və s. yalnız özündə saxlamağa qərarlıdır. YAP iqtidarı 24-cü ildir ki, rəsmi müxalifəti özü formalaşdırır, mane olanları həbsə atdırır, siyasi proseslərin güzgüsü ola biləcək, 4-cü hakimiyyət sayılan mətbuatı əsasən inhisara götürüb, orta iqtisadi təbəqəni aradan qaldırıb. Belə şərtlər daxilinə müxalifət müntəxəbat xarakterli fəaliyyət göstərməkdə mütləq axsamalıdır. Çünki təhlükəli siyasi proseslərdə hərəkətverici rolda çıxış etməli cəmiyyət seyrçilikdən başqa rol ala bilmir. Müxalifətin pərakəndəliyi belə mühitin həlledici zəif vəsiləsi kimi görünməməlidir.

Digər aspekt, beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı mövqeyidir ki, müxalifətin təşkilatlanmasında stimulverici qismdə çıxış edə bilmir. Beynəlxalq ictimaiyyət Azərbaycandakı siyasi proseslərə hakimiyyətdən özləri üçün hansısa güzəşti qoparmaq həddinə qədər dəstək verir. Bu yolda illər ərzində bir sıra siyasi qüvvələri öz aləti kimi istifadə etdikləri də sirr deyil. Nə qədər ki, Azərbaycan siyasi coğrafiya olaraq, beynəlxalq gündəliyə dəyişiklik ərazisi kimi daxil olmayıb, beynəlxalq amilin müxalifətdaxili "isnişməyə” göstərə biləcəyi müsbət impulsdan danışmaq çətin olacaq". 

Partiya sədri, bununla belə, vurğuladı ki, vəziyyət çıxılmaz da deyil. Azərbaycan artıq il yarımdır yeni iqtisadi-sosial fazaya daxil olub. Bütün nəzəri hesablamalar gələn ilin birinci yarısında problemin siyasi mühitə sıçrayacağını proqnoz etməyə əsas yaradır: "İlk növbədə yetişən siyasi şərait müxalifətin təşkilatlanmasını zəruri edəcək. Əhalinin hakimiyyətə münasibətinin necə dəyişdiyini görmək istəyənlər, bankomat qarşısında toplanan qəzəbli insanların növbədə durduqda səsləndirdiyi fikirlərini dinləsinlər. Neft pullarının tükənməsi çoxunun səbir kasasını daşdıracaq.  Belə şərait müxalifətin bir araya gəlməsini zəruri edir. Mən deyərdim ki, proses sönük olsa da, gedir. Mən belə təşəbbüslərin şahidi və iştirakçısıyam. İndiki təşkilatlanma təşəbbüslərini seçki təqviminə bağlamaq yanlışdır. Təmərküzləşmənin katalizatoru rolunda artan sosial gərginlik və bu zəmində genişlənən ayaqlanma olacaq. Hesab edirəm ki, gələn il də manatın zəifləməsindəki dinamika qalsa, artıq ilin birinci yarısında ciddi ictimai və siyasi dəstəyə malik konfiqurasiyaların şahidi ola biləcəyik”.

Etibar SEYİDAĞA
Oxşar xəbərlər