Müxalifət 24 ildir hakimiyyəti necə “yıxır”?

  • 09 may 2017, 09:03

Razi Nurullayev: ""Qurdlar Vadisi”ndə olduğu kimi, "qələmləri” qırılıb...”

Azərbaycan müxalifətinin 24 ildir dəyişməyən bir ritorikası var. Demokratik düşərgə istər güclü vaxtlarında, istərsə də zəif dövrlərində ölkə iqtidarını "xalq hərəkatı” ilə hədələyir. Güclü zamanlarında müxalifəti haradasa anlamaq olur, amma 2005-ci ildən başlayaraq, sürətlə zəifləyən, bir-birinin ardınca mövqelərini rəqibinə təslim edən düşərgənin yenə də həmin ritorikadan çıxış etməsi suallar yaradır.

Sanki müxalif liderlər düşdükləri vəziyyəti görməzlikdən gəlirlər. İcazəli mitinqlərinə 500-600 insan gələn bir düşərgənin "xalq hərəkatı”nı necə təşkil edəcəyi müzakirələr sırasındadır. Bununla bağlı bəzi fikirlər var. Çoxları düşünür ki, müxalifətdən qopan xalqı geri qaytarmaq üçün bu tipli ümidverici açıqlamalar verilir.

Mövzu ilə bağlı danışan yeni AXCP-nin sədri Razi Nurullayev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan siyasətçilərinin təfəkkürü inkişaf mərhələsi keçmir: "Sanki təfəkkürləri donub. Bunun səbəblərindən biri siyasi mütaliənin zəif olması, beynəlxalq siyasətin zəif öyrənilməsi, beynəlxalq aləmdə baş verənlərə Azərbaycan rakursundan yanaşmadır. Yanlışlıq dünyada gedən etiraz aksiyalarının Azərbaycanda da baş verə biləcəyi düşüncəsindədir. Azərbaycanın özünün siyasi xüsusiyyətləri var. Çox ciddi demokratik qüsurlara malik olan Venesuelada demokratik seçkilər keçirilir, amma ölkə demokratik deyil. İranda çox gözəl Avropa standartlarına cavab verən seçki keçirilir. Ola bilər ki, seçkiyə qədər kimlərinsə seçkiyə buraxılması ilə bağlı müəyyən problemlər olsun. Lakin seçkilərə buraxılan namizədlərin içərisindən demokratik şəraitdə kim çox səs yığırsa, qalib gəlir. Yəni İran seçki demokratiyasına malikdir. Azərbaycanda isə tamamən əksinədir. Azərbaycan siyasətçiləri Türkiyəyə baxırlar, milyonlarla insanın küçələrə axışdıqlarını, seçkilərə təsir etmək istəklərini görürlər, düşünürlər ki, Azərbaycanda da bu şəraitdə bunları etmək mümkündür. Azərbaycan xalqı qeyd etdiyim xalqlardan fərqlidir. Həm mentaliteti, həm siyasi quruluşu, həm də siyasi mədəniyyəti ilə fərqlənir. Onun üçün də 1988-ci ilin ritorikası qalır. Hər kəs xalqın adından danışır, lakin xalq meydanda yoxdur. Xalqa mikrofonla yaxınlaşan jurnalist tək-tük hallarda rəy ala bilir. 100 nəfərdən bəlkə 2-3 nəfər qorxmadan nəsə deyə bilər. Qalanları isə hakimiyyətə tərif yağdırır. Siyasi mütaliəsi zəif olan, beynəlxalq aləmdəki prosesləri düzgün qiymətləndirməyən ənənəvi siyasətçilər başqa yolları qalmadığından köhnə üsullara əl atırlar”.

R.Nurullayev onu da qeyd etdi ki, xalqın adından danışanlar xalqın onları dinləmədiyini yaxşı anlayırlar: "Bu insanlar müxalifətdə olduqlarının zamanını uzatmaq üçün çalışırlar. Onların 90%-i əmindir ki, xalq heç zaman onları dəstəkləməyəcək. Artıq insanların gözləri onları görməkdən yorulub. Onlar dalbadal seçkiləri ya uduzublar, ya da uduzdurulublar. Xalqa verdikləri vədləri yerinə yetirə bilməyiblər. Hər zaman deyirlər ki, xalq ayağa qalxacaq, biz hakimiyyətə gələcəyik. Amma bunların heç biri baş verməyib və bəlkə siyasətdən getdikləri zaman onları heç universitetlərdə belə müəllim götürməyəcəklər. Bunun üçün siyasi şərait də yoxdur. Artıq bu şəxslər müxalifətə iş yeri kimi baxmaq, gələcəkdə pensiyaya çıxmaq istəyirlər. Bəlkə də onlara aylıq təminatı yüksək olan iş təklif olunarsa, inandırıram ki, müxalifətdə olanların 60-70%-i bununla razılaşar. Amma bunun gərək uzunmüddətli olacağına əminliyi olsun. Bilirlər ki, xalq tərəfindən onların qələmi qırılıb. ”Qurdlar Vadisi"ndə olduğu kimi, qələmləri qırılıb. Xalqın təbii ki, oyanmağı lazımdır. Amma burada yeni velosiped icad etməyə gərək yoxdur. Biz sovet dövründən qalan velosipedlə xalqı arxamızca aparmaq istəyiriksə, təbii ki, heç bir gözlənti ola bilməz. Velosipedin təkərlərini, yaxud başqa yerlərini dəyişmək lazımdır. Düşünürəm ki, biz yeni qüvvələr - tək özümüzü demirəm - həqiqəti görə bilir, zamanla uyğunlaşırlar. Velosipedə dəyişiklik etmək üçün fəaliyyət göstərirlər, xalq da bunları görür. Biz bu gün nəticəni tam görməsək də, gələcəkdə mütləq təsirləri olacaq. Yolu burada görürəm. Ənənəvi müxalifətin velosipedinin mexanizmləri sıradan çıxıb. Hərəkət etdikcə qəza törədəcəklər, xalq arasından da o velosipedin təkərləri altında qalanlar olacaq. Yeni qüvvələrə, simalara çox ehtiyac var".


Cavanşir ABBASLI

Oxşar xəbərlər