“Aztelekom” Sumqayıt TKQ-da yoxlamalara aydınlıq gətirdi - Nəriman Salmanov KİMDİR?

  • 21 fev 2022, 21:14
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılması və "Aztelekom" MMC Sumqayıt Telekommunikasiya Qovşağında yoxlamalar aparılması ilə bağlı yayılan xəbərlərə rəsmi açıqlama verilib. 
Demokratik.Az bildirir ki, MMC-nin bugün yayılan açıqlamasında deyilir:

“Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir. Məlumat üçün bildirək ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır”.

Bəs, adıkeçən Nəriman Salmanovun karyerası və kimliyi barədə nələri bilirik?
Nəriman Salmanov barədə bioqrafik məlumatlara demək olar ki, çox az rast gəlinir. Yayılan məlumatlarda isə deyilir ki, Nəriman Salmanov 1989-cu ildə Bakıda Politexnik İnstitutunu bitirdikdən sonra Gəncə Telekommunikasiya İdarəsində elektromexanik kimi əmək fəaliyyətinə başlayıb. Öz peşəkarlığı ilə həmişə diqqəti cəlb edib. Gəncədə ATS mühəndisi, baş mühəndis, idarə rəisi vəzifələrində çalışıb. Daha sonra, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi, Yasamal Telefon Qovşağının, eləcə də Sabunçu Telefon Qovşağının rəisi olub. Hazırda da Sumqayıt Telekommunikasiya Qovşağının rəisidir.

Bu şəxsin adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki banda ilə birlikdə çox çəkilib. Mətbuatda onunla bağlı bir çox neqativ məlumatlar yayılıb.
Hələ o zaman yazılırdı ki, N.Salmanovun Eldar Mahmudovla birbaşa əlaqəsi olub. Bu əlaqənin konkret hansı maraqlar üzərində qurulduğu müəmmalı olsa da, işin mahiyyətində birgə əməkdaşlığın olduğu dəqiqliklə iddia edilirdi.

N.Salmanov bu əlaqəsindən geniş şəkildə yararlanmağı bacarıb. Onun hazırda “MTN işi”nə görə həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla münasibətləri ən yüksək səviyyədə qurulub. Təbii ki, E.Mahmudovun dəstəyi sayəsində.

N.Salmanovun istəyi daha böyük olub. O, keçmiş rəhbəri – “MTN işi”nə görə həbsdə olan BTRİB-in rəisi Beytulla Hüseynovun postuna iddia edirmiş. Daha doğrusu, V.Zeynalov onu bu məsələdə qızışdıran tərəf imiş. Mətbuatda yazılanlara görə, hətta həmin vəzifəyə təyinat alması üçün 500 min manatın lazım olduğunu bildirib və həmin pulu N.Salmanovdan alıb da. Sadəcə, qovşaq rəisinin planının pozulmasının səbəbkarı da E.Mahmudov olub. Bir neçə ay bu postda rəis əvəzi kimi qalsa da, sonradan E.Mahmudov qohumu Beytulla Hüseynovun həmin vəzifəyə təyin olunmasına nail olub. Salmanova isə Sabunçu TŞ-nın rəisi vəzifəsi ilə yetinməyi məsləhət biliblər.
Bu gün N.Salmanovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

Qaynar.info-ya məlumat verən mənbə 2016-cı ildə bildirirdi ki, o, Yasamal Telekommunikasiya Qovşağının rəisi işlədiyi dövrdə 1,5 milyon manatlıq yeyintiyə yol verib. Sonradan bu işin üstü açılıb və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. N.Salmanov isə özünü xilas etmək üçün həmin vaxt qovşaqda Baş mühasib işləyən Elbəniz adlı işçisini qurban verib.

N.Salmanovun təkzib və açıqlama vermədiyi köhnə iddialarda bildirilirdi ki, O,mühasibə deyib ki, “sən bütün məsuliyyəti üzərinə götür, mən səni xilas edəcəm”. Nəticədə Elbəniz evini və bütün əmlakını satmalı olub. Lakin N.Salmanov vədinin üstündə durmayıb. Keçmiş mühasib bu günlərdə məhkəməyə müraciət edərək 1,5 milyonluq yeyintinin onunla yox, N.Salmanovla bağlı olduğunu bildirib. Hazırda iş məhkəmə tərəfindən araşdırılır.
Mənbə bildirir ki, N.Salmanovun 1,5 milyon manatlıq yeyinti faktından Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalov da xəbərdar olub və cütlük bu faktları keçmiş nazir Əli Abbasovdan da gizlədib.

Qeyd edək ki, RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan BTRİB Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərib.
BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxil olub.

Qeyd etdiyimiz kimi, BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı daxildir. Bunlardan birinin- Sabunçu TŞ-nın rəisi olan Nəriman Salmanov o vaxt heç də yaxşı münasibətlərdə olmadığı digər qovşaq rəislərinin əksərinin işdən azad olunmasına nail olub. Halbuki az qala bütün instansiyalarda haqqında araşdırmalar aparılan N.Salmanov ilk azad olunacaq məmur olmalı idi. Amma o hələ də vəzifə başındadır. Bəs bu illər ərzində Salmanov öz vəzifəsinin öhdəsindən necə gəlib?

Bir müddət əvvəl Sabunçu Telefon Qovşağının bir qrup xanım işçisi ölkənin aparıcı media qurumlarına idarə rəisi Nəriman Salmanovla bağlı şikayət ünvanlamışdılar. İşçilərin Lent.az-a ünvanladığı şikayətə əsasən, 2010-cu ildən Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində işləyən Nəriman Salmanovun gün ərzində fəaliyyəti ancaq iş otağında internet oyunları oynamaqdan və günün sonunda işçilərin əhalidən yığdıqları qanunsuz “planı” gözləməkdən ibarətdir.

Şikayətdə qeyd edilirdi ki, N.Salmanov qovşağın bütün işçilərini sənədləşmələrə görə (yeni çəkiliş, addan-ada keçirilmə və s.) abunəçilərdən dövlət rüsumundan əlavə haqq da tələb etməyə məcbur edir.
“Qovşaqda hər kəsə plan qoyulub. Abunəçilərdən gün ərzində alınmış əlavə pullar şöbə rəisləri və ATS mühəndislərində toplanaraq, günün sonunda Nəriman Salmanovla bölüşdürülür. Hər gün iclas keçirilir. Planı yerinə yetirməyən şəxslər rəis tərəfindən cəzalandırılır və ya işdən qovulmaqla hədələnirlər”.

Qaynar.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə isə BTRİB-in həbsdə olan sabiq Baş direktoru Beytulla Hüseynovla Nəriman Salmanovun ortaq yeyinti faktları da hazırda istintaq tərəfindən araşdırılmaqdadır. Məlum olub ki, qovşaq rəhbəri hər il Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsinin balasına guya tikinti və təmir işləri üçün milyonlarla manat vəsait köçürüb. Mənbənin məlumatına görə, bu vəsaitlərin 5 faizi qismində isə B.Hüseynovdan “hədiyyə” alırmış.

Gəncə, Yasamal və Sabunçu Telekommunikasiya Qovşaqlarına, həmçinin BTRİB-ə rəhbərlik etmiş və hazırda Sumqayıt rabitəsinə "ağalıq" edən N.Salmanov bu illər ərzində dövlətin əmlakını talamaqla özünə yaxşı var-dövlət yığıb.

Məlumata görə, qovşaq rəhbərinin əmlakının sayı-hesabı bilinmir.

N.Salmanovun “Şəhrizad” adlı gözəllik salonları, Yasamal və Nizami rayonunda milyonluq villaları, qarajında “Ford”, “Lexus”, “Mercedess 600” və s. bahalı avtomobilləri var.

Onun adı qalmaqallı tanınsa da, hazırda da nazirlikdə və Aztelekom MMC-də xüsusi çəkiyə malik olduğu bildirilir. Rayonların bir çoxunun rabitə durumunun yoxlanılmasına da rəhbərlik etməkdə olan Salmanovun heç də "zəif bir bənd" olmadığı məlumdur.

Bir çox insanın həftələrlə ətə həsrət qaldığı indiki vaxtlarda bu harın məmurun saxladığı cins itinə – “ovçarka”sına gündə 4-5 kilo ət yedizdirməsi, "Aztelekom”da işləyən oğluna iki gün toy etdirməklə də dillər əzbəri olması N.Salmanov barədə tirajlanmış xəbərlər sırasındadır.

Demokratik.Az
Oxşar xəbərlər