Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO

  • 28 iyul 2021, 21:37
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin xüsusi göstərişilə “Aztelekom” MMC-nin Yardımlı filialında aparılan yoxlamalar yekunlaşıb. İllərdir ki, qovşaqda baş verən özbaşınalıqlar və irimiqyaslı talama halları, eləcə də mənimsəmə və israfetmə, qovşaq rəisi olmuş Fərail Ağayevin işlərin təşkilindəki ağlasığmaz nöqsanları bir daha öz rəsmi təsdiqini tapıb.

"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, “Aztelekom” MMC-nin Yardımlı filialında yoxlama aparan işçi heyəti qovşaqdakı çatışmazlıqlar barədə şəxsən nazir cənab Rəşad Nəbiyevə məruzələr ediblər. Xüsusilə də, yoxlamada rabitəçi kimi qeydlər aparan və yekunda rəy bildirən Nəriman Salmanov (Hazırda Sumqayıt TKQ-nın rəisi-red) ucqar rayonda rabitəsizliyə yol açan səbəblər, eləcə də Yardımlı TKQ-dakı kadr çatışmazlıqlar barədə nazirliyə məlumatlar verib. 

Əldə etdiyimiz məlumata görə, nazirin yekun qərarından sonra Yardımlı TKQ-dakı yoxlamalar üzrə toplanmış sənədlərin hüquqi qiymət verilməsi, idarənin yarıtmaz rəhbərliyinə cinayət işi açılması və cəzalandırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi istisna deyil. Mənbənin sözlərinə görə, Rabitə sahəsində aparılan islahatlar fonunda Yardımlı rayon TKQ-da qeydə alınan nöqsanlar dövlətin uğurlu siyasətinə kölgə salmaqla bərabər, eyni zamanda dövlət əmlakına qarşı küllü miqdarda zərərlə müşahidə edilir. 

"Demokratik.Az" olaraq qürurla xatırladırıq ki, yoxlamadan öncə sözügedən ünvanda konkret faktlar üzrə sadalanan nöqsanların aradan qaldırılması məqsədilə tənqidi məqalələrlə çıxış etmişik, eləcə də nazir cənab Rəşad Nəbiyevdən yoxlama aparılmasını xahiş etmişik. Müstəqil media olaraq səsimizə dərhal səs verən cənab nazirə minnətdarlığımızı bildiririk, lakin, “Aztelekom “MMC-nin Yardımlı filialının qaranlıqdan aydınlıığa çıxmasını istəyən əməkdaşı Aydın Abdullayevin də vətəndaşlıq mövqeyini, müsbət rolunu unutmaq olmaz. Çünki, “Aztelekom” MMC-nin Yardımlı Filialında Əməyin Mühafizəsi və TT mühəndisi Abdullayev Aydın Piriş oğlu keçmiş rəis Fərail Ağayevin rəis işlədiyi dövrdə idarənin mal-materialını istədiyi kimi satışa qoymasını, xidmət idarəsi olaraq abunəçilərə xidmətin gündən-günə keyfiyyətinin aşağı düşməsini, idarə rəhbərliyi ilə işçi heyətin arasında münasibətlərin pisləşməsini və digər mühüm amillərin ifşasını reallaşdıran vicdanlı və məsuliyyətli bir rabitəçidir.

Təəssüf hissilə bildiririk ki, Aztelekom MMC-nin başbilənləri "sağol" əvəzinə, hazırda hər vəchlə Aydın Abdullayevin işdən çıxarılmasına çalışırlar. Təmənnasız "ədalət carçısı"na qarşı çirkin niyyətlərin arxasında isə xüsusilə "MTN olayları" zamanı ad çıxarmış Nəriman Salmanov və onun yaxını, Yardımlı TKQ-ya yeni təyin olunmuş içraçı rəhbər Xəzər Nuriyev dayanır. Aydın Abdullayev ya işdənçıxma ərizəsi yazacağı, ya da ləkələnərək işdən qovulacağı ilə hədələnir. Öz işlədiyi təşkilatı dağılmaqdan, talanmaqdan qorumağa çalışan və bunlar barədə səhih məlumatlar verən bir işçinin hədəfə alınmasının heç bir məntiqli açıqlaması yoxdur.

Özünün bildirdiyinə görə, ona qarşı təyziqlər 23 iyul 2021-ci il tarixdən başlayıb. Belə ki, “Aztelekom” MMC-nin Yardımlı Filialına rəhbər gətirilən Xəzər Nuriyev həmin gün Aydın Abdullayevlə qışqır-bağırla danışıb, ondan işdən çıxmasını tələb edib, nəticədə sonuncunun qan təzyiqi yüksəlib, 24.07.2021-ci il tarixdə evinə təcili yardım çağrılıb. Özünün saytımıza bildirdiyinə görə, hətta bugünlərdə infarkt səviyyəsinə gəlib. Baş verənlər barədə Yardımlı Rayon Prokurorluğuna 26 .07.2021-ci il tarixdə şikayət də edib. Ardınca isə, növbəti iş günlərində işinə belə buraxılmayıb.

Baş verənlərdən yalnız bunu şərh etmək olar ki, Yardımlı TKQ-da sular durulmur. Və görünür birbaşa nazirin etibar etdiyi Nəriman Salmanov öz yaxını Xəzər Nuriyevi dağılıb şikəst olmuş, az qala ləğv edilib Masallıya birləşmək təhlükəsi olan bir rabitə qovşağına rəis qoydurmaqla şəffaflığa deyil, sabiqlər kimi talançılığa və maxinasiyalara qulluq etmək istəyirlər?! Yoxsa, bu yenilikçilər, bu islahatçılar nədən narahat olub Aydın Abdullayev kimi ayıq-sayıq işçini qovmağa çalışsınlar ki?! Əgər, X.Nuriyev və havadarları Yardımlı TKQ-dakı iqtisadi geriləmələri və yerli əhalinin rabitə problemlərini aradan qaldırmaq istəyirlərsə bunu hər kəsin gözü qarşısında və şəffaf üsullarla etməlidirlər. Aydın Abdullayev kimi şəxslərin qovulmasında maraqlı olmaq yalnız Fərail Ağayev kimi əməllərin gələcəkdə gizlədilməsi ola bilər. Faydalı məlumatlar verdiyinə görə A.Abdullayev əslində "Aztelekom" rəhbərliyi tərəfindən mükafatlandırılmaq əvəzinə, qovulmaqla hədələnməsi bəlkə də Nəriman Salmanovun zamanında Çovdarovçu-MTN-çilərdən öyrəndiyi metodologiyadır!

Əlavə məlumat üçün bildirək ki, "Aztelekom" MMC-də bir tüstü çıxanda digər rayonlara da nədənsə Nəriman Salmanov göndərilir və o özünü həm də çalışdığı sahə üzrə nazirliyin ştatdankənar "otdelkadr"ı kimi aparır. Salmanovun özü barədə ictimaiyyətdə yaratdığı mənfi reputasiyalı zəngin rəy, oliqarx həyat tərzi isə heç bir halda Yardımlı TKQ-ya da şəffaflıq ovqatı bəxş eləmir.  

Aydın Abdullayevin "Demokratik.Az"-a göndərdiyi videomüraciətdən də görünür ki, məsələ xeyli ciddidir.
İnanırıq ki, nöqsanlarla mücadilə edən hörmətli rabitə naziri cənab Rəşad Nəbiyev "sağol" yerinə, "Aztelekom" MMC tərəfindən hansısa vicdanlı rabitəçinin işdən qovulmasına imkan verməyəcək. Azından, bütün ölkənin rabitə sahəsinə qənim kəsilmiş "hörümçək toru" şəbəkəsi Yardımlıda təmizlənəcək...
(mövzu diqqətimizdədir)

Osman Nərimanoğlu
Demokratik.Az

Oxşar xəbərlər