Gəncədə yalnız "sağa dönən" sürücülərin özbaşınalıqları nə qədər davam edəcək? - VİDEO

  • 23 sen 2020, 13:25
Azərbaycanda yalnız sağa dönən marşrut avtobusları Gəncənin tam mərkəzində durma - dayanma qaydalarını heçə sayır, hər gün səhər saatlarından etibarən sərnişindaşımaya cəlb edilən 2 saylı avtobus sürücülərinin səs- küyü, qeyri-etik danışıqları və interval razborkaları yaxınlıqdakı binanın sakinlərinin hüzurunu pozur. Baş verən özbaşınalıqlara nə DYP əməkdaşları, nə də Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi heç bir tədbir görmür. Bəlkə də öz maraqları müqabilində heç görmək də istəmir.

Bu barədə "Demokratik.Az" saytına danışan şikayətçilərin sözlərinə görə, dəfələrlə yerli qurumlara olunan şikayətlərin faydası olmayıb. 
Sakinlərdən hesab edirlər ki, belə hallar şəhərin nəqliyyat infrastrukturunun normallaşdırılmasına əngəl törədir.

Hər gün həmin dayanacaqda baş verənlərdən bezənlər bildirir ki, 2016-cı ilin yanvarında ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq fərmanla yaradılan məsul idarə və onun törəmə qurumu kimi Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr 366 nömrəli qərarına əsasən yaradılmaqla fəaliiyət göstərən “Gəncə Nəqliyyat” MMC səhlənkarlıqlara yol verirlər. Ard-arda karvan yaradaraq hüzur pozanları nizamlayan tapılmır.
Aldığımız məlumata görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsinə nail olunmayıb. Bu sahədə yetərincə nöqsan və çatışmazlıqlar var ki, əksəriyyətində də subyektiv səbəbləri görmək mümkündür. Gəncədə daxili nəqliyyatın hansı acınacaqlı durumda olmasını ayrıca yazılarımızda qeyd edəcəyik.
Hələlik isə, yalnız 2 saylı marşrut xəttində hər gün baş verən rüsvayçılıqların kiçik bir parçasını diqqətə çatdırırıq.

İnanırıq ki, ixtisasca nəqliyyatçı olmayan, lakin şəhər nəqliyyatının başında duran Araz Rəfibəyli və qeyriləri hərəkətə keçərlər. Yoxsa, müraciətləri öz üzərlərindən atıb özlərini məsuliyyətdən kənarda saxlamazlar... 
Demokratik.Az
Oxşar xəbərlər