Günün videosu
Özəl! 12 erməni öldürən snayper qazimiz Tuncay Əliyev "44 günlük" zəfər savaşını həyəcanla xatırlayır - VİDEO

Bu şərəfli zəfərin şirinliyini dadmaq isə Azərbaycana 3000-dən artıq şəhidin, minlərlə qazimizin qanları-canları bahasına başa gəldi. Və indi geriyə qalan təkcə zəfər sevincimiz deyil, şəhid və qazi qardaşlarımızın qələbə naminə düşmənə qarşı sərgilədikləri unudulmaz qəhrəmanlıq və kişilik salnamələri də bizimlədir.
Ata-babalarımızdan bizə miras qalan və cəmi 44 günlük vətən savaşımızda müzəffər ordumuzun zehnində yoğrulan ən ülvi vətənpərvərlik hisslərimizi, hər bir əsgərimizin qələbə əhvalını, hər bir igid hərbçilərimizin anlatmalı olduqları döyüş təəssüratlarını gələcəyə daşımaq, xoş nümunələri sonrakı gəncliyə aşılamaq da bir vacibatdır. Çünki, bir millət olaraq ana deyə çağırdığımız vətənimizi növbəti düşmən həmlələrindən qorumağa gücümüz, təpərimiz, ayıq da ruhumuz olmalıdır. Axı, zalım tarix dərsləri də bizə sülhə hazır olduğumuz qədər, müharibəyə də hazır olmağın vacibliyini diqtə edir.
Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsini öz gözlərilə görən, snayper tüfəngi ilə 10-dan artıq düşməni o dünyaya göndərən gənc qazilərimizdən biri də Göygöl rayon sakini Əliyev Tuncay Etibar oğludur. Qazimizin 44 günlük vətən savaşında iştirakı gənc nəslin vətənpərvər ruhda formalaşmasına nümunə olan maraqlı döyüş salnaməsilə bağlıdır. Müharibənin məşəqqətini, başına gələnləri isə Tuncayın özündən başqası dəqiqliklə anlata bilməz...
"Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu qazi Tuncay Əliyevin evində olub, özü və ailəsilə görüşüb.
Jurnalist qazinin döyüş yolunu və ailəsinin istək və arzularını dinləyərək lentə alıb.
Qazimizin xatırlatmatmasından aydın olur ki, snayperçi igidimiz Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığında iştirak edib. Oktyabrın 30-da isə digər döyüş tapşırıqları yerinə yetirərkən elə Hadrut ərazisində digər döyüş yoldaşları ilə birlikdə yük maşınında ön xəttə doğru gedərkən tank əleyhinə minaya düşərək hər iki ayağından ağır xəsarətlər almış, nəticədə sağlamlığını və yeriş qabiliyyətini itirmişdir. məhdudlaşdırılmışdır.
Tuncayın aldığı xəsarətlər onun hər iki ayağının aşağı ətrafında topuq və daban sümüklərinin tamamilə sınmasına səbəb olmuşdur.
Öz bədənini düşmən qəlpələrinə sipər etmiş Tuncayımız indi yerimə qabiliyyətini itirsə də vətənə xidmətindən şərəf duyduğu onun hər baxışından, gülüşündən oxunur...
Tuncayın doğmaları da onunla fəxr etdiyini deyir. Onun yaralanma xəbərini ilk qardaşı, ən son isə anası bilib. O günləri xatırlayanda zəhmətkeş ana daha çox köks ötürür, ata da, qardaş da məğrur anaya qoşulub qazi Tuncayla qürur duyduqlarını dilə gətirirlər.

Qardaşı Elgün Tuncayın yaralandığı günü belə xatırlayır: "Həmin gün Tuncay zəng edib mənə dedi ki, ayağımdan yaralanmışam, amma heç kimə demə. Həyəcanlandım, yanına getmək istədim, bir neçə gün ata-anamdan xəbəri gizlətdim. Atam da, anam da həmin günlərdə deyinirdilər ki, Tuncay niyə zəng etmir, narahat idilər. Sonra, təklikdə atama dedim, Tuncayla danışdırdım. Xəbəri anamdan bir həftə gizlətdik. Sonra, anamın iş yerinə getdim və yaralı olduğunu bildirdim, ağladı..."

Elə bir zamandır ki, prezidentimiz nə sərəncam və fərmanlar verir, amma yerli icra hakimiyyəti yalandan evimizə gəlib qalstukda şəkillər çəkdirib çıxıb gedirlər. Ortada da bir şey yoxdur. Övladlarımı, Tuncayı bu zirzəmidə böyütmüşəm. Bizə kömək lazımdır ki, heç olmazsa 6 sot torpaq versinlər ki, biz də özümüzə bir həyat quraq. Tuncayı bu zirzəmidən pilləkənlərlə bayıra rahat çıxarda bilmirik, əziyyət çəkirik".

Beləcə, gülər üzlü, fədakar qazimizlə görüşümüzdən ayrılıb Tuncayı və onu minbir əziyyətlə vətəninə, millətinə faydalı bir vətəndaş kimi böyüdən Əliyevlər ailəsini kasıb kümənin zirzəmisilə baş-başa buraxmaq məcburiyyətində qalırıq. Amma, o rütubətli və kasıb evdə bundan sonra da heç zaman tükənməyəcək qürurun, ləyaqətin, igidlik və rəşadətin varoluşuna əminik. Göygöl rayonunda qazi və şəhid ailələrinə biganəlik göstərən icra başçısı Turani Əliyevi də, torpaq uğrunda fədakar olanların ailələrinə ev tikintisi üçün torpaq sahəsi qıymayan yarıtmaz şəhər bələdiyyəsini isə allahın və qanunların mühakiməsinə buraxırıq.

Ey Tuncay qazimiz! Məhz sizlərin varlığı sayəsində torpaqlarımız işğaldan azad edildi, nəinki ərazi bütövlüyümüz, dağıdılan abidələrimiz, irsimiz, dəyərlərimiz, eləcə də erməni qabağında əzik düşürülən milli qürurumuz özümüzə qaytarıldı.
Sonda, Tuncay Əliyevin timsalında, uca Allahdan bütün qazilərimizə şəfalar diləyir, vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!.."
Osman Nərimanoğlu
Demokratik.Az
Maraqlı videosüjeti təqdim edirik:
