Prezident: "Şuşanın azad edilməsi tarixi nailiyyətimizdir"

  • 10 dek 2020, 16:30
Vətən müharibəsinin hər günÜ bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdur ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi.
Demokratik.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan danışarkən bildirib.
“Azərbaycan əsgər və zabiti böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Şuşanın azad edilməsini tarixi hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti deyib: “Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşündə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilər tərəfindən uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, sanki Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü göstərdi, öz qüdrətini göstərdi”.

Oxşar xəbərlər