Xəbər lenti
Bütün xəbərlər

Stalinin gürcü aşpazı, pəhləvan generalı barədə TARİXÇƏ

  • 29 mar 2020, 22:54
Pəhləvan, restoran sahibi, tacir və ən nəhayət, general rütbəli aşpaz... Aleksandr Eqnataşvili 61 illik həyatında mümkün olan bütün şanslardan istifadə edib, ən çətin məqamlarda belə vəziyyətdən çıxış yolu tapıb.
1887-ci ildə Qoridə anadan olan Aleksandr Eqnataşvilinin atası Gürcüstanda tanınmış şərab tacirlrindən biri olub. Stalinin anası Keke onların ailəsində xidmətçi işləyib. Xidmətçi olmasına baxmayaraq, Kekeyə ailədə xüsusi münasibət olub, onu ailənin bir üzvü sayıblar.
Kifayət qədər varlı və zəngin yaşayan Yakov Eqnataşvili oğlunu orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Moskvaya göndərib. Ancaq Aleksandr elmə, təhsilə, oxumağa maraq göstərməyib, bir ildən sonra Moskvadan Qoriyə qayıdıb.

Pəhləvan cüssəli Aleksandr bir müddət sirkdə işləyib, daş qaldırmaq, kəndir üstündə hərəkət, pəhləvan döyüşləri ilə populyarlaşıb. Oğlunun bu işindən narazı qalan Yakov Eqnataşvili Aleksandrı ticarətə cəlb edib, ona lazımi qədər pul verərək neft şəhəri olan Bakıda restoran açmağa göndərib.
Aleksandr Eqnataşvilinin Bakı həyatı uğurlu alınıb. O, bu şəhərdə Azərbaycan türkcəsini və ingilis dilini öyrənib. Açdığı restoranın qapısına “Sutka ərzində xidmətinizdəyik” yazısı müştərilərini artırıb. Restoranın sahibi olmasına baxmayaraq, o, bütün xörəkləri özü hazırlayıb, ən keyfiyyətli ərzaq məhsullarından istifadə edib.
Artıq öz gücünə kifayət qədər varlanan Aleksandr bir neçə ildən sonra atasının məsləhəti ilə Gürcüstana dönüb. Tiflisdə və Qoridə restoranlar açıb, şərab ticarəti ilə məşğul olub.
Sovet hökuməti qurulduqdan sonra Aleksandr Eqnataşvilinin şərab və restoran biznesi çöküb. Bir neçə il ərzində vergilərin məbləği o qədər yüksəlib ki, atasından qalmış bir neçə mülkü satmaq da onu vəziyyətdən çıxara bilməyib. Yeni hökumətin yeni sərt qanunları ilə vergidən yayındığına görə Aleksandr Eqnataşvili Tiflisdə həbs edilib.
Kiçik qardaşı Aleksandrı həbsdən azad etmək üçün Stalinin anası Kekedən kömək istəyib. Köhnə yaxşılıqları unutmayan Keke Aleksandrı xilas etmək üçün birbaşa Gürcüstan Mərkəzi İcraiyə Komitəsinin sədri Filip Maxaradzenin yanına gedib. Sədr onu ehtiramla qarşılayıb və təmkinlə dinləyib. Bildirib ki, Aleksandr Eqnataşvilini həbsdən buraxmaq üçün bir nəfər ona zamin durmalıdır. Keke zamin durmağa hazır olduğunu bildirəndə Maxaradze məsələnin incəliyini Stalinin anasına belə başa salıb:
- Zamin duran şəxs həbsdən azad olan şəxsə cavabdehlik daşıyır. Biz Aleksandr Eqnataşvilinin sərbəst buraxsaq da, onun Gürcüstandan çıxmasına icazə verməyəcəyik. Əgər o, respublikadan kənara çıxsa, gərək biz ona cavabdehlik daşıyan, zamin duran şəxsi həbs edək. Biz isə Stalinin anasını həbs edə bilmərik.
Söhbətin bu məcraya yönəlməsinə baxmayaraq, Aleksandr Eqnataşvilidən respublikadan kənara çıxmaması haqqında iltizam alıblar və onu həbsdən buraxıblar.

İki gündən sonra Aleksndr Eqnataşvili Gürcüstandan Moskvaya gedib. O, Moskvada köhnə gürcü dostlarını tapıb, onların vasitəsi ilə Qoridəki qonşusu, Stalinin oğlu Yakovla görüşməyə müvəffəq olub. Yakov Eqnataşvili ilə Stalinin görüşünü təşkil edib.
Stalin Eqnateşvilinin əməllərinə sərt reaksiya versə də, qərarı yumşaq olub:
- Mən və bizim qurduğumuz hökumət qanunsuz ticarətin, vergidən yayınmanın əleyhinəyik, buna imkan verməyəcəyik. Buna görə də sənə qanuni iş təklif edəcəyəm, sənin sahənə uyğun.
Sonra Stalin Beriyaya Aleksandr Eqnataşvilinin cinayət işinin xətm olunması ilə bağlı göstəriş verib və bildirib ki, o, artıq bizim işçimizdir.
Bununla da, Aleksandr Eqnataşvilinin həyatının yeni mərhələsi başlanıb. O, bir müddət Krımdakı Kreml məmurlarına xidmət göstərən istirahət evlərinə rəhbərlik edib. Sonra o, Kreml komendaturasında Stalinin baş aşpazı kimi işə qəbul edilib. Daha sonra isə 1938-ci ildə “NKVD”-yə qəbul olunaraq Stalinin mühafizə xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Aleksandr Eqnateşvili Stalinin mətbəxinə, Kremldə, mənzilində və bağ evində ərzaq məhsullarının təminatına cavabdehlik daşıyıb. Bu məqsədlə o, Gürcüstanda xüsusi təsərrüfatlar yaradıb. Həmin təsərrüfatların fəaliyyətinin hər dəqiqəsi “NKVD”-nin ən inanılmış əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb. Təsərrüfatdakı məhsullar yalnız Stalinin istifadəsi üçün nəzərdə tutulub.

Stalinin Eqnataşviliyə böyük inamı olub, bütün səfərlərində Eqnataşvili onu müşayiət edib. Öz işinin ustası olan Eqnataşvili Stalinin qida zövqünü tam təmin etməyi bacarıb. Təbii ki, bu bacarıq mükafatsız qalmayıb. Aleksandr Eqnataşvili yüksək dövlət mükafatları ilə təltif olunub, 1945-ci ildə isə baş aşpaz general-leytenant rütbəsinə layiq görülüb.
Eqnataşvili siyasi oyunlardan, konfliktlərdən uzaq bir adam olub. Yəqin elə buna görədir ki, Stalinin silahdaşları, hiyləgər Mikoyan da, amansız Beriya da, kaprizli Molotov da, heç kəsi saya salmayan Jdanov da ona hörmətlə yanaşıblar, onun qeyri-rəsmi görüşlərdə dostyana xahişlərini canla-başla yerinə yetiriblər.
Stalinlə işlədiyi dövrdə Aleksandr Eqnataşvili qohum-əqrabasını da unutmayıb, onlara da gün ağlayıb. Oğlu Georgi “NKVD”-nin əməkdaşı olaraq, SSRİ Ali Sovetini Rəyasət Heyətinin sədri Nikolay Şvernikin şəxsi mühafizəsində xidmət edib, qardaşı Vasili Gürcüstan Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləyib, bacısının həyat yoldaşı Gürcüstanda teleqraf agentliyinin baş direktoru olub.
Aleksandr Eqnateşvili 1948-ci ildə, 69 yaşında vəfat edib. Onun Qoridəki dəfnində böyük izdiham yaşanıb.
İlham Cəmiloğlu, Musavat.com
Oxşar xəbərlər