Rusiyada kütləvi aksiyalar başladı

  • 26 mar 2017, 18:53
Müxalifət fəalı Aleksandr Navalny etiraz aksiyasında saxlanılıb.
Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.  Müxalifət fəalı Aleksandr Navalny Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb. Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.

Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.
Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb. Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.

Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb. 

Azadlıq Radiosu
Oxşar xəbərlər