Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR

  • 18 fev 2019, 21:28

Jurnalist Osman Nərimanoğlu Gəncə sakinləri arasında sosial sorğuya start verib. Sorğuda əsasən işsizlik, dolanışıq mövzusu müzakirəyə çıxarılıb. Suallar belə olub: "Gəncədə işsizlik səviyyəsi hansı durumdadır? Hamı işləyirmi, dolana bilirmi?"..

"Demokratik.Az-ın məlumatına görə, ilkin mərhələdə sorğuya maraqlı rəylər alınıb. Rəy yazanların əksəriyyəti işsizlikdən əziyyət çəkdiklərini, dolana bilmədiklərini, pul qazanmaq məqsədilə ölkəni tərk edib Rusiyaya, Türkiyəyə və başqa ölkələrə işləməyə getdiklərini yazıb. Rəylərə inansaq, Gəncədə əsasən gənclərimiz işsizdir.

Bəzi şərhlərdə isə şəhər yeri olduğundan, ayda 300 manat maaşa işləməklə dolanışığın mümkünsüzlüyünü dilə gətirənlər var. Eləcə də, yaşı 30-dan yuxarı insanların, xanımlardan fərqli olaraq kişilərin iş tapmaq şansının daha aşağı olduğu faktı önə sürülür. Bir çox insan hesab edir ki, 90-cı illərdə fəaliyyəti dayanmış iri istehsal müəssisələri, zavod-fabriklər işə düşsə, problemin həlli xeyli mümkün olacaq.

Gəncədə yaşayan tanınmış jurnalist həmkarımız Maarif Rzayev isə mövzuya daha həssas yanaşaraq, geniş və əhatəli cavab yazıb. Həmkarımızın maraqlı fikirlərini - yazısını olduğu kimi təqdim edirik:

Nəinki Gəncədə, ölkənin bütün bölgələrində, Bakı istisna olmaqla,iş tapmaq çətinləşib. Bu kapitalizmin sərt üzündən xəbər verir.Və mövcud vəziyyət tək Gəncədə və ümumiyyətlə, Azərbaycanda deyil, qonşu Türkiyə və Rusiyada da eynilədir. Ölkə başçısı özünüməşğuliyyət haqqında fərman imzalayıb, bu sənəd ondan xəbər verir ki, insanların iş qurmaları və sərbəst fəaliyyət göstərmələri üçün imkanlar tam açıqdır. Gəlin qonşu Gürcüstana nəzər salaq. Kimi otel açır, kimisi kafe-restoran, aqrar sahədə olanlar heyvan saxlayır, əkib-becərir və s. Buna baxmayaraq, sıravi gürcülərin özləri işsizlikdən əziyyət çəkirlər. Hətta Avropa məkanı olan İspaniyada evi, mülkü olanlar bankdan vəsait götürüb iş qurur və bekar işçi qüvvəsinə dəstək olurlar. Qısa deyəcəm. Bəs, bu o deməkdirmi ki, neft ölkəsinin əhalisi də bu durumla kifayətlənməlidir? Mən bu sahədə mütəxəssis olmasam da, uzun müddət mediada çalışan bir yazar kimi deməliyəm ki, vaxtında və səmərəli addımlar atılsaydı Azərbaycanda nəinki işsiz olmazdı, hətta qonşu ölkələrdən buraya işçi qüvvəsi axışardı və bu addımın Qarabağ probleminin həlli istiqamətində siyasi effekti də ola bilərdi. Konkret Gəncə şəhəri ilə bağlı onu deyə bilərəm ki, şəhərin olduqca güclü turizm potensialı var. Bu bir kənara. Vaxtilə sənaye şəhəri kimi şöhrət qazanmış Gəncədə SSRİ çökdükdən sonra bu müəssisələr bağlandı. Səbəbi aydın idi, SSRİ dönəmində müəssisələri bağlayan zəncir qırıldı. Bu zənciri bərpa etməyə isə hələ illər lazım olacaq. Bütün bunlar bir kənara...

Ortada neft faktoru olduğundan yenə də deməliyəm ki, Gəncə Gürcüstan sərhəddinə yaxın və İpək yolunun üstündə olduğundan azad iqtisadi zona yaratmaq olardı. Digər tərəfdən,nə qədər Çin bazarı ucuz olsa belə, aqrar sektorla yanaşı, Gəncə şəhərində hərbi zavodlardan tutmuş xaricdən gətirdiyimiz və hər bir ailənin ehtiyacı olduğu məişət texnikasının istehsalı zavodunu işə salmaq mümkün idi. Digər layihələri də ortaya qoymaq olar. Əfsuslar olsun ki, real bazar vəsaitin tez dönməsini tələb etdiyindən, iş adamları kapitalı əsasən göydələnlərin tikintisinə yönəldir. Deməli, bu məsələdə dövlətin müdaxiləsinə və uzunmüddətli investisiya qoyuluşuna ehtiyac var. Neftdən gələn gəlirin rasional istifadəsi çox vacib məsələ idi. Lakin bir daha qeyd etməliyik ki, müharibə şəraitində yaşamağımız həyati vacib xərcləri artırdığından müəssisələrin açılışı gündəmdə aşağı pilləyə düşdü. Beləliklə, işsizliyi azaltmaq üçün Gəncədə nə etmək olar? Ölkənin bir neçə nazirliklərinin bu şəhərə köçürülməsi məqbul olardı. Müəssisələrin açılması isə mövcud bazarın tələbinə uyğun təşkil edilməlidir. Bütövlükdə Azərbaycana gəldikdə isə,bu çox geniş mövzudur və bu haqda danışmaq üçün bir tv verilişi hazırlanmalıdır, təbii ki,başbilənlərin iştirakı ilə. Fikirlərini bölüşmək istəyənlər, buyursunlar. Hər bir işsizə istədiyi işi tapmağı arzulayıram".

Bildirək ki, jurnalist Osman Nərimanoğlu Qərb bölgəsində geniş araşdırma apararaq, mövzu ətrafında maraqlı müsahibələr və yazılarla görüşünüzə gələcək.

Sosial sorğunun nəticələri və maraqlı şərhlərin dərci bu ayın sonunadək davam edəcək.

İşsizlik, fərdi məşğulluq və sosial problemlər mövzusunda şikayət və təkliflərinizi saytımızın elektron poçtuna göndərə bilərsiniz. Müraciətləriniz araşdırılacaq, zəruri hallarda cavablandırılacaq.

E-mail ünvanımız: ([email protected])

Demokratik.Az

Oxşar xəbərlər