Gəncənin dezinformatoru Demokratik.Az-ı “hədələyir”

  • 05 dek 2016, 08:33

İspanlara qonaqlıq, cırılan istefa ərizəsi, bir də Elmar Vəliyevi Barselonaya aparacaq səbəb...

"İnsanın iki gözü, iki də qulağı var. Biriləri pisi görəndə, digərləri də yaxşını görüb qiymət verməli deyilmi?” Bu fikirlər Gəncədə baş verən silsilə olaylarla bağlı "Demokratik.Az” da yer alan tənqidi yazılara rəğmən, biz jurnalislərin də güvəncə yeridir. İlk baxımdan məntiqli görünən bu iradın fərqinə belə varmayan, çörəyini yeyib, suyunu içib də, bu tarixi şəhərdə hər kəsi və hər şeyi qara görən məmurlar var. Belə məmurlardan biri Elmar Vəliyevin lap yaxınlığındadı... Gəncə İcra Hakimiyyətində qaragüruhçuluğun mahir ustası, bir çox hallarda qalmaqallı icra başçısını yalan məlumatları ilə "təxribat”a sürükləyən, bir çox adamı qəsdlə "rəhbərinə” düşmən obrazında təqdim edən imanlı imansız. Belə dezinformator Elmar Vəliyevin özünə və fəaliyyətinə potensial təhlükədir. Bəli! Söhbət Gəncə İH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədovdan gedəcək...

Demokratik.az xatırladır ki, ötən həftə (28 noyabr) İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin üzvləri Gəncədə olublar. Əcnəbi qonaqlar və İspaniyadakı diplomatik korpusun nümayəndələri Elmar Vəliyevin müşaiyyəti ilə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra, 1936-1939-cu illərdə Gəncədə 30 saylı orta məktəbin binasındafəaliyyət göstərmiş 20 nömrəli təyyarəçilik məktəbinin ispan kursantları və təlimçilərinin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimində iştirak ediblər. Heyət muzeylə tanışlıqdan sonra, Gəncənin gəzməli yerlərinə baş çəkiblər, "Fəxri Xiyaban”da uyuyan 19 nəfər ispan təyyarəçilərinin məzarlarını ziyarət ediblər...

 Gəncə İH-dəki etibarlı mənbə tərəfindən Demokratik.Az-a verilən məlumata görə, axşam saatlarında Elmar Vəlievin təşəbbüsü ilə qonaqlara Gəncədəki məşhur "Ramada Plaza” otelində dəbdəbəli ziyafət məclisi də təşkil olunub. Elmar Vəliyev qonaqların sağlığına o qədər içib ki, sonda sərxoş olub. Məlumata görə, məclisdə iştirak edən İH rəsmisi Həsən Məmmədov icra başçısına verdiyi məlumatlardan sonra, cibində gəzdirdiyi kağız parçasını sonuncuya təqdim etməsi qalmaqala səbəb olub. Elmar Vəliyev məmurun hərəkətlərinə, çox danışmasına dözməyib və aldığı kağızı əsəbi halda cıraraq Həsən Məmmədovdan susmağını tələb edib. Daha sonra əsəbi başçı ispanlarla sağollaşaraq məclisi tərk edib.

 Hadisənin mahiyyətinə Demokratik.Az-da aydınlıq gətirməyə çalışan mənbə bildirir ki, H.Məmmədovun dayısı, əvvəllər şəhər Kommunal Təsərrüfat şöbəsində müavin olan Şahin Məmmədov işdən çıxması üçün Elmar Vəliyevə "ərizə” yazıb. Daha doğrusu, Nəqliyyat Nazirliyi Yanında DANX-a göndərmək istədiyi istefa ərizəsini ilk öncə Elmar Vəliyevə təqdim etməyə cəsarət tapmayan Şahin Məmmədov bu missiyanı "poçtalyon” kimi bacısı oğlu Həsən Məmmədova həvalə edib. Başçının cırıqladığı kağız da məmurun istefa ərizəsi olub.

Yayılan xəbərə görə, "dayı”nın aylar öncə 1 saylı Gəncə Regional Nəqliyyat Departamentinin rəisi postuna yiyələnməsi məhz Elmar Vəliyevin xeyir-duası ilə baş tutub və bu işdə dayısına Həsən Məmmədov vasitəçilik edib. Lakin, Şahin Məmmədovun fəaliyyətində Gəncə İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi arasında baş qaldıran narazılıqlar onun istefasını zəruri edib. Görünür, Elmar Vəliyevin hiddətinə səbəb olan da odur ki, dayısına bir müddət öncə vəzifə istəyən Həsən müəllim çox keçməyib ki, başçıya bəhanələrlə dolu "istefa” xəbəri gətirib. Amma, olayın daha maraqlı tərəfləri da var.

Hər məktəbdən 150 manat "haqq” yığılıb?

Demokratik.Az-ın məlumatına görə, İspaniyalı qonaqların Gəncəyə gəlişi gözlənilən olub.

Qarşılanma mərasiminin yüksək səviyyədə təşkilinə göstəriş verildikdə icra başçısına deyilib ki, 30 saylı orta məktəbdə ispanlara yaradılacaq "Xatirə Muzeyi”nə xeyli maddi vəsait tələb olunur. Məsləhətləşmələrdən sonra təşkilati məsələlərin həlli İHB-nin müavini Sevda Qurbanəliyevaya tapşırılıb. Xanımın müavini Həsən Məmmədov da öz növbəsində canfəşanlıq edərək maraqlı təkliflə çıxış edib. Deyib ki, şəhər məktəblərinin hər birindən 150-200 manat yığılsın və "muzey”in yüksək səviyyədə qurulması bu yolla təmin edilsin. Lakin sonradan ağıllı təklif sahibi məktəblərdə yığılan pul barədə özünə yaxın media təmsilçilərinə xəbər sızdırıb və bir çox məktəb direktorunun "başı” ağrıyıb. Məlumata görə, xanım müavinlə H.Məmmədov arasında narazılıqlar var və sonuncu hər vəchlə xanım müavini "vurmağa” çalışır. Həsən Məmmədova yaxın olduğunu iddia edən jurnalistin Demokratik.Az-a bildirdiyinə görə, pulu Sevda Həsənəliyeva özü "yığıb”. Nəticədə "jurnalistlərin dostu” bu faktı xanım müavinə qarşı kompromat kimi istifadə edib. Ölkənin belə bir durumunda məktəblərdən (müəllimlərdən) pul yığılması yəqin ki, hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq və Gəncə məmurlarının "ispan jesti”nə hüquqi qiymət veriləcək.

Dezinformator "Demokratik.Az”-ı niyə hədələyir?

Bildirək ki, Elmar Vəliyevin inamından, etibarından öz xeyrinə istifadə edən Həsən Məmmədov dezinformasiya ilə də məşğuldur. Bu məmurun işi, gücü danos toplamaq və başçıya veriləcək məlumatları istədiyi kimi "raport” etməkdir. Demək olar ki, o buna xeyli dərəcədə nail olub. Uduzan tərəf isə, yəqin ki, Elmar Vəliyevdir. Çünki, başçının yanında kiminsə şəxsiyyəti, fəaliyyəti barədə rəy yaratmaq mühüm məsələdir. Amma cənab Elmar Vəliyev kimlərinsə xüsusən Həsən Məmmədov kimilərinin dedikləri ilə deyil, məntiqlə və qanunamüvafiq qaydalarla hərəkət etsə hər kəs yanında daha hörmətli olar. Demokratik.Az-a daxil olan məlumata görə, Həsən Məmmədov media təmsilçiləri barədə də ziddiyyətli rəylər yaradır. Hətta, Elmar Vəliyevin yalançı informatoru Demokratik.Az-ın redaktoru Osman Nərimanoğluna müxtəlif şəxslər vasitəsilə təhdidedici mesajlar göndərir. Saytın rəhbəri barədə İHB rəsmiləri arasında pis rəy yaratmağa çalışır. Jurnalisti həzm edə bilməyən bu məmur "Ramada Plaza”kı qonaqlıqda da elə hey Demokratik.Az-ı, Osman Nərimanoğlunu sayıqlayıb. Məqsədi isə bizə bəllidir. Demokratik.Az-a görə, Həsən Məmmədov süni imic və rəy formalaşdırmaqla icra başçısını növbəti yalnışlığa yönləndirir. O ki, qaldı H.Məmmədovun bizə bir neçə telefon zəngində dediklərinə, biz yalnış səmtə yönələn deyilik. Biz yazan deyilik ki, "Elmar Vəliyev toxunulmazdır, təhlükəlidir, adamı öldürtdürə, ondan yazan jurnalistləri tutdura, döydürə bilər”. Bu sözləri Demokratik.Az-a Həsən Məmmədov deyib.

Elmar Vəliyev Barselonaya gedəcək?

Sonda bildirək ki, növbəti aylarda Gəncənin İcra Başçısı İspaniyaya (Barselonaya) dəvət alacaq. Gəncə İHB-dəki mənbəmizin məlumatına görə, 2017-ci ildə Gəncə şəhəri ilə İspaniyanı möhkəm tellərlə bir birinə bağlayan təyyarəçilik məktəbinin yaranmasının 80 ili tamam olacaq. Bu məqsədlə də Elmar Vəliyevin Barselonaya səfəri planlaşdırılıb. Nəzərə alsaq ki, Elmar Vəliyev ölkəmizin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovla dostdur, deməli səfərin reallaşacağı şübhəsizdir. Anar Məmmədov isə BDU rektoru, Abel Məhərrəmovun oğludur və diplomatik vəzifəyə bu ilin aprelində təyin olunub.

Osman Nərimanoğlu

Demokratik.Az iddialara qarşı tərəfdən cavab tapmağa çalışıb. Həsən Məmmədovla əlaqə zamanı məlum olub ki, mətbuatın suallarına Hüseyin müəllim aydınlıq gətirir. Hüseyin müəllim isə elektron müraciəti məsləhət gördü: -"yazın e-poçta atın cavab verək”.Təhsil şöbəsinin müdiri Zakir Hüseynov isə hadisədən xəbərsiz olduğunu, məktəblərdən yığılan 150 manatdan xəbərsiz olduğunu bildirib. Demokratik.Az hər bir halda yazıda adıçəkilən hər kəsin mövqeyini işıqlandırmağa hazırdır.

Demokratik.Az    

 

 

Oxşar xəbərlər