Əflatun Amaşovdan “kupça” qalmaqalına REAKSİYA
- 04 sen 2019, 21:22
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların ("kupça”) verilməməsi müzakirə mövzusuna çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün "kupça”nın verilmədiyini elan edib.
Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərə verilən evlər xidməti ev kimi bir şeydir.
Yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov münasibət bildirib.
Əflatun Amaşov "Yeni Çağ”a deyib ki, həmin mənzillər Pezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir:
"Bu eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaqdır”.