"Bu, ölkəyə gələn turistlərin kəskin artmasına səbəb ola bilər" - Deputat

  • 21 apr 2022, 13:57
"Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq”.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağalarının aradan qaldırılması ilə bağlı müzakirələrin intensivləşməsindən danışarkən deyib. Deputat bildirib ki, artıq əksər ölkələr tibbi maskdan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv edib:



"Hətta bu məsələlərə konservativ yanaşan liberal Amerika Birləşmiş Ştatları da yeni yumşaldılmalar barədə qərar verdi. Karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımdan vacibdir. 2021-ci idə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payın düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Qeyd edim ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir”.

Deputat bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur:

"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir”.
Oxşar xəbərlər