Xəbər lenti
Bütün xəbərlər

“Statistika Komitəsinin rəqəmləri real deyil”

  • 20 iyul 2017, 09:24

Natiq Cəfərli: "İqtisadiyyatı sağlamlaşdırmaq istəyiriksə, diaqnozu düzgün qoymalıyıq...”


Bu ilin birinci yarısında ölkədə 31 milyard 310.6 milyon manat Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir. Komitənin son rəqəmlərindən görünür ki, ötən ilin birinci yarısı ilə müqayisədə Azərbaycanda ÜDM istehsalında kəskin artım baş verib. Çünki ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 27 milyard manatdan bir qədər artıq dəyərdə, yaxud 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz az ÜDM istehsalı olmuşdu.


Bu ilin müvafiq dövründə istehsal olunan ÜDM-in nominal dəyəri isə bundan 4.3 milyard manat, yaxud 16 faiz çoxdur. Yaxud 2017-ci ilin birinci yarısında istehsal olunan ÜDM-in nominal həcmi 2015-ci ilin müvafiq dövrünü də üstələyir. ÜDM artımına dair açıqlanan son rəqəmlər Azərbaycan iqtisadiyyatının tənəzzül dövründən çıxdığını deməyə əsas verir.
İqtisadçılar isə hesab edir ki, ÜDM-də artım deyil, əksinə, azalma qeydə alınıb. Mövcud rəqəmlər isə sadəcə, dolların manat ifadəsində dəyərinin artması ilə bağlıdır. Bu səbəbdən ölkəyə daxil olan valyutanın həcmi əvvəlki illərlə müqayisədə azalsa da, manatla ifadədə artım kimi səslənir.


İqtisadçı ekspert Natiq Cəfərli ölkədə real iqtisadi durumun DSK-nın məlumatlarından fərqli olduğunu vurğuladı: "Bu, çox optimist rəqəmlərdir, lakin məlumatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in hansı səviyyədə olması ilə bağlı ümumi nəticəyə gəlinməyib. Hesablamalar isə göstərir ki, təqribən 1 faizə yaxın azalma müşahidə olunub. Çünki yanvar-may aylarında rəsmi rəqəmlərə görə, ÜDM-in həcmində 0,9 faiz azalma olub, may ayından sonra neftin qiymətində də azalma olduğundan ÜDM-in azalması daha da sürətlənə bilər. Hazırda təqribən 1 faizə yaxın azalma var. Burada isə yanıltmalardan istifadə olunur. Ayrı-ayrı sahələr üzrə rəqəmlər göstərilir. Məsələn, qeyri-neft sektoru üzrə ÜDM-də artım olduğu vurğulanır, lakin bu sektorun iqtisadiyyatda payının aşağı olması qeyd olunmur. Qeyri-neft sektorunda 1,7 faiz artım olduğu bildirilir. Ancaq bu, çox aşağı bir göstəricidir. Çünki qeyri-neft sektorunun, ümumiyyətlə, iqtisadiyyatda payı çox aşağıdır. Neft sektorunda isə ümumdaxili məhsulda 6,6 faiz azalma baş verib. Bu çox ciddi bir azalmadır”. \


İqtisadçı diqqətə çatdırdı ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il rəqəmlərin bir qədər yaxşılaşmasına təsir edən əsas amil neftin qiymətləri olub: "Keçən ilin ilk 6 ayında Azərbaycan neftinin orta qiyməti təqribən 40-42 dollar civarında idi, bu ilin ilk 6 ayında isə təqribən 50-55 dollar civarında olub. Son bir aydır ki, qiymətlərdə azalma müşahidə olunur. Ancaq neftin qiyməti ötən illə müqayisədə hələ də normaldır. Nə qədər də qəribə səslənsə də, bu statistik göstəricilərə devalvasiyada müsbət təsir edib. Çünki xaricə satılan məhsullar dollarla satılır, sonradan həmin vəsaitlər sonradan ÜDM-də manat ekvivalentində indiki məzənnəyə uyğun olaraq hesablanır və bu da ÜDM-in manatla göstəricilərini yüksəldir”.


N.Cəfərlinin sözlərinə görə, ötən il ÜDM-də azalma daha kəskin olub - 3,8 faiz: "İndi isə azalmanın sürətinin aşağı düşməsinin səbəbi yenə də neftlə bağlıdır. Neftin qiymətləri yüksəldiyi üçün ÜDM-də manat ekvivalentində faiz artdı. Dövlət Statistika Komitəsi bu cür hesablamalar aparmaqla insanları sakitləşdirməkdən başqa bir iş görmür. Normal analiz aparılarkən neft sektoru ilə qeyri-neft sektorunun bir-birindən ayrılması düzgün deyil. Ümumiyyətlə, dünyada belə bir yanaşma mövcud deyil. Bu, Rusiyadan bizə keçmiş pis bir ənənədir. Dünyanın heç bir ölkəsində ümumi iqtisadi göstəricilər hesablanarkən neft və ya qeyri-neft sektoru kimi anlayışlar olmur. Dünyada ən böyük neft ölkələrindən biri ABŞ-dır. Hasilatına görə lider ölkədir. Ancaq bu ölkənin heç bir statistik göstəricilərində ÜDM hesablanarkən ”neft" və ya "qeyri-neft” sözlərinə rast gələ bilməzsiniz. Azərbaycanda isə qeyri-neft sektorunda müəyyən irəliləyiş olduğu üçün, bunu sanki bir uğur hekayəsinə çevirməyə çalışırlar. Bu sektorda 1,7 faizlik bir artım olduğunu önə çəkərək, ümumi azalmadan diqqəti yayındırmağa çalışırlar".


İqtisadçının fikrincə, real gəlirlər bölümünə baxdıqda görünür ki, vəziyyət heç də ürəkaçan deyil: "Azərbaycan əhalisinin real gəlirləri bu ilin ilk 6 ayı ərzində 6,7 faiz artıb. Bu artım nominal olaraq hesablanıb. Ancaq reallıqda isə gəlirlər azalıb. Çünki rəsmi inflyasiya 14 faizdirsə, inflyasiya nominal artımı obrazlı desək ”yeyib", hətta daha da azalmasına səbəb olub. İnsanların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Yekun olaraq onu qeyd edim ki, DSK-nın əsas qayəsi və borcu siyasi bəyanatlara bənzər statistik məlumatlar açıqlamaq deyil, ölkədəki iqtisadi proseslərin hansı formada getdiyini, hansı problemlərin olduğunu təsbit etməkdir. İqtisadiyyatda da tibdə olduğu kimi, diaqnostika çox önəmlidir və statistik rəqəmlərin doğruluğu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda iqtisadiyyatın sağlamlaşmasını istəyiriksə, diaqnozu düzgün verməliyik. Bu diaqnozda yer alan statistik rəqəmlər siyasiləşmiş rəqəmlər deyil, reallığı əks etdirən rəqəmlər olmalıdır".


Oxşar xəbərlər