2020-ci il və Azərbaycan üçün mühüm iqtisadi hadisələr

  • 01 yan 2021, 18:16
I. 26.02.20: ABŞ-ın sanksiyaları şəraitində İranla bank əməliyyatlarını təmin etmək üçün yaradılan Avropa Birliyinin maliyyə hesablaşmaları INSTEX (Instrument in Support of Trade Exchanges, “Ticarət mübadilələrinə dəstək aləti”) mexanizmi işə salındı.
II. 19.03.20: Azərbaycan Prezidenti enerji bazarında koronavirus pandemiyası və energetika bazarında narahatlıqların Azərbaycan iqtisadiyyatına və onun makroiqtisadi sabitliyinə mənfi təsirinin azaldılmasına yönəlmiş bir sıra tədbirlərin qəbulu haqqında fərman imzalayıb.
III. 27.04.20: Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank”a müvəqqəti inzibatçılar təyin edildi.
IV. 21.05.20: Ələt azad iqtisadi zonası fəaliyyətə başladı.
V. 10.06.20: Trans-Adriatik Boru Kəmərinin (TAP) Adriatik dənizindən keçen 105 km-lik hissəsi uğurla başa çatdırılıb.
VI. 14.07.20: Prezident İlham Əliyev “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunun tətbiqi barədə fərman imzaladı.
VII. 07.08.20: Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AIH) yaradıldı.
VIII. 06.11.20: “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli AR prezidentinin Sərəncamıilə Dövlət Komissiyası yaradılıb.
IX. 09.11.20: Prezident İlham Əliyev sentyabrın 9-da Baş Nazirin rəhbərlik etdiyi Azərbaycan Respublikası İqtisadi Şurasının və onun tərkibinin yaradılması haqqında sərəncam verdi.
X. 29.12.20: 2021-ci il dövlət büdcəsi layihəsi üçüncü oxunuşda qəbul edildi.
2020-ci ilin iqtisadiyyatı pandemiyanın təzyiqi altında
Yol saldığımız 2020-ci il əvvəlcədən nəzərə alınmayan pandemiya və vətən müharibəsi kimi iqtisadiyyata əhəmiyyətli təsir göstərən faktorla bir çox göstəriciləri ilə əvvəlkilərdən fərqlənməkdədir. Bu özünü ilin sonuna olan nəticələri qiymətləndirərkən ortalığa çıxan bir sıra qərarlaşmış tendesiyalarda və meyllərdə özünü göstərməkdədir. Odur ki, yola saldığımız ilin gerçək iqtisadi mənzərəsini çılpaqlığı ilə göstərmək üçün qiymətləndirmələri müxtəlif prizamalardan (makroiqtisadi, fiskal, investisiya, xarici ticarət, maliyyə və bank, əhalinin gəlirləri və xərcləri) təqdim edirik.
İlk növbədə nəzər yetirdiyimiz makro-iqtisadi müstəvidə diqqəti çəkən 2020-ci ilin 11 ayında Ümumi daxili məhsulun (ÜDM) 4,3%, əhalinin hər nəfərinə düşən ÜDM-in isə 5,0 % azalmasıdır[1]. COVİD-19 pandemiyası və Qarabağda 44 günlük vətən müharibəsi ilin son 3 rübündə müşahidə olunan iqtisadi tənəzzülü şərtləndirən başlıca amillərdən hesab olunsalar da, onu dərinləşdirən motivlər sırasında pis idarəçilik, korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatın yüksək səviyyəsi hələ də əhəmiyyətli rol oymaqdadır.
Tənəzzülün qeyri-neft sektorun isə mart, bütövlükdə iqtisadiyyatda isə may ayından başlaması və il ərzində davam etməsi pandemiyanın, onun ilin dördüncü rübündən etibarən dərinləşməsi[2] vətən müharibəsinin rolunun yüksək olduğunu göstərir.
Cari il ərzində əhalinin sayının artımı tempi əvvəlki illərdən aşağı olub, 2020-ci il 01 noyabr vəziyyətinə artım əvvəllki illə nisbətən 100,7 % təşkil edib. Əhalinin sayının artım tempinin aşağı düşməsi heç şübhəsiz ki, COVİD-19 pandemiyasından həyatını itirənlərin sayının dekabrın 26-a olan məlumata görə[3] 2454-ə çatması, müharibədə şəhid olanların sayının 2800-ü ötməsi[4] ilə əlaqədardır.
ÜDM-in komponentləri (istehlak xəcrləri, investisiya, dövlət xərcləri və xalis ixrac) üzrə dəyərlərndirmə göstərir ki, onlar arasında dövlət xərcləri istisna olmaqla digərləri iqtisadi tənəzzülün yaranmasına və dərinləşməsinə təsir göstərib. Bu komponentlər arasında neqativ təsiri ilə ən çox seçilən xalis ixrac olub. Belə ki, 2020-ci ilin noyabrın 1-ə xarici ticarət saldosu 3,466 milyard dollar təşkil edib[5] ki, bu da ötən ilin eyni dövrü ilə[6] müqayisədə 34,5 % və ya 1,9 milyard dollar azdır.
İstehlak xərcləri komponentinə gəlincə, Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına əsasən 2020-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə əhalinin mal alınması və xidmətlərə xərcləri 5 faiz azalıb. Bu da ÜDM-də istehlak xərcləri komponentinin də neqativ rolunu göstərir. Əsas kapitala investisiyalara gəlincə, 2014-cü ildən indiyə qədər hər il azalan bu göstərici 2015 və 2016-cı illədən sonra 2020-ci ildə ən yüksək templə aşağı düşüb. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində əsas kapitala yönəldilmiş vəsaitlər ümumilikdə 4,0 %, o cümlədən qeyri neft-qaz sektoruna 11,0 % aşağı düşüb[7]. Bu da təbii ki, ÜDM-in azalmasında əhəmiyyətli rol oynayan faktorlardan hesab oluna bilər. Nəhayət, dövlət xərcləmələrinə gəlincə, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2020-ci ilin yanvar-noyabr aylarında 2019-сu ilin yanvar-noyabr aylarına nisbətən dövlət büdcəsinin xərcləmələri 9,9 % artıb[8]. Xərclərin artımını şərtləndirən başlıca faktor pandemiya və müharibə olub. Belə ki, pandemiyaya görə, büdcənin səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri, müharibəyə görə müdafiə xərcləri əvvəlki illərlə müqayisədə kəskin artıma məruz qalıb. Beləliklə də dövlət xərcləmələri ÜDM-in komponentləri arasında yeganə müsbət rola malik olub və iqtisadi eniş tempinin kəskinləşməsinin qarşısını alıb.
Sektorlar üzrə dəyərləndirmə göstərir ki, 2020-ci ilin yanvar-noyabr ayları 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən ən çox tənəzzül turistlərin yerləşdirilməsi və ictimai iaşədə (-56,9 %), nəqliyyatda (yük daşınması (-19,6 %), sərnişin daşınması üzrə (- 40,5%)), əhaliyə göstərilən ödənişli xidmətlərdə (- 25,8 %), tikintidə (-11,3%), sənayedə (- 4,7%) və ticarətdə (-1,4%) olub. Göründüyü kimi yola saldığımız ildə bizi sonadək müşaiyyət edən COVİD-19 pandemiyası ən çox turistlərin yerləşdirilməsi, ictimai iaşə, nəqliyyat, xidmət və tikinti sektorunu vurub. Pandemiyanın sənayedəkı tənəzzüldə də rolu böyük olub. Belə ki, bu sektorda tənəzzülü mədənçıxarma sənayesində istehsalın 7 % azalması şərtləndirib[9].
İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatina[10] kənd təsərrüfatı, informasiya və rabitə xidmətləri daxil edilməsə də, həmin sektorlarda məhsul istehsalı və xidmətlərin göstərilməsi son illər ərzində ən aşağı səviyyədə artıma məruz qalmışdır. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən kənd təsərrüfatında məhsul istehsalı 2,0 %, informasiya və rabitə xidmtlərində isə 1,6 % artıb. Əslində bir çox ölkələrin təcrübəsində pandemiya dövründə informasiya və rabitə xidmətləri əvvəlki illərlə müqayisədə daha çox artıma məruz qalıb.
Dövlət Gömrük Komitəsinin 2020-ci ilin 10 ayının yekunları üzrə açıqladığı məlumatdan[11] bəlli olur ki, ümumi ixracatda neft-qaz sektoruna daxil olan malların payı 88.19, neft-qaz sektoruna daxil olmayan malların xüsusi çəkisi isə 11.81 % təşkil edib. Hər iki qrup üzrə malların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm və dəyər göstəricilərinə görə azalıb. Belə ki, qeyri-neft ixracatı faktiki qiymətlərlə 8,2 %, müqayisəli qiymətlərlə 17,7 % azalıb. İdxala gəlincə, onun strukturunda da bir sıra dəyişiklər müşahidə olunub. Belə ki, hesabat dövründə cəmi idxalda yeyinti məhsulları 15,2%, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 23,58%, nəqliyyat vasitələri və onların hissələri 13,65%, qara metallar və onlardan hazırlanan məmulatlar isə 9,29% təşkil edib. Bu da cari ildə iqtisadiyyatın modenləşdirilməsi səviyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmasını göstərir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında[12] maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin cəmi idxalda xüsusi çəkisi 18,61 %, nəqliyyat vasitələri və onların hissələrinin payı isə 8,63% təşkil etmişdi[13]. Bundan savayı ötən illə müqayisədə əczaçılıq məhsullarının idxalı 235,697 milyon dollardan 304,631 milyon dollaradək artıb. Bu da pandemiya ilə əlaqədar olaraq dərman preparatları və tibbi ləvazimatlara artan tələbatın nəticəsidir.
Cari ildə pozitiv göstəricilər siyahısında dövlət büdcəsinin gəlirləri və xərclərinin tənzimlənməsini göstərmək olar. Baxmayaraq ki, müharibə müdafiə xərclərini, panemiya isə səhiyyə xərclərinin kəskin artımını şərtləndirib, lakin, cari ilin 11 ayının yekunları üzrə dövlət büdcəsində 78,4 milyon manat profisit yaranıb.
Cari ilin neqativ göstəriciləri siyahısında 2020-ci ilin yanvar-noyabr ayları üzrə əhalinin hər nəfərinə düşən nominal gəlirlərin 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 2,0% azalması və bu dövrdə inflyasiyanın 2,8 faiz təşkil etməsi əhalinin real gəlirlərinin 5 %-dək azalmasını şərtləndirib. Bununla yanaşı 2020-ci il 01 noyabr vəziyyətinə əhalinin banklardakı əmanətləri ötən ilin eyni dövrünə nisbətən 10,7 faiz azalıb. Bu dövrdə orta aylıq nominal əməkhaqqı da manat 704,5 təşkil edib ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 7 manat 60 qəpik azdır. İşsizlıyə gəlincə, DSK-nın açıqladığı məlumatlardan aydın olur ki, 2020-ci ilin əvvəlinə nisbətən işizlərin sayı 114 min nəfər və ya 45,2% artaraq 252 min nəfərdən 366 min nəfərə çatıb. Göründüyü kimi 2020-ci il əhalinin gəlirlərinin, eləcə də əmək haqqlarının azalması, işsizliyin artımı ilə xarakterizə olunub ki, bu da təbii ki, yoxsulluğun daha da dərinləşməsinə gətirib çıxarıb.
Yekunda qeyd etmək istərdim ki, 2020-ci ildə maliyyə sektorunun başlıca göstəricilərindən olan xarici valyuta ehtiyatlarında ilin ilk 3 rübündə azalma qeydə alınmayıb. Dövlət Neft Fondunun oktyabrın 1-ə olan açıqladığı məlumata görə, ilin əvvəlinə nisbətən Fondun aktivlərində cəmi 0,08% (86.6 mln. dollar) azalma qeydə alınıb. Bu dövrdə Mərkəzi Bankın sərəncamında strateji valyuta ehtiyatlarını 150 mln. dollara qədər artıb və bütün bunların nəticəsində ilin ilk 3 rübündə milli valyutanın devalvasiya gözləntiləri reallaşmayıb. İlin sonuncu rübündə bu sahədə vəziyyət pisləşsə də müharibə və digər faktorlar (ilin sonuna xarici kreditlər üzrə borc öhdəliklərinin artımı) Azərbaycan hökümətini devalvasiyadan çəkindirib. Odur ki, 2020-ci ildə manatın gözlənilən devalvasiyası baş verməyib və hökumət il boyu manatın dollar qarşısında məzənnəsini qoruya bilib. Baxmayaraq ki, 2015-ci ilin devalvasiyalarından sonra manatın real məzənnəsində bahalaşmanın ən yüksək tempi cari ilin ilk 10 ayında qeydə alınıb. Belə ki, 2020-ci ildə manatın qeyri-neft sektoru üzrə real məzənnəsi 6,6%, türk lirəsinə qarşı 31,5%, Belarus rubluna qarşı 22.2%, rus rubluna qarşı 19.5%, Ukrayna qrivnasına qarşı 18,9%, gürcü larisinə qarşı 15,1% bahalaşıb. Manatın real məzənnəsinin bahalaşması yola saldığımız ildə milli iqtisadiyyatın rəqabət qabiliyyətini aşağı salıb.
Qubad İbadoğlu
[1] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1
[2] https://www.cbar.az/page-41/macroeconomic-indicators
[3] https://turan.az/ext/news/2020/12/free/Social/az/131313.htm
[4] https://mod.gov.az/az/news/veten-muharibesinde-sehid-olmus-herbi-qulluqcularin-siyahisi-34025.html
[5] https://customs.gov.az/modules/pdf/pdffolder/93/FILE_07B4BC-01CDBB-A5980D-AF45F4-04C07C-9CF06C.pdf
[6] https://customs.gov.az/modules/pdf/pdffolder/84/FILE_70C357-62F508-DB5913-C0F491-5C0C7A-9476B4.pdf
[7] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1
[8] http://maliyye.gov.az/news/5491/2020-ci-ilin-doqquz-ayinda-dovlet-budcesinin-icrasina-operativ-dair-melumat
[9] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1
[10] http://mks.az/news/other/item/10901-diqq%C9%99t-iqtisadiyyat-nazirliyi-pandemiyadan-z%C9%99r%C9%99r-%C3%A7%C9%99kmi%C5%9F-f%C9%99aliyy%C9%99t-sah%C9%99l%C9%99ri-a%C3%A7%C4%B1qlad%C4%B1-385-sayda-siyahi.html
[11] https://customs.gov.az/modules/pdf/pdffolder/93/FILE_07B4BC-01CDBB-A5980D-AF45F4-04C07C-9CF06C.pdf
[12] https://customs.gov.az/modules/pdf/pdffolder/93/FILE_07B4BC-01CDBB-A5980D-AF45F4-04C07C-9CF06C.pdf
[13] https://customs.gov.az/modules/pdf/pdffolder/84/FILE_70C357-62F508-DB5913-C0F491-5C0C7A-9476B4.pdf
Oxşar xəbərlər