ABŞ-ın Ukraynadakı biosirləri - Müharibənin başlanmasına səbəb budurmu?

  • 04 mart 2022, 21:13

Müharibə niyə gizli laboratoriyaların açılması ilə eyni vaxtda başlayıb?

Hələ 2017-2018-ci illərdə Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının sərhədlərinin yaxınlığında bioloji silahlar hazırlanması təhlükəsi haqda danışmış, əcnəbilərin rus biomateriallarını “məqsədli və peşəkar” şəkildə toplaması ilə bağlı narahatlığını dilə gətirmişdi. O zaman mətbuatda genetik silahın yaradılmasının mümkünlüyü fəal müzakirə olundu.

Ümumilikdə genetik texnologiyalar Putin üçün həssas və aktual mövzudur. Amerikanın Ukraynadakı laboratoriyaları isə müasir bioloji silahlar üzrə ixtisaslaşıb. “Oktaqon” saytı aydınlaşdırıb ki, Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı Kiyev və Odessada Amerika hərbi-bioloji laboratoriyalarının işə salınması ilə eyni vaxta təsadüf edib.

Kritik layihə

ABŞ-ın Müdafiə Nazirliyinin Hərbi Təhdidlərin Azaldılması Agentliyi (DTRA) 2021-ci ilin oktyabr ayında ABŞ hökumətinin dövlət satınalmaları saytında “xüsusilə təhlükəli patogenlərlə mübarizə” haqqında əlavə sazişi dərc etdi. Sənəd Kiyev və Odessada iki bioloji laboratoriyanın işə salınması üzrə işlərin yekun mərhələsinə aid idi. Orada söhbət avadanlıq, kadr hazırlığı və obyektlərin istismara verilməsindən gedirdi.

İşin dəyəri 3,6 milyon dollar idi, lakin sənəddə bir sıra rəqəmlər məxfilik səbəbindən gizlədilirdi. Həmçinin laboratoriyaların 90%-dən çox hazır olduğu, layihənin tamamlanmasının yeddi ay gecikdiyi bildirilirdi: sənədin imzalandığı tarixdən (iyul 2021) 2022-ci ilin fevral ayının sonuna qədər.

Laboratoriyalar Təhlükələrin Birlikdə Azaldılması Proqramına (Cooperative Threat Reduction Program) uyğun olaraq qurulub. Pentaqonun bu proqramı 1991-ci ildə başlayıb, Rusiya və keçmiş SSRİ ölkələrinə qarşı yönəlib. Laboratoriyaların yaradılması beş alt proqramdan biri olan bioloji (Bioloji təhlükənin azaldılması proqramı) proqram çərçivəsində maliyyələşdirilib. Ukrayna və ABŞ arasında bu sahələrdə fəal əməkdaşlıq 2005-ci ildə ilk “Maydan” hərəkatından sonra başlayıb.

Kiyev Dövlət Laboratoriya Diaqnostika və Baytarlıq-Sanitar Ekspertiza Elmi-Tədqiqat İnstitutunun və Ukraynanın qida təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət xidmətinin Odessa bölməsinin bazasında iki yeni laboratoriya yaradılıb. Təhlükəli xəstəliklərin patogenlərinin endemik ştamlarının Ukrayna kolleksiyasının əsas hissəsi Odessada saxlanılır. Kiyev və Odessada yeni bioloji laboratoriyaların binaları 2019-cu ildə tikilib, lakin istifadəyə verilməyib. Layihənin təsisçisi Ukrayna Səhiyyə Nazirliyinin keçmiş rəhbəri, “Doktor Ölüm” ləqəbini almış Ulyana Suprun hesab edilir.


Müqavilə üzrə işləri ABŞ hökumətinin təcrübəli podratçısı olan “Jacobs” qrupu, daha dəqiq desək, onun “CH2M Hill” şöbəsi həyata keçirir. Əlavə razılaşmanın zəruriliyi əlavə xərclər və COVID-19 pandemiyası səbəbindən gecikmə ilə əsaslandırılır. Bildirişdə bu layihənin ABŞ hökuməti üçün vacib və təxirəsalınmaz olduğu aydın şəkildə göstərilir: gələcək potensial gecikmələr qəbuledilməz adlandırılır və “DTRA missiyasının fəal və təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün hər iki laboratoriyanın təcili tamamlanması və təhvil verilməsi tələb olunur”.

“Hər iki obyekt Ukrayna hökumətinə məxsusdur və mühafizə olunur, lakin onların heç biri hazırda aktiv bioloji iş görmür, çünki DTRA Ukrayna hakimiyyətindən qəbul və tamamlama işləri başa çatana qədər işə başlamamağı xahiş edib”, – satınalma materiallarında deyilir.

Ukrayna virusoloqlarının DTRA-nın xəbəri olmadan da laboratoriyaları işlətməyə və dəyişdirməyə başlaya bilməsi riskindən bəhs edilir.
Amerikalılar qorxurdular ki, "avadanlığın Kiyev və Odessadan oğurlanması və ya zədələnməsi" mümkündür. Doğrudan da, artıq fərdi pozuntular yaranıb. 2021-ci ilin yayında yuxarıda adı çəkilən Kiyev elmi-tədqiqat institutunun əməkdaşı müəssisədən təhlükəli virus (Nyukasl quş xəstəliyi) nümunəsini götürüb və satmaq məqsədilə şəxsi mənzilində adi soyuducuda saxlayıb.

Üçüncü dünya ölkələri nanosilahların sınaq meydanına çevrilir

Rusiya və Ukrayna mətbuatında bu laboratoriyalar kütləvi qırğın silahlarının hazırlanması ilə əlaqələndirilir, lakin Amerika səfirliyi bu cür məqalələri “saxta” adlandırıb. Məsələ burasındadır ki, formal olaraq bu cür səylər “qida təhlükəsizliyi, istehlakçıların hüquqlarının müdafiəsi, həmçinin patogenlərin və təhlükə yaradan toksinlərin təhlükəsiz saxlanmasına yönəlib ki, onlar yanlış əllərə düşməsin və eyni zamanda dinc tədqiqatların aparılması, peyvəndlərin hazırlanması mümkün olsun".
ABŞ guya həmçinin "Təhlükəli patogen epidemiyalar Ukraynanın milli təhlükəsizliyə təhdid yaratmazdan əvvəl onları aşkarlamaq qabiliyyətini inkişaf etdirməyə kömək edir", - Dövlət Departamenti özünə haqq qazandırıb.

DTRA (1998-ci ildə Xüsusi Silahlar Agentliyinin bazasında yaradılmışdır) rəsmi olaraq nüvə, kimyəvi və digər kütləvi qırğın silahlarının məhv edilməsi, daşınması, saxlanması və istismardan çıxarılması ilə məşğuldur. Məsələn, 1991-ci ildən 2012-ci ilə qədər ABŞ Rusiya, Ukrayna, Qazaxıstan və Belarusda insanlar üçün ölümcül olan və bioloji silah kimi istifadəyə yararlı virus və bakteriyaların ştamları üzərində iş aparmağa qadir qurumlara 9 milyard dollar xərcləyib. Proqramın çoxsaylı tənqidçilər var, onlar bunun Pentaqonun məxfi məlumat alması üçün ört-basdır vasitəsi olduğunu, onun müəlliflərinin isə bioterrorizmdən başqa heç nə ilə məşğul olmadığını vurğulayırlar.

Pentaqon və Ukrayna Səhiyyə Nazirliyi arasında bioistehsalla bağlı razılaşmaya senator Riçard Luqar lobbiçilik edir. “WikiLeaks” layihəsinin məlumatına görə, 2005-2009-cu illərdə respublikanın hakimiyyət orqanlarına güclü xarici təzyiqlər edilib. Viktor Yanukoviçin prezidentliyi dövründə bu sahədə aktivlik azalmağa başlayıb, lakin 2013-cü ilin sonunda ölkədə baş verən çevrilişdən sonra yenidən bərpa olunub.


Ekspertlərin hesablamalarına görə, bu gün Ukraynada ABŞ hərbi departamenti ilə əlaqəli 15 (digər mənbələrə görə, ən azı 16) bioloji laboratoriya var: Kiyev və Lvovun hərəsində üç, Odessa, Xerson, Ternopil, Ujqorod, Vinnitsa, Xarkov və Luqanskın hərəsində bit, Dnepropetrovskda isə ikisi yerləşir. Amerikalı virusoloqların məntəqələrindən birinin yerləşdiyi Xarkovda 2016-cı ildə donuz qripindən onlarla əsgərin qəribə ölümü qeydə alınıb. Mart ayına doğru ölüm sayı yüzlərlə olub.

2019-cu ildə Rusiya Federasiyası və Ukrayna sərhədində qızılca və “taun xəstəliyinə bənzəyən” xəstəlik epidemiyası yayılmışdı. “Oktaqon” bu laboratoriyalarla bağlı DTRA-nın son bildirişini BMT-nin bioloji silahlar üzrə komissiyasının keçmiş üzvü, hərbi ekspert İqor Nikulinə göstərib. O izah edib ki, ABŞ hərbi virusoloqları bütün təhlükəli təcrübələri üçüncü dünya ölkələrində həyata keçirməyə üstünlük verirlər:
– Söhbət Ukrayna Səhiyyə Nazirliyi ilə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) arasında əməkdaşlıqdan gedir. DTRA kimi bir qurumun spesifik hərbi vəzifələri var - Amerikanın ən son “nailiyyətlərini” konkret genofondda - insanlar, heyvanlar və bitkilər üzərində sınaqdan keçirmək. Söhbət bioloji agentlərin - bakteriya və virusların yaradılmasından gedir. Aydındır ki, bu, ABŞ hərbi virusoloqlarının fəaliyyətidir və onlar “boz ərazidə” işləyirlər. Amerikalılar öz ərazilərində belə təhlükəli eksperimentlər keçirmir, bu işlə mövqelərinin möhkəm olduğu, hakimiyyətlərin korrupsiyaya uğradığı və nəzarətləri altında olan yerlərdə məşğul olurlar. Bu sənəd isə bütün bunları yalnız təsdiqləyir.

"Zəhərlərin gizli müharibəsi”

BMT-nin keçmiş baş katibi Kofi Annanın bioloji silah problemləri üzrə keçmiş müşaviri, hərbi ekspert İqor Nikulin “Okyaqon”a hərbi kimyəvi-zəhərləyici maddələr haqqında danışıb. O hesab edir ki, Rusiyanın hazırkı xüsusi hərbi əməliyyatı Ukraynada DTRA proqramını dayandıra bilər:
- Ümid edirəm ki, son hadisələrə görə bu planlar həm Kiyevdə, həm də Odessada təxirə salınacaq. Sənədlərdə bildirilir ki, COVİD səbəbilə işlərin tamamlanma müddətləri dəyişdirilir. Ümumiyyətlə, amerikalılar təkcə Ukraynada belə proqramlara artıq 2 milyard dollardan çox pul xərcləyiblər. Amma siyahıda Gürcüstan, Qazaxıstan, Ermənistan, Azərbaycan, Özbəkistan da var. Bütün bunlar çox ciddi məsələlərdir. Ümid edirəm ki, xüsusi əməliyyat zamanı bütün bu fəaliyyət dayanacaq və eyni zamanda ABŞ-ın 1972-ci il Bioloji Silahların Yayılmaması Konvensiyasını pozduğuna dair sübutlar əldə ediləcək. Mən buna çox ümid edirəm.

Amerikanın “bioloji təhdidlərlə” bağlı fəaliyyəti təkcə Ukrayna ilə məhdudlaşmır. Oxşar laboratoriyanı ABŞ 2004-cü ildə Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstanda yaradıb. Bundan əlavə, DTRA Özbəkistan, Azərbaycan, Qazaxıstan və Moldovada müvafiq layihələrə başlayıb. Ermənistanda tulyaremiya ocaqlarını öyrənmək üçün 12 belə müəssisə yaradılıb.

Bəzən laboratoriya nümunələrinin sızması hadisəsi baş verir, bu səbəbdən 2012-ci ildə laboratoriyalardan birinin yerləşdiyi Ermənistanın Gexarkunik rayonunda qarayara (Sibir xorası) xəstəliyi baş verib. Gürcüstanda isə müxtəlif qızdırmaların daşıyıcıları olan gənələr və “Asiya pələngi” ağcaqanadlarından istifadə olunmaqla insanlar üzərində sınaqlar keçirilib. 2014-cü ildə respublikada xüsusi “Sand Fly” (“Qum milçəyi”) adlı layihə hazırlanıb və həşəratlar bir ildən sonra Tiflis və Dağıstana hücum ediblər. Qazaxıstan və Tacikistanda DTRA virusların dəvələrdən insanlara keçməsini öyrənib.

Bundan başqa, iki il əvvəl Ermənistanda Pentaqonun maliyyələşdirdiyi biolaboratoriyalar erməni genotipinin öyrənilməsi ilə məşğul olub. Bostondan olan məşhur amerikan dərman və peyvənd ixtiraçısı, professor, “CureLab Oncology Inc” şirkətinin prezidenti Aleksandr Şneyder” Oktaqon”a müsahibəsində əhalisinin rəngarəng tərkibinə görə, Rusiyaya qarşı genetik biosilah yaratmağın çox çətin olduğuna diqqət çəkib.

Postsovet məkanında belə layihələrin əsas podratçısı “CH2M Hill” şirkətidir. Təşkilat aerozol toksinlərinin və bioterrorizm üçün mümkün vasitə olan “Burkholderia pseudomallei” bakteriyalarının (insanlarda və heyvanlarda melioidoz xəstəliyinə səbəb olan) təhlükəlilik dərəcəsini müəyyənləşdirməklə məşğul olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), biotəhlükəsizlik mütəxəssisləri, qarayara tədqiqatçıları və virusoloqlarla əməkdaşlıq edib.

Dünyanın müxtəlif ölkələrindən olan sol təşkilatların rəhbərləri dəfələrlə Amerika hərbi bioloji laboratoriyalarının ləğvini tələb edərək, onları “ölüm fabrikləri” adlandırıblar. Müraciətlərin birində qeyd olunur ki, təkcə Pentaqonun proqramları çərçivəsində 1495 laboratoriya və üçüncü mühafizə dərəcəli obyektlər yaradılıb ki, fəaliyyətləri şəffaf deyil və mövcud olduqları ölkələrin hökumətləri qarşısında hesabat vermirlər. Müraciət müəlliflərinin sözlərinə görə, belə müəssisələrdə vaksinlərə təslim olmayan aqressiv ölüm mikroblarının yeni ştammları yaradılır. Pentaqonun hərbi laboratoriyalarının yerləşdiyi Qərbi Afrikada Ebola epidemiyası, kənd təsərrüfatı bitkiləri və heyvanlarının qəribə viruslara yoluxması ilə bağlı da xeyli sual var.

Rusiyanın baş sanitar həkimi Anna Popova da Pentaqonun biolaboratoriyalarına qarşı iddialarla çıxış edib. O, 2019-cu ildə MDB ölkələrinin təhlükəsizlik şuraları rəhbərlərinin iclasının iştirakçıları qarşısında çıxış edərək, ABŞ-dan olan hərbi virusoloqların nəzarəti altında obyektlərin açıldığı yerlərdə əvvəllər məlum olmayan infeksiyaların yayılmasına diqqət çəkib. Keçən ilin aprel ayında isə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bioloji silahların Rusiya və Çin sərhədləri yaxınlığında ABŞ hərbi laboratoriyalarında hazırlana biləcəyini etiraf edib.

Doğrudan da, amerikalı bioloqlar heç bir elmi nailiyyəti açıq nümayiş etdirmirlər və onların tədqiqatlarının nəticələri açıq mənbələrdə dərc olunmur.

Son zamanlar amerikalı alimlər Pentaqondakı həmkarları ilə birlikdə koronavirus və digər yoluxucu xəstəlikləri tədqiq edirlər. Yanvar ayında təşkilat tənqidlərə cavab olaraq rusiyalı jurnalistlər üçün ayrıca videoçarx hazırlayıb. Vaşinqton bütün ittihamları rədd edir və bildirir ki, onların məqsədi postsovet məkanı dövlətlərində ətraf mühitə mikrob ştammlarının sızmasının qarşısını almaq, həmçinin Amerikaya bioloji hücum şansını minimuma endirməkdir.

Hazırladı: Nadir Qocabəyli
Oxşar xəbərlər