Demokratik TV
“”DƏRİN DÖVLƏT”İMİZİ QURA BİLMƏDİK...” – “Qarşıdan yeni geopolitik fırtına gəlir..”
Sülhəddin ƏKBƏR
Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili,
Əziz həmvətənlər!
Mənim 03 iyun 2020-ci il tarixdə “Azadlıq” radiosunda yayılan müsahibəm, gözlənildiyi kimi, cəmiyyətin müəyyən kəsimlərində, dairələrində ciddi rezonansa, eyni zamanda müəyyən anlaşılmazlıqlara səbəb olub. Bu barədə mənə birbaşa və dolayısilə olan çoxsaylı müraciətləri nəzərə alaraq, vacib hesab edilən bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.
Lakin öncə məni anlayan və dəstəkləyənlərin hamısına öz təşəkkürümü bildirməyi borc hesab edirəm.
Eyni zamanda, mənimlə razılaşmamalarına rəğmən,öz tənqidi münasibətlərini siyasi etika çərçivəsində bildirənlərə də təşəkkür edirəm.
Zamanı uyğun fürsət bilib Əbülfəz Elçibəy şəxsiyyətinin kölgəsində gizlənərək, onun tərəfdarlarının rəğbətini qazanmaq məqsədilə yersiz yerə üstümə gələnlərə, xüsusilə mütəşəkkil formada etibarsızlaşdırma kampaniyası başladanlara da Allahdan, ən azı, peşman olacaqları günədək uzun ömür arzulayıram.
İndi isəvacib hesab edilən bəzi məsələlərə birbaşa aydınlıq gətirməyə başlamaq istəyirəm.
1. Müsahibə haqqında qısa ümumi məlumat. İşin mahiyyətini bilmədən, öyrənmədən tələm-tələsik sui-qəsd nəzəriyyələri düzəldənlərə deyim ki, bu müsahibə 22 may 2020-ci il tarixdə götürülüb. Müddət təqribən 2 saat olub. Yəni, iki dəfə montaj olunduqdan, böyük hissəsi kəsildikdən sonra yayılan müsahibə danışdıqlarımın yalnız bir hissəsidir. Üstəlik, ciddi montaj qüsurları da var. Bu səbəblə də, təbii, bir çox anlaşılmazlıqlar və ziddiyyətlər ortaya çıxıb.
Onu da bildirim ki, müsahibə mövzusunun nə olacağını öncədən bilməmişəm. Bunu nə mən soruşmuşam, nə də mənə deyilib.
2. MTN-nin arxivi və onun açılması məsələsi. Ümumiyyətlə, “MTN-nin arxivi” geniş anlayışdır. Onun böyük bir hissəsi açıq olub. Burada söhbət konkret olaraq MTN-nin məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yerdən, yəni təşkilatın arxivinin bir hissəsindən, belə demək mümkündürsə, “agentura arxivi”ndən gedir.
MTN-nin arxivinin açılması məsələsinin də bir neçə tərəfi var.
Birincisi, təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yer istisna olmaqla, arxivin digər bölümlərinin açılması məsələsi mübahisə predmeti olmayıb. Çünki bu bölümlər, qeyd edildiyi kimi, açıq olub. Mübahisə predmeti olan məhz təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı yer – “agentura arxivi” idi.
İkincisi, arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün, yəni“agentura arxivi”nin açılmasının da iki yönü var:
a) arxivin bu bölümünün ictimaiyyətə açılması;
b) təşkilatın özünün xidməti istifadəsi üçün açılması.
Bunlar tamamilə fərqli məsələlərdir. Və məncə, bilərəkdən, məqsədyönlü şəkildə qarışdırılır.
a) Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün, yəni “agentura arxivi”nin ictimaiyyətə açılması. 1992-ci ilin oktyabr ayında Milli Məclisdə müzakirə edilən və mübahisə predmeti olan bu məsələ olub. Yəni, bir daha təkrar edirəm, mübahisə mövzusu MTN arxivinin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün – “agentura arxivi”nin ictimaiyyətə açılması məsələsi olub. Bəli, mən həmin çıxışı etmişəm. Bu gün də həmin çıxışın o dövr üçün düzgün olduğu qənaətindəyəm. Doğrusu, həmin çıxış bir qədər də geniş olub, yəni tam verilməyib. Üstəlik, həssas mövzu olduğundan orada məsələnin bütün yönlərinə toxunmaq imkanı olmayıb.
Həmin çıxışı doğuran əsas səbəblər:
– dövlət müstəqilliyinin yenicə bərpa olunması, müstəqil dövlət quruculuğunun, onun institutlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin yenidən qurulmasının yenicə başlaması;
– ölkədə inqilab baş verdiyindən Milli Təhlükəsizlik Nazirliyində şokun, qeyri-müəyyənliyin yaşanması, sistemin, demək olar ki, çalışmaması (həm əməkdaşlar, həm də məxfi əməkdaşlar qorxu və qeyri-müəyyənlik içində idilər), yəni iflic vəziyyətində olması;
– həmin dövrdə Milli Təhlükəsizlik Nazirliyinin öncəlikləri sırasında əməkdaşların məsələsinin məxfi əməkdaşlar məsələsindən öndə olması;
– milli kadr siyasətinin, kütləvi kadr dəyişikliyinin aparılmağa başlanması;
– dövlət müstəqilliyinin yenicə bərpa olunması ilə birlikdə, ölkəmizin müharibə vəziyyətində, xarici təsirlərə açıq və həssas durumda olması;
– milli maraqlarımızın təmin olunması üçün kəşfiyyat və təhlükəsizlik təminatının həyati önəm kəsb etməsi;
– tamdəyərli, yetərli agentura-əməliyyat işi aparılmadan bu təminatın mümkün olmaması;
– “agentura arxivi”nin açılması haqqında söhbətin getməsinin belə, onsuz da şokda olan agentura şəbəkəsini, demək olar ki, tam iflic vəziyyətinə gətirməsi;
– MTN-nin arxivlərinin, o cümlədən “agentura arxivi”nin ictimaiyyətə açılması üçün qanunvericilik bazasının olmaması (MTN, dövlət sirləri haqqında qanunlar və MTN arxivlərinin açılmasını tənzimləyən qanunlar hazırlanmalı idi), bu işin də yenicə başlanması;
– mövcud siyasi iqtidarın, o cümlədən şəxsən mənim bu sahədə hər hansı bir iş təcrübəmin olmaması;
– eyni zamanda həmin çıxışı edərkən əlimdə SSRİ dövründə KQB ilə məxfi əməkdaşlıq etmiş yüksək vəzifə tutan şəxslər haqqında yetərli sənəd, fakt, dəlil və sübutların olmaması idi.
Üstəlik, mən digərlərindən fərqli olaraq MTN, onun fəaliyyəti, əməkdaşları, eyni zamanda məxfi əməkdaşları, yəni agentləri üçün, bu nazirliyin 2-ci vəzifəli şəxsi olaraq, birbaşa məsuliyyət daşıyan yeganə Milli Məclis üzvü idim.
b) Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə, yəni MTN-in mən də daxil olmaqla, öz işçiləri üçün açılması. Arxivin bu hissəsi şəxsən mən də daxil olmaqla, MTN-nin rəhbərliyi, təbii, eyni zamanda bütün əməkdaşları üçün mənim orada işlədiyim bütün müddət ərzində bağlı olub. Bu, danılmaz, inkarolunmaz faktdır.
Mənim MTN-in birbaşa tabe olduğu prezidentdən əsas istəyim bu, yəni arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün açılması olub. Çünki arxivin bu bölümü açılmadan tamdəyərli əməliyyat işinin qurulması və aparılması qeyri-mümkündür. Bunu sadə dillə izah etməyə çalışacağam. Deyək ki, 3-cü bir ölkə (məsələn, Gürcüstan) üzərindən düşmən Ermənistana qarşı hər hansı bir əməliyyat həyata keçirmək istəyirik. Bunun üçün, təbii ki, öncə tamdəyərli kəşfiyyat-informasiya işi aparılmalıdır. Bu kəşfiyyat-informasiya işinin ayrılmaz tərkib hissələrindən biri də agentura-əməliyyat işidir. Deməli, bu iş üçün kəşfiyyatçılarla birlikdə, uyğun gələn məxfi əməkdaşlar – agentlər, etibarlı şəxslər və s. də seçilməlidir. Seçilən bu məxfi əməkdaşların, təbii, erməni dilini bilib-bilməməsi, ermənilərlə qohumluğunun olub-olmaması, nə zamansa ermənilərlə bir yerdə işləyib-işləməməsi, ermənilərin tabeçiliyində olub-olmaması və s. kimi çoxsaylı suallara aydınlıq gətirilməlidir. Digər tərəfdən, seçiləcək məxfi əməkdaşların bu iş üçün uyğun olub-olmaması da müəyyən edilməlidir. Bunun üçün də həmin şəxslərin şəxsi və iş dosyeləri əlçatan olmalıdır. “Agentura arxivi”nin MTN işçilərinə qapalı olduğu bir şəraitdə bu, necə edilə bilərdi? Bu, çox sadə bir misaldır. Təbii ki, arxivin bu hissəsinin xidməti istifadə üçün qapalı olması çox sayda ciddi, bəzən də həyati və həyati vacib məsələ və problemlərin həllinə imkan verməyib.
Bu səbəblə, SSRİ dövründə KQB ilə məxfi əməkdaşlıq edən, hərəkat daxilində yerləşdirilən, sonra da hakimiyyətdə yüksək vəzifələr tutan bu şəxslərin öncə müəyyən edilməsi, sonra da onlar haqqında məhkəmədə sübut sayıla biləcək fakt, sənəd, dəlil və sübutların toplanması, təbii ki, ardınca onların ifşa olunması və neytrallaşdırılması da mümkün olmayıb. Ortaya siyasi iradə qoyulmayıb. Bu barədə dilə gətirilən tənqidi fikirlərin nəyinə etiraz edirsiniz? Və bu etiraz edənlər kimlərdir? 4 iyun qiyamınadək arxivin bu bölümü MTN işçilərinin üzünə, o cümlədən nazirin birinci müavini kimi şəxsən mənim üzümə bağlı olmayıbmı? Axı “agentura arxivi”nin xidməti istifadə üçün (!) qapalı olmasının, 1 ildən çox qapalı saxlanılmasının bir məntiqi izahı olmalıdır, ya yox?
3. Mövcud şəraitdə vətəndaşlarda təbii olaraq yaranmış bir sual haqqında.
Sual: Arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün qapalı olduğu halda, siz o məlumatları necə əldə etmisiniz?
Cavab: Nazirlik əməkdaşlarının mənə verdiyi məlumata görə, 20 Yanvar ərəfəsində və ondan sonra arxivlə bağlı böyük miqyaslı “təmizlik” və “yenidənqurma” işləri aparılıb. Həmin dövrdə arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümündəki tam məxfi məlumatların bir hissəsinin əlavə elektron və çap variantı hazırlanıb. Mənə çap variantı təqdim edilib. Mən gördüm ki, orada təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərində saxlanılan tam məxfi məlumatların bir bölümü, istənilən məxfi əməkdaşın kimliyi haqqında yetərli əməliyyat məlumatı mövcuddur. Mən bu məlumatları araşdırmışam, əlavə əməliyyat məlumatları toplayaraq onları “möhkəmləndirmişəm” və hakimiyyətdə yüksək vəzifə tutanların bir qrupu haqqında, tutduğum vəzifənin tələbinə uyğun olaraq, prezidentə məlumat vermişəm.
Bu məlumat kağız parçasında əllə yazılmış adlar və soyadlarından ibarət olub. Heç bir yerdə rəsmi qeydiyyata düşməsin və heç bir izi qalmasın deyə, bu yolu seçmişəm. Prezidentlə görüşdə siyahıda adları olanların adlarını (ortam dinləməsinin mümkünlüyünü nəzərə alaraq) səsləndirməmişəm. Sadəcə, siyahıda adı olan həmin vəzifəli şəxslər haqqında MTN-nin “agentura arxivi”ndə onların KQB ilə məxfi əməkdaşlıq etmələri ilə bağlı müvafiq məlumatların olması və bu səbəblə, onların tutduğu vəzifələrdə qalmasının milli təhlükəsizlik baxımından düzgün olmaması haqqında fikirlərimi bildirmişəm. Yəqin ki, buna etiraz etməzsiniz. Çünki bu, birbaşa mənim vəzifəm idi.
4. Mərhum Prezident Əbülfəz Elçibəylə birgə yeməkli söhbət haqqında. Bu, ikilikdə, üzbəüz olan yeməkli söhbət olub. Orada 3-cü bir şəxs olmayıb. Əgər ortam dinləməsi olmayıbsa, bu barədə digərlərinə yalnız özü məlumat verə bilərdi. Deyilənlərə inansaq, elə belə də olub. Yəni, ilk olaraq başqa şəxslərə bu söhbət barədə məhz mərhum Prezidentin özü məlumat verib. Bu da mənim mənəvi-psixoloji yükümü, nisbətən də olsa, azaldır.
Yenə deyilənlərə inansaq, aydın olur ki, Prezident məsələnin kəskinliyi və həssaslığını nəzərə alaraq, söhbətdəki kritik mövzudan bəhs etməyib. Hər halda, mən belə anlayıram.
Orada müzakirə predmeti olan kritik məsələ yenə də arxivin təşkilatın məxfi əməkdaşlarının şəxsi və iş dosyelərinin saxlandığı bölümünün xidməti istifadə üçün açılması olub.
Qeyd edim ki, məhz bu mövzunu Prezident özü açıb və məndən müəyyən şərtlə (şərtə müsahibədə toxunmuşam) “agentura arxivi”nin xidməti istifadə üçün açılmasına razılıq verməyim istənilib. Şərtdən bəhs edərkən yenə də heç bir ad çəkməyib. Həmin görüşdə nə mənim, nə də Əbülfəz bəyin tərəfindən heç bir ad səsləndirilməyib.
Mən Prezidentin bu təklifi konkret olaraq hansı səbəbdən irəli sürdüyünü bilmirəm. Çünki mən, dediyim kimi, “agentura arxivi”nin xidməti istifadə üçün şərtli açılmasına razı olmadığımı və istefa verməyə hazır olduğumu həmən bildirmişəm. Bu səbəblə, heç bir sual da verməmişəm.
Mən bu məsələ ilə bağlı yalnız öz şəxsi mülahizəmi söyləyə bilərəm. İlk növbədə, qeyd edim ki, mən həmin dövrdə Moskvanın həm daxildən, həm də xaricdən Prezidentə təzyiq edə biləcəyini istisna etmirəm. Çünki Kreml postsovet məkanının bütün yeni dövlətlərinin siyasi rəhbərliyinə müxtəlif məsələlərlə bağlı təzyiqlər edirdi. Bu, sirr də deyil. Bu təzyiq, əslində, hər zaman olub, bu gün də davam edir. O da nəzərə alınmalıdır ki, adları “agentura arxivi”ndə gizli saxlanılan keçmiş KQB-nin Azərbaycan Respublikasındakı məxfi əməkdaşlar şəbəkəsi Moskvanın buradakı ən güclü və dərin “yumşaq gücü” idi. Və mən əminəm ki, həmin güc zamanında neytrallaşdırılsaydı, Azərbaycanın tarixi tam başqa istiqamətdə inkişaf edə bilərdi.
Ola bilsin, Prezidentdə məndə olmayan əlavə məlumatlar da olub. Bu, təbiidir. Və o, kimlərisə, nələrisə, nədənsə qorumaq istəyib. Yaxud burada mənim bilmədiyim tamamilə başqa amillərin təsiri olub. Bilmirəm.
Ümumiyyətlə, Əbülfəz bəyin həyatda olmadığı bir vaxtda mənim bu məsələni ictimailəşdirməyim, açmağım həmin müsahibəni verdiyim anda siyasi-mənəvi, siyasi-etik baxımdan qüsurlu görünə bilərdi. Lakin qeyd edildiyi kimi, artıq onun özünün sağlığında bu görüş barədə başqalarına məlumat verdiyi aydın olur. Bütün bunlara baxmayaraq, yenə də bunu, bu və ya başqa baxımdan, qüsurlu hesab edənlərə, etirazlarını bildirənlərə də sözüm yoxdur.
Ancaq bu etirazçılar nəzərə almalıdırlar ki, mən milyonlarla Azərbaycan vətəndaşının 27 ildir haqlı olaraq qoyduğu suallara, çox gec də olsa, ümumi şəkildə cavab verməliyəm: vaxtında bu “agentura arxivi” niyə açılmadı?
Mən bu insanlara necə izah edim ki, bu “agentura arxivi” yalnız sizə deyil, heç bizə, yəni MTN-in rəhbərliyinə və əməkdaşlarına da açıq olmayıb. Sovet İmperiyasının ölkəmizdəki məxfi əməkdaşlar şəbəkəsi Azərbaycan Respublikasının dövlət sirri ola bilərmi? Təbii ki, xeyr. O zaman adları MTN-in “agentura arxivi”ndə gizli saxlanılan keçmiş KQB-nin Azərbaycan Respublikasındakı məxfi əməkdaşlar şəbəkəsi nə üçün ifşa olunaraq neytrallaşdırılmadı? Mən bu adamlara necə cavab verim? Nə deyim? Axı onlar bu sualları sizə deyil, birbaşa məhz mənə ünvanlayırlar. Çünki bu suallara tutarlı cavab verə biləcək, demokratik düşərgəyə aid olan və həyatda qalan yeganə sabiq vəzifəli şəxs mənəm.
Digər tərəfdən, bu “agentura arxivi” yalnız bir müddət ərzində xidməti istifadə üçün qapalı olsaydı, bəlkə də, onu necəsə izah etmək olardı. Çox təəssüf ki, mənim orada işlədiyim bütün müddət ərzində üzümüzə qapalı olub. Axı bu, danılmaz, inkarolunmaz faktdır.
Hörmətli xanımlar və bəylər!
Bir qədər sakitləşdikdən sonra bu suallara cavab axtarışına siz də çıxsanız, məncə, daha faydalı olar.
Yeri gəlmişkən, onu da nəzərə alın ki, demokratik hakimiyyət dövründə bizim girə bilmədiyimiz həmin “agentura arxivi” həm bizdən öncə, həm də biz yola salındıqdan sonra xidməti istifadə üçün açıq olub və bu gün də açıqdır. Deməli, onu İlhüseyn Hüseynov da, Nəriman İmranov da, Namiq Abbasov da, Eldar Mahmudov da, Mədət Quliyev də, Əli Nağıyev də görə bilər, əsas məsələ o imiş ki, bu “agentura arxivi”ni demokratlar, MTN-in gənc milli kadrları görməsin.
İndi həmin şəbəkəyə daxil olanların hamısı rahatlayıb, çünki xüsusi bir problemləri, “agentura arxivi”nin xidməti istifadəyə açılmasından dolayı qorxuları yoxdur. Əmindirlər ki, adları orada rahatca “uyuyacaq”.
Burada bir məsələni də xüsusi vurğulamaq və sizi yenə düşünməyə dəvət etmək istəyirəm:
Sizcə, adları həmin “agentura arxivi”ndə bu gün də uyuyan “demokratlar”, həqiqətən, Azərbaycanda demokratik rejimin qurulmasını istəyərlərmi? Onlar Azərbaycanda həqiqi demokratik rejimin qurulduğu halda, “agentura arxivi”nin açılmasının yenidən gündəliyə gələcəyini bilmirlərmi? O halda, sizcə, onlar real olaraq kimin yanında olarlar?
Bu sualların sayını artırıb sizi çox gücə salmaq niyyətində deyiləm. Axı düşünmək eyni zamanda güc və səbr tələb edir.
Əziz həmvətənlər, əmin olun ki, mən bunların hamısını və burada yaza bilmədiyim çox şeyi nəzərə almışam və verdiyim həmin açıqlama əsasən tarix üçün verilən, gələcəyə, gənc nəsillərə yönəlik olan bir açıqlamadır. Çünki mən o qədər sadəlövh adam deyiləm ki, bu gün, mövcud şərait və şərtlərədə bu “agentura arxivi”nin ictimaiyyətə açılmasını gözləyim. Ancaq gün gələcək, o günü biz görməsək də, bütün həqiqətlər olmasa da, onların mütləq əksəriyyəti üzə çıxacaq. Bir sözlə bu, zamana ehtiyacı olan məsələdir.
5. Rəsmən kimə “agent” deyilə bilər? Yeri gəlmişkən, Azərbaycanın bir aktual probleminə də toxunmaq istərdim. Problem odur ki, istənilən adam, demək olar ki, istədiyi adama çox asanlıqla “agent” deyə bilir. Axı bu, çox ağır ittihamdır. Əldə məhkəmədə qəbul ediləcək sübut və dəlillər olmadan kiməsə yönəlik belə ağır ittihamı necə irəli sürmək olar?
Mütəxəssislər bilirlər, operativ məlumat başqa şeydir, məhkəmə sübut və dəlilləri başqa.
Azərbaycana qarşı intensiv psixoloji, informasiya müharibəsinin aparıldığı, həqiqət, yarı-həqiqət və yalandan ibarət “şeytani kokteyllər”in atıldığı, informasiya məkanının getdikcə daha çox çirkləndirildiyi mövcud şəraitdə, bilərəkdən və ya bilməyərəkdən, hər hansı bir adama “agent” demək problem deyil. Əsas problem onun sübut olunmasıdır.
Bir adama “agent” deyilməsi və bunun sübut olunması üçün məhz onun şəxsi və iş dosyesinin əlinizdə olması lazımdır. Bu dosyelərdə olan ən başlıca dəlil və sübutlar da onların içində olan və şəxsin öz əli ilə qol çəkdiyi məxfi əməkdaşlıq haqqındakı iltizam və öz əli ilə yazdığı, ən azı, bir informasiyadır. Təbii, əməliyyat işçiləri və hüquqşünaslar bu detalları daha dəqiq bilirlər.
Nadir hallarda olsa da, məxfi əməkdaş, yəni agent haqqında əlaqədə olduğu KQB və ya MTN əməkdaşı da rəsmi açıqlama və ya ifadə verə bilər. Şübhəsiz, bu da nəzərə alınmaya bilməz.
Və bir də məxfi əməkdaşın özü etirafçı ola bilər. Mənim şəxsi təcrübəmdə, çox az sayda olsa da, belə hallar olub.
Mən də həmin dövrdə əlimdə əsaslı operativ informasiyanın olmasına rəğmən, istəsəm də, istəməsəm də, bütün bu halları nəzərə almaq zorunda idim.
6. “Dərin dövlət” və “dəyişməz hakimiyyət” haqqında. Fürsətdən istifadə edərək, xüsusi önəm verdiyim bir məsələyə də, çox qısa olsa da, toxunmaq istəyirəm.
Məlum olduğu kimi, dövlətdə davamlılıq əsasdır. Dövlətin davamlı olması üçün davamlı, siyasi hakimiyyətin və iqtidarların dəyişməsindən asılı olmayaraq, milli siyasət aparılmalıdır. Bunun üçün də “Dərin dövlət” və “dəyişməz hakimiyyət” qurulmalıdır.
“Dərin dövlət” Konstitusiya və qanunlara ziddi olaraq, dövlət daxilində qurulan “paralel dövlət”lə qarışdırılmamalıdır. “Dərin dövlət” dedikdə, milli dövlətin görünməyən, gizli, dərinliklərdə olan hissəsi nəzərdə tutulur. “Dərin dövlət” milli dövlətin dərində olan, eyni zamanda qanuni olan ayrılmaz hissəsidir.
“Dərin dövlət”i, yəni milli dövlətin dərin hissəsini qurmaq qurucu babalarımızın, müasir dövrdə isə milli dövlətçiliyimizi bərpa edən bizlərin vəzifəsi idi. Çox təəssüf ki, nə qurucu babalarımız, nə də biz bu taleyüklü, dərin strateji vəzifənin öhdəsindən gələ bilmədik.
Tutduğum vəzifəyə uyğun olaraq, bu vəzifəni yerinə yetirməli olanlardan bir də mən olmuşam. Çox təəssüf ki, böyük güclər başladığımız bu müqəddəs təşəbbüsü elə rüşeymindəcə boğdular.
Həmin dövrdə çoxsaylı hərəkatçılar, cəbhəçilər də, bilərəkdən və ya bilməyərəkdən, bu işdə birbaşa iştirak ediblər. Onları milli azadlıq hərəkatının, müstəqilliyini yenicə bərpa etdiyimiz dövlətimizin və demokratik siyasi hakimiyyətin taleyi çox narahat edirdi. Səs-küy salmadan, heç bir qarşılıq gözləmədən Vətən üçün çalışan bu gənclər (o zaman əksəriyyəti gənc idi) kadrların seçilməsində, ilkin yoxlanışında və yerləşdirilməsində iştirak ediblər, ölkədə və ətrafında baş verən hadisələr, hərəkatda, cəbhədə və hakimiyyətdə olan ayrı-ayrı şəxslər və s. barədə məlumatların toplanmasında, ələlxüsus ilkin dövrdə, yardımçı olublar. Çünki həmin dövrdə, qeyd etdiyim kimi, mənim MTN-də müsbət mənada (o da dolayısı ilə) tanıdığım yalnız bir əməkdaş var idi.
Heç şübhəsiz, həmin dövrdə onların mənimlə münasibətləri şəxsi əsasda, etibarlı şəxsi münasibətlər əsasında olub. Onların təşkilatla, MTN-lə heç bir əlaqəsi və ya bağı olmayıb. Mənim hətta bu münasibətləri sənədləşdirmək kimi hər hansı bir düşüncəm belə, olmayıb, ola da bilməzdi.
Çox təəssüf ki, biz demokratik siyasi hakimiyyətimizi qoruya, milli dövlətimizi qura və təbii, onun davamlılığını təmin edə bilmədik. Təbii ki, “Dərin dövlət”imizi qurmağımız üçün bizə nə aman, nə də zaman verildi. Doğrudur, həmin dövrdə mümkün olan ən yüksək sürətlə milli kadrlarımızı əməkdaş olaraq yerləşdirməyə, xüsusi məktəbimizi açmağa nail ola bildik. Lakin sözün həqiqi mənasında milli olan məxfi əməkdaşlar şəbəkəsini – gizli milli şəbəkəni qura bilmədik. Səbəbləri bəllidir.
İndi həmin gənclər yaşa dolublar, bu gün də onların bir çoxu ilə əlaqələrimiz davam edir. Lakin ölkədə elə bir mənəvi, əxlaqi deqradasiya gedib ki, onlar gördükləri müqəddəs işlə fəxr etmək, qürur duymaq yerinə, bu barədə danışmaqdan belə, çəkinirlər. Çünki şər, böhtan və ləkələnməkdən ehtiyat edirlər. Bu səbəblə, mən də onların heç birinin adını çəkmək istəmirəm.
Bir daha təkrar edirəm, onlar nəinki KQB, hətta MTN-lə heç bir rəsmi əməkdaşlıq etməyiblər. Yalnız mənimlə etibarlı şəxsi münasibətlərdə olublar. Yəni, mənim hərəkatçı, cəbhəçi kimi güvəndiyim, inandığım etibarlı şəxslər, adamlar olublar. Lütfən, onları kimsə, hansısa xüsusi xidmət orqanının agenti və ya etibarlı şəxsi olmuş adamlarla qarışdırmasın və ləkələməyə çalışmasın.
Çox təəssüf ki, biz “Dərin dövlət”imizi, gizli milli şəbəkəmizi, bu səbəblə də “dəyişməz hakimiyyət”imizi qura bilmədik. Əgər qura bilsəydik, nə hərbi qiyam, nə də dövlət çevrilişi baş tutmazdı. Baş tutsaydı belə, qiyamçı və çevrilişçilər uzun müddət duruş gətirə bilməzdi. Çünki “Dərin dövlət” və “dərin şəbəkə” buna imkan verməzdi.
Əziz həmvətənlər. Biz əgər milli dövlət qurmaq, onun davamlılığını təmin etmək və siyasi iqtidarların dəyişməsindən asılı olmayan “dəyişməz hakimiyyət” təsis etmək istəyiriksə, “Dərin dövlət”imizin qurulması mütləq şərtdir!
7. Prezident Əbülfəz Elçibəylə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev arasında keçirilən görüş haqqında. Qüsurlu montaj ucbatından anlaşılmazlıq yaradılan bir məsələ budur. Bu səbəblə, aydınlıq gətirmək istəyirəm ki, 1993-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev arasında keçirilən görüşdə hakimiyyət bölgüsünün müzakirə edilməsindən bəhs edərkən bu şəxslərin hər ikisi, eyni zamanda Etibar Məmmədov nəzərdə tutulur.
Bu söhbəti Moskvanın 4 iyun ərəfəsindəki planları ilə qarışdırmayın. Bizdə olan operativ məlumatlara görə, o zaman nəzərdə tutulan bölgüyə görə iyerarxiya belə idi: Ayaz Mütəllibov, Heydər Əliyev, Etibar Məmmədov və ya Surət Hüseynov (3-cü bir şəxs də ola bilərdi).
8. “Mehri dəhlizi” əməliyyatı haqqında. Ciddi montaj qüsurlarından biri də məhz bu məsələ ilə bağlıdır. Montaj qüsuru ucbatından müsahibədə belə alınır ki, guya, mən Füzulidə “Mehri dəhlizi” əməliyyatının müzakirə olunduğunu və Prezident Əbülfəz Elçibəyin bu əməliyyata qarşı çıxdığını söyləyirəm. Halbuki mərhum Prezident Əbülfəz Elçibəylə Füzulidə olan söhbətdə bu məsələ ümumiyyətlə, müzakirə predmeti olmayıb. Bu səbəblə, təbii ki, onun bu əməliyyata qarşı çıxmasından da söhbət gedə bilməzdi. Orada əsas müzakirə mövzusu İsa Qəmbərin müdafiə nazir təyin olması məsələsi olub. Əbülfəz bəy də məhz buna etiraz edib.
“Mehri dəhlizi” əməliyyatı haqqında məsələnin müzakirəsi isə öncə Milli Məclisin sabiq sədri İsa Qəmbərlə mənim aramda olub. Sonra isə biz birlikdə Zəngilan rayonuna gedərək, bu məsələni Zəngilan rayonunun sabiq icra başçısı İlham Hüseyn və adının çəkilməməsini xahiş edən bir hərbçi ilə müzakirə etmişik. Onlardan “Mehri dəhlizi”nin açılmasının mümkünlük dərəcəsini müəyyən etmək üçün döyüşlə kəşfiyyat əməliyyatı keçirilməsinin mümkün olub-olmaması soruşulub. Onlar da bu suala müsbət cavab verib. Və bununla qalmayıblar, 10 aprel 1993-cü ildə qarşıya qoyulan vəzifəyə uyğun olaraq (əslində, daha geniş miqyaslı), çox uğurlu əməliyyat keçiriblər. Zəngilan rayonunun sabiq icra başçısı İlham Hüseynin ümumi rəhbərliyi ilə keçirilən bu uğurlu əməliyyat nəticəsində Ermənistan Respublikasının Qafan rayonu ərazisində təqribən 30 km enliyində və 8 km dərinliyində olan ərazi və 7 kənd ələ keçirilib. Yalnız ABŞ, Rusiya və Türkiyə üçlüyünün duruma siyasi-diplomatik müdaxiləsindən sonra hərbi qüvvələrimiz bu əraziləri tərk edib. Əslində, məqsəd qeyd etdiyim kimi, ərazinin tutulub əldə saxlanılması deyildi, sadəcə döyüşlə kəşfiyyat əməliyyatının keçirilməsi idi.
Fürsətdən istifadə edərək, üstün cəsarət və fədəkarlıq nümunəsi göstərən hörmətli İlham Hüseynə və həmin əməliyyatda iştirak edən bütün hərbçilərimizə bir daha təşəkkür edirəm.
9. 123-cü alayın ləğv edilməsi və yerində 709-cu briqadanın yaradılması haqqında. Əvvəla, 12 fevralda rəsmən ləğv edilmiş 123-cü alayın 27 mart 1993-cü ilədək Müdafiə Nazirliyi tərəfindən faktiki təhvil götürülməməsi (əslində, faktiki ləğv edilməməsi), yumşaq desək, anlaşılan deyil.
İkincisi, mənim Prezident Əbülfəz Elçibəyin (formal olaraq) ləğv edilmiş 123-cü alayın əsasında 709-cu briqadanın yaradılmasına razılıq verməsini tənqid etməyimə etiraz edənlər bu barədə qərarın Dövlət Müdafiə Komitəsində, yəni, kollegial qaydada qəbul edildiyini bildirirlər. Bu, doğrudur, lakin məsələnin mahiyyətinə həlledici təsir edəcək amil deyil. Çünki Dövlət Müdafiə Komitəsinə də Prezident rəhbərlik edir. Təbii ki, təqdimatı da DMK-nın üzvü olan müdafiə naziri verməlidir. Ən azı, formal baxımdan belə olmalıdır. Mən, təbii ki, orada olmamışam və kimin bunu hansı arqumentlərlə əsaslandırdığını da bilmirəm. Burada prinsipial məsələ demokratik hökumətin fevral ayında çox çətinliklə ələ aldığı təşəbbüsü 01 aprel 1993-cü ildə öz əli ilə qarşı tərəfə verməsi, qarşı tərəfin revanş götürməsi və ardınca “Hərbi Birlik” yaradaraq (03 aprel 1993-cü il) üsyan bayrağı açmasıdır. Mənim bu məsələyə ağrılı reaksiya verməyimin əsas səbəbi də budur.
Məncə, Prezident Əbülfəz Elçibəy, bütün xarici və daxili təzyiqlərə rəğmən, ortaya siyasi iradə qoymalı, təşəbbüsün əldən verilməsinə və bu revanşın baş tutmasına imkan verməməli idi.
Şübhəsiz, burada Dövlət Müdafiə Komitəsinin digər üzvlərinin məsuliyyəti də qeyd edilməlidir.
10. Surət Hüseynovun həbs olunması niyyəti haqqında. Bu məsələdə şəxsən mənim də adım keçdiyinə görə, həmişə mövqeyim belə olub: obyektiv olaraq həqiqətlərin ortaya çıxması üçün obyektiv məhkəmə istintaqı aparılmalıdır. Əgər bu imkan yoxdursa, məsələ tarixə, obyektiv tarixi araşdırmalara buraxılmalıdır. Əks halda, hər kəs özünü müdafiə etməyə, öz əməllərinə haqq qazandırmağa, günahı başqalarının üzərinə yıxmağa çalışacaq və nəticədə ortaya arzuolunmaz, xoşagəlməz, bəzən də ürəkbulandıran iyrənc durumlar çıxacaq. Və bu, bütün düşərgənin ziyanına olacaq.
Hazırda, məlum səbəblər üzündən, nə obyektiv məhkəmə istintaqının, nə də obyektiv tarixi araşdırmaların aparılması üçün lazımi şərait və şərtlər yoxdur.
Yox, əgər kimsə bütün bunlara rəğmən, həqiqəti ortaya çıxarmaq istəyirsə, heç olmasa istintaq materiallarına müraciət etsin. Bu istintaq prosesi hərbi qiyamdan sonra aparılsa da, çoxsaylı qanunsuzluqlar, saxtakarlıqlar və saxta ifadələrlə dolu olsa da, yenə orada, ən azı, keçirilən iclaslar, iştirakçılar, aparılan vəzifə bölgüsü və kimin öz vəzifəsini necə yerinə yetirməsi haqqında müəyyən məlumatlar mövcuddur.
Təbii ki, ilk növbədə Surət Hüseynovun həbs olunması niyyətinin həqiqətən olub-olmaması, olubsa, nə dərəcədə ciddi olması araşdırılmalıdır.
Bu məsələnin siyasi, hüquqi və operativ baxımdan tamdəyərli araşdırılması və analizi aparılarsa, tələb olunan siyasi, hüquqi və operativ alqoritmə – qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün atılmalı olan addımların ardıcıllığına əməl olunub-olunmaması, ələlxüsus bu addımların faktiki olaraq atılıb-atılmaması da mütləq nəzərə alınmalıdır. Belə ki, ümumiyyətlə, hər hansı bir deputatın həbs edilməsi üçün öncə Baş prokuror həmin şəxsin deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə müvafiq təqdimat göndərməlidir. Sonra bu təqdimatı müzakirə edən Milli Məclis həmin şəxsin deputat toxunulmazılığının ləğv olunması haqqında müvafiq qərar qəbul etməlidir. Bunun ardınca Baş prokuror həmin şəxsin həbs olunması haqqında qərar imzalamalı və bu qərar onu icra edəcək quruma və ya onun nümayəndəsinə təqdim olunmalı və icraçıdan həmin şəxsin həbs olunması tələb edilməlidir.
Konkret bu halda qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün atılmalı olan həmin ardıcıl siyasi, hüquqi və operativ addımların heç biri (!) atılmayıb. Yalnız uzun axtarışlar nəticəsində belə, tapılmayan, ortada görünməyən əməliyyat rəhbərindən, yəni Dadaş Rzayevdən 3-cü şəxs vasitəsilə MTN XTD komandiri Eldar Əhmədova bu barədə şifahi ismarıc – tapşırıq gəlib. İndi Surət Hüseynovun həbs olunması niyyətinin həqiqətən olub-olmaması, olubsa, nə dərəcədə ciddi olması barədə lütfən, özünüz qərar verin.
Mən Gəncəyə nə üçün getməyim, hadisələrə nə üçün və necə müdaxilə etməyim haqqında artıq açıqlama vermişəm. Prinsiplərimə sadiq qalaraq, heç kimin, xüsusən də iş yoldaşlarımın adını çəkmək istəmirəm. Əlavə məlumat toplamaq istəyənlər buyursunlar, istintaq materiallarına, adı işdə keçən onlarla şəxsə və onların istintaq materiallarında olan ifadələrinə mürəciət etsinlər.
Mən bu məsələdə əvvəlki fikrimdə qalıram: ya obyektiv məhkəmə istintaqı, ya da obyektiv tarixi araşdırma olmalıdır. Yoxsa, istənilən adam bir qrup düzəldib istədiyi versiyanı irəli sürəcək, özünü təmizə çıxarmağa, qurtarmağa, kimlərisə qaralamağa, ittiham etməyə çalışacaq. Bu da həqiqətlərin ortaya çıxarılmasına deyil, tam tərsinə, ört-basdır edilməsinə xidmət edəcək.
Eyni zamanda, onu da qeyd edim ki, şübhəsiz, mənim də səhvlərim olmamış deyildir. Çünki gənc və təcrübəsiz idim. Lakin mən nə hadisə yerindən, nə məsuliyyətdən, nə də cəzadan qaçmamışam, yayınmamışam. Bu işə görə iki dəfə həbs olunmuşam. Yeri gəlmişkən, ikinci dəfə həbs olunan yeganə (!) şəxsəm. Təəssüf ki, hadisə yerindən, hətta ölkədən belə, qaçanlarımız da olub. Özü də hara… Bu, necə olur?
Əziz həmvətənlər. Sonda qeyd etmək istəyirəm ki, istənilən xəstəliyin qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Bu səbəblə, təhlükənin qabağını almağa yönəlik preventiv (önləyici) siyasət daha səmərəli və effektlidir. Preventiv siyasət risklərin – təhlükənin ortaya çıxma ehtimallarının vaxtında müəyyən edilməsini və ortadan qaldırılmasını tələb edir. Biz isə nəinki önləyici siyasət izləmədik, təhlükənin ortaya çıxma ehtimallarını vaxtında müəyyən etmədik və ortadan qaldırmadıq. Əksinə, gözümüzün önündə risklər çağırışlara, çağırışlar təhdidlərə döndü, ardınca aktuallaşdı. Bu zaman artıq geçikmiş olaraq görülən tədbirlər belə yarımçıq oldu. Yəni, aktual təhdidlər belə, tam ortadan qaldırılmadı (fevral-mart 1993-cü il). Nəticədə əldə edilən uğurlar tam qələbəyə çevrilmədi. Və təhlükəsizlik problemləri residiv verməyə, daha güclü şəkildə təkrarlanmağa başladı (1 aprel 1993-cü il). Və artıq bu zaman qarşı tərəf güc balansında üstünlüyü ələ keçirmişdi. Bədxassəli şiş kimi ölkəni, dövlət orqanizmini bürüyən çoxsaylı problemlər, o cümlədən hərbi və təhlükəsizlik sahəsində olan problemlər öz inkişafının son mərhələsinə keçmiş, mürəkkəbləşmiş və ağırlaşmışdı. Əslində, ölkəni dağılma mərhələsində olan, intoksikasiya verərək bütün dövlət orqanizmini zəhərləyən bu bədxassəli şişdən kimsə qurtara bilməzdi. Necə ki, qurtarıla bilmədi…
Tarix bir variantlıdır, alternativ variantı yoxdur, eyni zamanda tarixin təkərini kimsə geri döndərə bilməz. Odur ki, bir daha təkrar olunmasın deyə, millət olaraq buraxdığımız taleyüklü səhvlərdən acı dərslər çıxarmalı və irəli – gələcəyə baxmalıyıq. Çünki qarşıdan yeni geopolitik fırtına gəlir, vaxtımız da çox azdır. Azərbaycan xalqı toparlanmalı, milli həmrəyliyə və birliyə nail olmalı, təşkilatlanmalı və qarşıdan gələn yıxıcı fırtınada ayaqda durmağa çalışmalıdır. Əks təqdirdə, qorxuram ki, birinci geopolitik fırtınada (9 noyabr 1989-cu il – 25 dekabr 1991-ci il) olduğu kimi, xalqımız yenə də hazırlıqsız yaxalansın…
Tanrı sizləri və Azərbaycanı qorusun! Amin!