Demokratik TV
Azərbaycanda bir nəfərin 7 silahı ola bilər

Baxmayaraq ki, Statistika Komitəsinin məlumatlarında odlu silahla törədilən hadisələrin ayrıca statistikası yoxdur, bu xarakterli hadisələr barədə KİV-də məlumatlar çoxalıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin illik təhlillərində odlu silahla törədilən cinayətlər ayrıca göstərilmir. Nazirin son hesabatında da bu barədə deyilmirdi. Amma keçən ilin yanvarın 27-də 2014-cü ilin yekunlarına dair kollegiyada nazir bildirmişdi ki, "aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb". Sabit qaldığına şübhə etmirik, amma sabit qalıbsa, söhbət hansı rəqəmdən gedir? ANS TV-nin məlumatına görə, nazirliyin həmin ilin 6 ayı ilə bağlı açıqlamasında göstərilir ki, yanvar-iyun aylarında qanunsuz olaraq odlu silah saxlama və daşıma ilə bağlı 71 nəfər saxlanılanaraq cinayət məsuliyyətinə cəlb edilib. Statistikanı bir il üçün düşünsək, sayı ikiyə vurmaq lazımdır. Ən dəqiq statistika 2012-ci ilin yekunlarına dair hesabatda səslənib. O zaman da nazir bildirmişdi ki, "vətəndaşlardan qanunsuz saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülüb, qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22 faiz azalıb". Maraqlıdır ki, bir ildə vətəndaşlardan qanunsuz saxlanılan 713 odlu silah götürülüb, qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Məntiqlə bu, 713 olmamalıydımı? Qanun hər hansı güzəşt nəzərdə tutmur. Hətta əldə olan statistikaya da baxılsa, odlu silah saxlama və daşıma faktları artıb, bunu məsuliyyətə cəlb edilənlərin sayı da təsdiqləyir. Əslində, əhalinin belə çox silaha sahib olmasına səbəb kimi qanunvericilikdə bir yumşalma yoxdur, sadəcə odlu silaha "maraq" artıb.
Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsi adından DİN-in web-saytında sənəd yerləşdirilib. Sənədə əsasən Azərbaycanda xidməti və mülki silah, onun sursatının dövriyyəsi, müstəsna hallarda tətbiqi ilə yaranan hüquqi münasibətlər 30 dekabr 1997-ci ildə qəbul edilmiş "Xidməti və mülki silah haqqında" Qanunla tənzimlənir. Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.
Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır. İstifadəsində 5 ildən çox müddətdə yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə hüququ var.
Sovet dövründə olan məhdudiyyətlərdən fərqli hal-hazırda hər bir vətəndaşa 7 ədəd mülki silahın alınması, saxlanılması və təyinatı üzrə istifadəsinə xüsusi icazə və şəhadətnamə verilə bilər. İncəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların alınmasına say (yivli lüləli mülki silah istisna olmaqla) məhdudiyyəti qoyulmur. Xidməti və mülki silahın satış qaydalarını Nazirlər Kabineti müəyyən edir. Bu cür silahın satışı ilə məşğul olmaq üçün DİN tərəfindən xüsusi icazə verilir. Ov silahları və onların sursatlarının satışına xüsusi icazə verilmiş müəssisələr həm paytaxtda, həm də respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərir. Odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olmayan vətəndaşa belə silah üçün döyüş sursatının satılması qadağandır. Silah haqqında qanunvericiliyin pozulmasına görə vətəndaşlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunurlar.
Saytda o da qeyd olunur ki, "xarici ölkələrdə vətəndaşlarda olan silahların, eləcə də silahla törədilən cinayətlərin sayını respublikamızdakı anoloji vəziyyətlə müqayisə etmək düzgün olmaz. Beynəlxalq təşkilatların hesabatlarına əsasən deyə bilərik ki, 1982-ci ildən 2014-cü ilə qədər təkcə ABŞ-da 30 ştatın ərazisində odlu silahın tətbiqilə 61 kütləvi qətl hadisəsi törədilib ki, nəticədə minlərlə insan həyatını itirib. 1 il ərzində isə odlu silahla törədilən cinayətlər nəticəsində 3 mini uşaq olmaqla 32 minə yaxın insan qətlə yetirilib. Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən vətəndaşların qanunsuz saxladıqları odlu silah-sursat götürülərək müsadirə edilir və bu əmələ görə onlar məsuliyyətə cəlb olunur. Bunun nəticəsində odlu silahla törədilən cinayətlərin sayı da ildən-ilə azalır. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin, o cümlədən, odlu silahlardan istifadə edilməklə törədilən cinayətlərin sayının azlığına görə nəinki MDB üzvü olan ölkələr, hətta Şərqi Avropa dövlətləri arasında ilk yerlərdən birini tutur". Amma bu rəqəmin neçə olduğu hansısa səbəbdən yazılmır ki, fərqin nə olduğunu görək. Biz isə ümumi rəqəmi yaza bilərik. Statistik bazada 2014-cü ildə ölkəmizdə cinayət törətmiş şəxslərin sayı 15 560 nəfər göstərilib. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 261-dir. Yəni bizim hər 100 min nəfərimizdən 261-i cinayətkardır.
18 yaşlı Elcan Zahidovun silahı təmizləyərkən "təsadüfən" özünü güllələməsinə gəlincə, "Xidməti və mülki silah haqqında" Qanunun 21-ci maddəsi mülki silah sahibinin üzərinə vəzifələr qoyur. Qanuni yolla əldə edilən silah qeydiyyatdan keçirilməli, silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli, silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadəsini istisna edən şəraitdə saxlanılmasını təmin etməlidir. Amma nəticədən görünür ki, sahibi silahın başqası tərəfindən istifadəsini istisna edən şəraitdə saxlamayıb.
Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyə görə, 2 ildən 8 ilə qədər, Məcəllənin 229-cu maddəsinə əsasən isə qanunsuz olaraq silah hazırlamağa görə, 3 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
2014-cü ildə Goranboyda 7 nəfərin qətliamı ilə nəticələnən hadisədə əl qumbarası və odlu silah istifadə edilmişdi. O vaxt DİN rəsmisi də məsələyə münasibət bildirərkən belə demişdi: "Deməli, ölkədə ayrı-ayrı evlərdə əl qumbarasına qədər müxtəlif növlərdə odlu silah saxlanılır və hər an, hər kəsi bu təhlükə gözləyir. Daxili işlər, hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizədə qanunsuz silah-sursatın dövriyyəsinə, saxlanılmasına qarşı mübarizə aparır, vaxtaşırı evlərdən qanunsuz silahlar yığılır. Aydın məsələdir ki, əgər haradasa, bir qanunsuz silah saxlanılırsa, o, nə zamansa cinayət məqsədilə istifadə edilə bilər, çox ağır nəticələrə səbəb olar".
Əslində, o vaxt gözlənilirdi ki, qanunsuz silahların kütləvi şəkildə müsadirəsi baş verəcək. Qanunun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada buna səlahiyyət verilmiş əməkdaşları silah saxlanılan yerə buraxmalı və onlara zəruri sənədi - müvafiq olaraq mülki silahın əldə edilməsinə xüsusi icazəni və yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməni təqdim etməlidir. Yəni polis istədiyi vaxt silah arama məqsədilə hər qapını aça bilər. Odlu silahla cinayət statistikasının azaldığını nə qədər desələr də, bugünkü vəziyyətə baxılsa, polisin hər kəsin qapısını bu məqsədlə açması artıq zərurətdir.
1995-1997-ci illərdə vətəndaşlarda olan silah-sursatların yığılması ilə bağlı silsilə tədbirlər keçirildi. Sonradan belə irimiqyaslı "oblavalar" olmayıb. Ən azından ictimaiyyətə bu barədə məlumat verilməyib. Görünən odur ki, hüquq-mühafizə orqanlarında kimin əlində qanunsuz silah yaxalayırlarsa, onu alırlar. Amma silah daşımağa icazənin olması da onun cinayətdə istifadəsinə "dobro" vermək anlamına gəlmir. Lap qanuni silah olsun, hər kəsin psixoloji vəziyyəti ideal deyil, tabel silahı ilə də cinayət istisna olunmur. Qanuni silahın alınma səbəbinə, saxlanma şəraitinə nəzarət mexanizmi dəqiq olmalıdır. Necə ki, bunu Finlandiya hökuməti edir. Bu ölkə cinayət statistikasının azlığına görə idealdır. Silah məsələsinə gəldikdə isə, orada da 5-dən artıq odlu silah əldə etmək olar, bunun üçün sadəcə lisenziya tələb olunur. Hər silahın alınma səbəbi (kolleksiya, ov və ya idman atışları üçün) qeyd edilməlidir. Siyahıda "özünümüdafiə" məqsədli bənd yoxdur. Bütün silahlar rayon polis şöbəsinin yoxladığı və təqdir etdiyi seyfdə saxlanmalıdır. Bu, qanunvericilikdə də konkret yazılır. Bu gün dünyada bir çox ölkələrdə mülki silahın alınmasında çox yumşaq qanunlar tətbiq edən ölkələr var ki, əhalidə olan silah sayı çoxluq təşkil etsə də, baş verən cinayətlər minimumdur...
Bizimyol.info
