Avropa Birliyi Ukraynaya 1,2 milyard avro ayırdı

  • 05 may 2020, 21:43
Avropa Birliyi Şurası Ukrayna və daha 9 ölkə və əraziyə koronavirus pandemiyası ilə mübarizə üçün 3 milyard avro həcmində kredit yardımının ayrılmasına dair qərar qəbul edib.
Bu barədə Şuranın bu gün yaydığı bəyanatda məlumat verilir. Yardım paketinin icra olunması üçün Avropa Parlamenti tərəfindən təsdiqlənməsi gözlənilir. 
Bəyanata görə, maliyyə yardımı “çox əlverişli şərtlərlə” təqdim edilən kredit formasında olacaq. İki tranşla ödəniləcək vəsaitlər 12 ay ərzində əlçatan olacaq, borcun qaytarılması üçün maksimal müddət 15 ildir.
Ayrılan vəsaitlərin ən böyük hissəsi – 1,2 milyard avrosu Ukraynaya çatacaq. Tunis 600 milyon, Bosniya və Herseqovina 250 milyon, İordaniya 200 milyon, Albaniya 180 milyon, Şimali Makedoniya 160 milyon, Gürcüstan 150 milyon, Moldova və Kosovo hərəyə 100 milyon, Çernoqoriya isə 60 milyon avro əldə edəcək.
Qeyd edək ki, bu vəsaitlər Avropa Komissiyasının aprelin 8-də Cənub və Şərq tərəfdaşlığı ölkələri üçün təsdiqlənmiş 15 milyard avroluq yardım paketinə daxildir.
Oxşar xəbərlər