Xəbər lenti
Bütün xəbərlər

Bayden Trampı şarlatan adlandırdı - reaksiyalar

  • 25 okt 2019, 10:27

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden prezident Trampın orta sinif amerikalılara münasibətini tənqid edib. Namizəd uşaqlıq illərini keçirdiyi Pensilvaniyanın Skranton şəhərində danışıb.

 

Arxasında böyük bir Amerika bayrağı, köhnə dostları və böyük ailəsinin səmimiyyəti fonunda danışan Bayden prezidenti vergi siyasəti, iqtisadi idarəetmə və ümumilikdə ABŞ-ın işçilərinin rifahına xələl gətirən şarlatan populist adlandırıb.

"Bu administrasiyanın ağır çalışan, ləyaqətli adi amerikalıların nələrdən keçdiyindən xəbəri belə yoxdur”, - deyə sabiq vitse-prezident bildirib.

Debatlardakı büdrəmələr fonunda bu 45 dəqiqəlik çıxış Baydenin indiyədək effektiv şəkildə sınaqdan keçirdiyi Trampa hücum taktikasının davamı kimi qiymətləndirilir.

Baydenin yardımçıları onun Respublikaçıların vergi ixtisarının ləğvi, iqlim dəyişikliyi, silahlara nəzarət, təhsil xərcləri kimi problemləri həlli kimi son cəhdlərini "Amerikanın onurğası” olan orta sinfin yenidən bərpasına yönələn iqtisadi siyasət müraciəti kimi təsvri edib.

Demokratların prezidentliyə namizədlik uğrunda yarışında favorit mövqedə olan Bayden 2020-ci il seçkilərini "millətin ruhu uğrunda savaş” kimi təsvir edib.

Bayden demək olar ki, bütün karyerası boyu milli siyasətdə olub. 1972-ci ildə ilk Senat yarışını qazandıqdan sonra o, növbəti 36 ildə bu mötəbər qanunverici qurumda xidmət edib. Daha sonra səkkiz il prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.

Bayden 1988 və 2008-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb, lakin seçicilərdən yetərincə dəstək ala bilməyib.

Asim Mollazadə: "Əksinə, Baydenin administrasiyada olduğu dövrdə iqtisadiyyatda problemlər baş verib”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, Baydenin bəyanatları seçki kampaniyası dövründə bu auditoriyaya hesablanıb.

Onun fikrincə, bütün rəqəmlər son illərdə Amerikada iqtisadi inkişafın müşahidə olunduğunu göstərir: "Müxtəlif təbəqələrin vəziyyəti yaxşılaşıb və bu, Trampın iqtisadi inkişafa nail olması ilə bağlıdır. Dünyada iqtisadi böhran təhlükəsi var. Buna baxmayaraq, ABŞ-da orta sinfin sərbəst iqtisadi fəaliyyəti inkişafa səbəb olur. O baxımdan Baydenin çıxışının seçkiyə hesablandığını hesab edirəm”.

A.Mollazadənin sözlərinə görə, əksinə, Bayden özü administrasiyada olduğu dövrdə ABŞ iqtisadiyyatında problemlər baş verib: "Müəyyən bir tənəzzül yaranmışdı. Tramp isə orta və xırda sahibkarlığın vəziyyətini yaxşılaşdırdı, iş adamlarına böyük imkanlar yaratdı”.

Natiq Cəfərli: "Amerikada orta sinfin sözü, gücü, seçkiyə təsiri böyükdür”

REAL Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli qəzetimizə dedi ki, Amerikada böyük əhali qrupları var. Onun sözlərinə görə, Amerikada 5 faiz çox varlı insan yaşayır:

"40 milyon kasib zümrəyə aiddir. Orta təbəqə isə 75 faizi təşkil edir. Amerikalılar belə bölgü aparıblar. Amerikada orta sinfin sözü, gücü, seçkiyə təsiri böyükdür. Orta sinfin səsini alan seçkini qazanar. Son illərdə isə dünya ortalamasına baxanda ABŞ-da iqtisadi artım görünür. Orta sinif də bundan pay götürüb”.

N.Cəfərli bununla belə, ABŞ-ın ticarət müharibələri aparmasının, Çin, Meksika ilə savaşlarının, Rusiyaya sanksiyalarının ölkədə orta şirkətlərin satış həcminə mənfi təsir etdiyini açıqladı: "Ticarət müharibələri dərinləşə, vəsaitlər 1 trilyon azala bilər. Bu da Amerikaya təsir edə bilər”.

Politoloq Ramiyə Məmmədova hesab edir ki, Tramp özünü siyasətçidən daha çox maliyyəçi kimi təsdiqləyib: "Statistik məlumatlar da bunu deyir. Tramp prezident seçilən kimi ölkənin iqtisadi dirçəliş kursunu götürdü. Onun siyasi çıxışları bir-birini təkzib edir. Amma iqtisadi baxımdan Amerika heç vaxt əldə etmədiyi nailiyyətləri qazanıb, ölkə böhrandan çıxıb”.

Ramiyə Məmmədova: "Bayden oğluna cinayət işi açılmasına görə Trampa zərbə vurmağa çalışır”

Ekspert hesab edir ki, Baydenin çıxışı rəqibinə seçkiqabağı zərbə vurmaq niyyəti güdür: "Bayden oğluna cinayət işi açdırmasına görə Trampa zərbə vurmağa çalışır. Amma əsassızdır. Çünki Amerikada müxtəlif təbəqələr, zümrələr var. Ümumiyyətlə, demokratlarla respublikaçılar arasında qarşıdurma yaşanır, bir-birini söyürlər. Seçki ərəfəsində onlarda adi hallardır”.

Xatırladaq ki, Bayden və onun oğluna qarşı araşdırmalar Trampa qarşı impiçment prosedurlarının başlamasına səbəb olub.

"Associated Press”in məlumatına görə, Meri Yovanoviç Trampın şəxsi vəkili Culianinin xahişlərini yerinə yetirmədiyi üçün istefaya göndərilib.

Məlumatlara görə, guya səfir bütün xahişlərin diplomatik protokola uyğun olaraq rəsmi kanallarla ötürməsini tələb edib.

Hazırda siyasi analitiklərin diqqəti daha çox Donald Tramp-Co Bayden-"Burisma" üçbucağı arasında yaşanan qovğaya köklənib.

Ukrayna şirkəti olan "Burisma” oliqarx, prezident Viktor Yanukoviçin dönəmində ekologiya naziri işləmiş Nikolay Zloçevskiyə məxsusdur.

O, 2014-cü ildə ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Baydenin oğlu Hanteri öz şirkətinə işə götürüb. Hanter Bayden "Burisma” holdinqin idarə heyətinin üzvü elan edilib.

Nikolay Zloçevski 2014-cü ildə kütləvi etirazlar nəticəsində hakimiyyətdən qovulmuş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin müttəfiqi olub.

Belə bir dayağı itirən şirkət sahibi biznes maraqlarını qorumaq üçün yeni müdafiə sistemi qurub. Şirkətə simvolik fiqurlar lazım idi.

Bu məqsədlə də o, 1995-2005-ci illərdə Polşa prezidenti olmuş Aleksandr Kvasnevski və Co Baydenin oğlu ilə anlaşdı.

Hanter Baydenin rəsmi aylıq maaşı bu şirkətdə 50 min dollar olub. Nyu-Yorkda vəkillik edən birisi üçün bu, az pul deyildi.

Oğul Bayden bu ilin avqustun 25-nə kimi "Burisma” şirkətinin rəhbəri qismində çalışıb. Atası Co Bayden prezidentliyə namizədliyini irəli sürdükdən sonra isə o, Ukrayna şirkətini tərk edib.

"Yeni Müsavat”

Oxşar xəbərlər