Amerikada inqilab oldu, Bakı yasa batdı – Dünya qopur

  • 09 noy 2016, 14:37

Şou başlayır - biz daha yalnız seyriçi olmayacağıq - bütün dünya oynayacaq, artıq hamı kütləvi səhnələr aktyorudur... 

 

Yazıçı Əbülhəsənin kitabının adı indiki hala çox uyğundur: Dünya qopur...

Donald Trampın prezident seçilməsi ABŞ başda olmaqla, bütün dünyanı şoka salıb. Yəqin müəllim özü də şokdadır. Demişdi ki, seçkinin nəticələrini o zaman tanıyacaq ki, özü prezident seçilsin...Hələ seçki başlamamışdan bəyan etmişdi ki, şikayətçi olacaq. Qəflətən ayıldı ki, prezidentdir. 

Bakı da şokdadır. Azərbaycan müxalifəti ABŞ səfirliyinin dəvəti ilə özünü tülküdurmazdan Hyatt hotelə vermişdi. Onlardan elələri vardı ki, Vətən 10 dəfə çağırsa, yuxusuna haram qatıb, saat 5-də qalxmazdı. Əksəriyyət etibarı ilə ömründə bir dəfə də sübh namazına qalxmayanlar bu dəfə bir çağırışla sübhü Hyatt hoteldə açdılar. Burada ABŞ-dakı seçkini elektron müşahidə məntəqəsi yaradılmışdı və ölkəmizin seçkin bir kəsimi, şərti olaraq, Amerikanın dostları deyə biləcəyimiz vətəndaşlarımız, Bakıdakı diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri, yazarlar və başqaları toplaşıb, xanım Klintonun timsalında qələbəni bayram edəcəklərdi...

Hamı arxayın idi -  Trampı dəli sayır, ələ salır, deyib gülür, olası qələbə üçün əllərinə virtual xına yapır, məzələnirdilər. 

Tramp israrla öndə idi. Dostum, bütün zamanlar üçün yanlış proqnozlar ustası İqbal Ağazadə israrla və arxayınca deyirdi ki, boş şeydi, qoy Nyu-York açıqlansın, hər şey dəyişəcək: "Prezident Klintondur...”

Biriləri "Pensilvaniyada qabağa keçəcəyik, deyirdi. Bir ara, kiçik bir zaman kəsimində Xanım Klinton önə keçdi. Zalda bir çəpik çalındı, bir canlanma oldu, gəl görəsən. Bizim müxalifət kimi tutursa, o batır, deyə iddiam yoxdur. Çünki Azərbaycan hakimiyyətinin təmsilçiləri də orada idilər. O zalda Azərbaycan iqtidarı və müxalifətinin mövqeyi üst-üstə düşürdü. Hamısı Klintonçu idi. Təbii, istisnalar da vardı. Məsələn, Pənah Hüseyn. Hələ öncədən israrla arzu edir və deyirdi, Tramp qalib gəlsin: "Mən xaos istəyirəm, dünyada xaos olsun ki, Azərbaycanda da bir şeylər edə bilək. Klinton olsa, heç nə dəyişməyəcək...”

Amerikanın Bakıdakı dostları arasında da seçki keçirildi -  bizə bülletenlər paylandı, səs verdik -  Hillari Klinton qalib gəldi...Bakıda...

Trampın qalib gələcəyi müəyyənləşəndə, demokratik düşərgəyə məxsus əksəriyyət və Bakının tanınmış qrant elitası getdi yatmağa. Yerdə qalanlarsa Ziya Məmmədovdan, onun Amerikanın olası prezidenti Donald Trampla yaxın əlaqələrindən danışmağa başladı: "Yəqin vitse-prezidentlərdən biri olar...”

Pənah Hüseyn sevincli idi. Qarşısına çıxanla alay edirdi. Ondan ilk fikirlərini aldım: "Amerikalılar dəyişiklik istədi. Obamanın və Klintonun, demokratların dişsiz siyasətlərinin  əleyhinə olanlar Trampı prezident etdilər. Amerika xalqı Putin kimi nəhəngin qarşısına güclü bir lider çıxartdı. O arvad (Klintonu deyir -  Rauf) ona heç nə edəmməzdi. İndi belə görünür ki, guya Putnin xətti qalib gəlib. Amma belə deyil.  Putinə dünya çapında ciddi bir rəqib yarandı. Bundan sonra Amerika əvvəlki Amerika olacaq...” 

Mehman Əliyevsə hesab edir ki, kimin prezident seçilməsinin məsələyə dəxli yoxdur: "Amerikanın prioritetləri və strateji siyasəti dəyişməyəcək...”

Qubad İbadoğlu isə yazır ki, Trampın prezident seçilməsi dünya birjalarını sarsıdıb, daşlar yerindən oynayır...

Bir az da öz fikirlərimi yazım. 

Trampın prezident olmasını gözləmirdim, amerikalılara həddindən artıq güvənirdim. Lakin Amerika xalqı bütün sistemi alt-üst etdi. Tramp seçildi və hazırda biz sürətlə dəyişən dünyada çaş-baş qalmışıq. Dünya Trampa hazır deyildi. 

Hər şeydən öncə, Türkiyə qazancdadır. Hazırkı ABŞ sistemi Türkiyənin lider olduğu arealda çox aqressiv oynayır və burada kürd dövlətinin qurulması yönümündə real çalışmalar aparır, Türkiyəni sıxışdırır, hakimiyyəti devirməyə çalışır. Trampın gəlməsi ilə AKP iqtidarı və həm də Türkiyə ABŞ xüsusi xidmət orqanlarının revanşından – 15 iyul uğursuz çevriliş cəhdinin yaratdığı vəziyyəti  nəzərdə tuturam – qurtuldu. Doğrudur, Tramp "kürdlərin heyranıyam”, deyir; lakin eyni zamanda Ərdoğan üçün də pozitiv fikirlər söyləyir, Türkiyənin İŞİD-ə qarşı mübarizəsinə daha artıq önəm vermək fikrini daşıyır. O, İŞİD-ı səmimi olaraq, bitirmək istəyir! O, eyni zamanda , Ərdoğanın iqtidarına əsas təhlükə elan etdiyi Gülən camaatına qarşı da tənqidi fikir daşıyır. Məlum olduğu kimi, Gülən camaatı ABŞ seçkilərində H. Klintonu dəstəkləyirdi və onun seçki kampaniyasına maddi dəstək də vermişdi...

Trampın qalib gəlməsi Qərb ölkələrində yüksəlişdə olan millətçiliyin və mühafizəkarlığın, eyni zamanda islamafob meyllərin və anti-immiqrant  sürəcinin iqtidara gəlməsi deməkdir. İngiltərədə Brexit referendumundan sonra , Amerikada da prezident seçkilərinin bu cür nəticələnməsi       
Dünyanın hansı yönə doğru dəyişməsini göstərir. 

Azərbaycanda, bədbəxtlikdən, milliyyətçi-mühafizəkar alternativ yoxdur. Azərbaycanda, ümumiyyətlə alternativ yoxdur. Bu səbəbdən də, Trampın seçilməsinin yalnız bir düşərgəyə - iqtidara dəxli var. Onlar da hər zaman Respublikaçılarla yaxın olublar. Əminəm ki, Azərbaycan iqtidarının Trampa Məmmədovlar ailəsindən başqa da yolu var...

Beləliklə, Amerikada əsil inqilab baş verdi; iqtidar və son illərdə mövcud olan sistem dəyişdi. Amerika xalqı Rusiyada Jirinovski, Azərbaycanda isə Hacıyev soyadlı siyasətçilərə bənzəyən bir milyarderə səs verdi və onu prezident etdi. 

70 yaşlı gümrah qoca dünya gücünün başına keçdi. Şou başlayır -  biz daha yalnız seyriçi olmayacağıq -  bütün dünya oynayacaq, artıq hamı kütləvi səhnələr aktyorudur...  
 Rauf Arifoğlu
Oxşar xəbərlər