Bakı demokratlarının Trampa niyə rəğbəti yoxdur - özləri danışır

  • 23 okt 2019, 11:26

Azərbaycanın müxalif cinahında bəlkə də ilk amerikalı prezident Donald Trampdır ki, ona rəğbət və ondan gözlənti yoxdur. Obama və Buş administrasiyalarının dövründə müxalifət onlara az qala nicat kimi baxırdılar, ABŞ Dövlət Departamentindən tez-tez tənqidi bəyanatlar gözləyirdilər. Trampa münasibət isə belə olmadı.

Ümid Partiyasının sədri İqbal Ağazadə "Yeni Müsavat”a bildirdi ki, bu münasibət heç də Trampın respublikaçı olmasından irəli gəlmir. Onun sözlərinə görə, Trampın baxışlarında daxili siyasət prioritetdir və ölkələrin daxili siyasətində baş verənlərə əhəmiyyət vermir.

İ.Ağazadə qeyd etdi ki, bundan əvvəlki prezidentlərin vaxtında maliyyə vəsaitlərinin ayrılması, proseslərin idarə olunması, müxtəlif görüşlər aktiv həyata keçirilirdi: "Tramp isə Amerikanın daxili məsələlərinə diqqət ayırmağa üstünlük verir və bəzən bu yolda xarici maraqlarının üstündən də keçir.

İqbal Ağazadə: "Əvvəlki prezidentlərin vaxtında maliyyə vəsaitlərinin ayrılması, proseslərin idarə olunması, müxtəlif görüşlər aktiv həyata keçirilirdi”

Ona görə fərqli kurs nümayiş etdirir. Azərbaycan kimi ölkələrdə isə xalqın hesabına ölkənin demokratikləşməsi mümkün olmalıdır. Kimlər ki, əvvəl də, bu gün də o istiqamətdə köklənibsə, xarici dəstəyi arzu edirsə yanlış düşünürlər. Müxalifət xalqın arzu və istəklərini hesablamalıdır”.

Politoloq Hikmət Hacızadənin "Yeni Müsavat”a bildirdiyinə görə, buna səbəb Trampın özünü anti-demokratik aparmasıdır:

"O, seçkilər vaxtı bəyan elədi ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacağıq, qoy özlərini qırsınlar. Yəni biz bu nümunəmizlə onlara yol göstərəcəyik. Əslində Suriya, Əfqanıstan və İraqı nəzərdə tuturdu. Amma başqa ölkələrin də ona simpatiyası olmadı”.

H.Hacızadə bu məsələnin respublikaçıların siyasi görüşləri ilə əlaqəli olması fikrini qəbul etmir: "Demokratlar can-can deyir, heç nə eləmir. Əksinə, respublikaçılar bəyanat çox vermir, amma despotik rejimləri əzirlər. Reyqan demokratiyadan az danışırdı, Cimmi Kartır isə çox danışırdı, heç nə eləmirdi. Amma Reyqan SSRİ-ni dağıtdı, 300 milyon kommunist yuxudan ayıldı.

Hikmət Hacızadə: "Demokratlar can-can deyir, heç nə eləmir,  respublikaçılar isə az danışır, amma despotik rejimləri əzirlər”

Ümumiyyətlə, respublikaçıların fikrincə, demokratlar ciddi adamlar deyil. Nə vuruşa, nə pul qazana bilirlər".

Analitik  xatırlatdı ki, Tramp Rusiyaya sanksiyalar tətbiq edir: "Həmin Rusiya kı, Qarabağın həlli onlardan asılıdır. Mən fikirləşirəm ki, Tramp təzədən prezident seçilə bilər. Onun real göstəriciləri yüksəkdir, Trampın prezidentliyi dövründə Amerikada işsizlik son 50 ildə minimum həddə düşüb, pensiyalar artıb, bu da seçiciyə aiddir. Onun real siyasəti, real rəqəmləri yüksəkdir. Əgər bir axmaqlıq eləməsə, yenə prezident seçilə bilər. Ona görə də biz deyə bilmərik ki, respublikaçılar avtoritar rejimlər olan ölkələrdə insan haqları, demokratiya məsələlərinə əhəmiyyət vermirlər. Respublikaçılar az danışır, çox iş görür. Amerikanı onlar qurub”.

Siyasi ekspert Natiq Miri amerikalı prezidentlərə nicat kimi baxmağı yanlış təsəvvür sayır. Onun fikrincə, qüdrətli ölkələrin geosiyasi maraqlarına uyğun gələndə həmin dövlətlərdə siyasi dəyişikliklər baş verə bilir.  Politoloq hesab edir ki, Trampın başqa dövlətlərin daxili işlərinə qarışmayacağı bəyanatı reallığı əks etdirmir: "Faktiki olaraq, kobud sürətdə daxili işlərə müdaxilə var.  Hər gün Yaxın Şərqə, İrana, Suriyaya, NATO-nun strateji müttəfiqi olan Avropa Birliyi ölkələrinə, Çinə münasibətdə biz müdaxiləni müşahidə edirik. Ən bariz nümunə isə Türkiyəyə təzyiqlərdir. Elə 2015-ci ildə Türkiyədə çevrilişə cəhdin mənbəyi də Amerika idi. ABŞ öz maraqlarına görə demokratiyanın olmamasına göz yumur.  Ona görə bu, özünü aldatmaqdır ki, Amerika demokratiya gətirəcək. Biz Misirdə də gördük. Xuntaçı Sisi bu gün xalqa ”divan tutur".

N.Mirinin sözlərinə görə, Türkiyə terrorizmə qarşı mübarizə aparır, Amerika isə kürd terrorçularını silahla təchiz edir: "Bunlar sübuta ehtiyacı olmayan faktlardır. Müxalifət dərk etməlidir ki, ABŞ liderlərindən nə isə gözləmək özünü aldatmaqdır”.

"Yeni Müsavat”

Oxşar xəbərlər