Xəbər lenti
Bütün xəbərlər

"İŞİD-in başını kəsib, onlardan nefti alacam"

  • 05 yan 2016, 17:36
Amerikada prezidentliyə namizəd, respublikaçı milyarder Donald Trampın seçkiqabağı hazırladığı video çarx ölkəsində böyük rezonans doğurub. 

Tramp təşviqat məqsədilə hazırlanan ilk televiziya rolikində çıxış edərək İŞİD terror qruplaşmasını başsız qoyacağı ilə hədələyib. Rolikdə səsləndirilən şüar amerikalılar tərəfindən təəccüblə qarşılanıb: 

"O, tezliklə İŞİD-in başını kəsəcək və onlardan nefti alacaq”, - deyə 30 saniyəlik rolikdə deyilir. Yanvarın 4-də üzə çıxan bu video isə Amerika cəmiyyətində böyük səs-küyə və müzakirələrə səbəb olub. 

Eyni zamanda Tramp yenidən müsəlmanların ABŞ-a gəlməsinin qarşısını almağa çağırıb. Bu dəfə o, daha irəli gedərək ölkənin sərhədlərini divarlarla əhatə edəcəyini və müsəlmanların bura gəlməsinə imkan verməyəcəyini bəyan edib. 


 

Donald Tramp - prezidentliyə namizəd

Trampın seçki reklamında vurğulanır ki, Amerika ilə Meksika sərhədində divarlar tikməklə xüsusən Meksikadan gələn qeyri-qanuni miqrant axını dayandırılacaq. Tikintini isə milyarder elə Meksikanın hesabına aparmağı planlaşdırır. 

 

"AMERİKA SƏRHƏDLƏRİNDƏ DİVARLAR TİKƏCƏM,MÜSƏLMANLARI ÖLKƏYƏ BURAXMAYACAM!"

 

Donald Tramp reklam rolikini bəyəndiyini də etiraf edib. "Bu reklamla fəxr edirəm. Amma bilmirəm heç mənim reklama ehtiyacım varmı, hər ehtimala”, - deyə prezidentliyə namizəd qürurunu bildirib. 

ABŞ-ın Respublikaçılar partiyasından namizədliyini irəli sürən Donald Tramp bütün dünya ictimaiyyətini tez-tez qəribə və gülməli bəyanatları ilə təəccübləndirir. Elə bu günlərdə o, Amerika prezidenti Barak Obamanı və Demokratlar partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klintonu İŞİD terror təşkilatını yaratmaqda ittiham etmişdi. "Orada yalançılar çoxdur. Hillari Klinton İŞİD terror təşkilatını Barak Obama ilə birlikdə yaradıb”, - deyə Tramp Missisipi ştatının Biloksi şəhərində çıxışı zamanı bildirmişdi. 
Tramp həmçinin müsəlmanlara xüsusi nifrətini dəfələrlə büruzə verib. O, müsəlmanların amerikalılara nifrət bəslədiyini əsas gətirərək onların ölkəyə buraxılmasına etiraz edib. "Hələ ki bunun səbəbi bəlli deyil, ABŞ vətəndaşları yalnız cihada inanan insanların qurbanlarına çevrilməməlidirlər”, - deyə Tramp bəyanat vermişdi və onun bu fikirləri həm ölkəsində, həm də bütün dünya siyasətçiləri tərəfindən qınanmışdı. 

Göründüyü kimi, Donald Tramp bütün ictimai fikirlərə məhəl qoymadan, öz qeyri-adi beyin məhsullarını meydana çıxarmaqdan çəkinmir. Hələ ABŞ-da növbəti prezident seçkilərinin keçirildiyi tarixə - bu ilin noyabrın 8-nə qədər o, yəqin ki, hələ çox sensasiyalı bəyanatlar uyduracaq. 

Özünü Amerika cəmiyyəti üçün vacib şəxsiyyət hesab etsə də, Trampın seçicilər tərəfindən bir o qədər də ciddi fiqur kimi qarşılanmadığı barədə fikirlər irəli sürülür. Amma bilmək olmaz, 1981-ci ildə aktyor Ronald Reyqanı prezident, 2003-cü ildə kinoaktyor Arnold Şvartsnegeri Kaliforniya ştatının qubernatoru seçən amerikalılar Trampı da prezident seçə bilərlər. 
Oxşar xəbərlər