Gəncə Dövlət Universitetini kim (lər) idarə edir?

  • 18 sen 2017, 19:05

UNİVERSİTET DOĞRUDANMI NAZİR MÜAVİNLƏRİNİN KURASİYASINDADIR, YOXSA...

Gəncə şəhərində məmur libası geyinmiş ən qalmaqallı şəxslərdən biri kimi mətbuat səhifələrinə daşınan, bununla bəlkə də öyünən GDU rektoru Yusif Yusifovun nə vaxt vəzifəsindən alınacağı Gəncə ictimaiyyəti tərəfindən yeni müzakirələrə yol açmaqdadır. Son günlər GDU-ya yeni rektorun təyin olunacağı barədə məlumatlar dolaşır.

"Demokratik.Az”-ın məlumatına görə, indiyədək "toxunulmaz” təsiri bağışlayan professorun karyerası özünün son aşamasına çatıb. Bir çoxları qalmaqallı rektorun yaxın gələcəkdə prezidentin sərəncamı ilə kürsüsündən qovulacağını iddia edir. Gəncədə yayılan bu dedi-qodu hələlik inandırıcı səslənməsə də, reallaşacağına zəmin var ki, bu da bir zərurətdir.

"Demokratik.Az” saytı olaraq xatırladaq ki, son illərdə Universitet rektorunun xoşagəlməz əməli fəaliyyəti barədə müxtəlif elektron poçtlardan elektron kütləvi informasiya vasitələrinə onlarla şikayət məktubları, şokedici faktlar ötürülüb və bir-birinin bənzəri kimi işıqlandırılıb.

Elə, "Demokratik.Az”-da da zaman-zaman həmin məktublar şərhlərə və əlavələrə uğramadan silsilə xarakterli yayımlanıb. Yazıların sırasında tərif də olub, tənqid də. Təriflər yazıldıqca bundan həzz alaraq işlərini axsadan rektor tənqidlərdən də yararlana bilməyib. Görünür, köndələn və itaətkəranə idarəçilik də rektorun belə şəxsi xüsusiyyətlərindən irəli gəlir.

”Demokratik.Az”-ın əldə etmiş olduğu xəbərə görə, Yusif Yusifovun rektorluğu dönəmində bu təhsil ocağında təpədən-dırnağa maxinasiyalar hökm edib. Rüşvət və korrupsiya burulğanı qulaq batırıb. Olayların şiddəti qeyri-ixtiyari olaraq media masasına da sıçramağa macal tapıb. Mənbənin saytımıza məlumatına görə, burada müəllimlər arasında aşkarca aşiq-məşuqə səhnələrindən tutmuş, ən ağlasığmaz rüşvətxorluq və korrupsiya halları Universitetin gələcək məzunlarında (tələbələrdə-red) mənfi örnəyə çevrilib. Amma KİV-lərdə yazılan əsaslı tənqidi yazılardan özünə heç bir müsbət nəticə çıxarmağı bacarmayan rektor və havadarlarına yüksək yetkili dövlət rəsmiləri hələlik "DUR" deməyib. Başda elə təhsil naziri Mikayıl Cabbarov da olmaqla, bir çoxları prezident cənab İlham Əliyevin GDU-da alovlanan özbaşınalıqlara şəxsi müdaxiləsini gözləməklə acizlik göstərib. Real tənqidi faktlar fonunda, təbii ki, Universitetdə nəzərəçarpacaq dərəcədə uğur-nailiyyətlərə də rast gəlinib. Lakin, GDU-da baş verən yaxşı işlərin təqdimatı belə qüsurla kapsanıb. Sanki bütün uğurlar yalnızca qalmaqallı rektorun adına sərgilənərək başqa eybəcərlikləri ört-bas etməyə hesablanıb. Universitetin tədris korpuslarında hər il ard-arda aparılan təmir-restovrasiya işləri də maxinasiya dolu çirkli pulların yuyulmasına hesablansa da, universitetin istənilən elmi nailiyyətləri, xarici universitetlərlə elmi əməkdaşlıqlar da az qala Yusifovun şəxsi uğurları kimi təqdim olunub. Kənardakılara belə diqtə olunub ki, bəs sən demə, yaxşı nə baş veribsə rektorun hünərindən irəli gəlib, GDU-dakı eybəcərliklərin baiskar(lar)ını isə rektorla birlikdə, hakimiyyətin daha yuxarı eşalonunda axtarmaq lazımdır. Ədalət naminə, deyəsən son fikrim də xeyli ədalətli səslənir. Əgər bunca vurhavurda illərdir bu rektor öz kürsüsündə qalırsa, saxlanılırsa deməli GDU təkcə rektorun istəyilə idarə olunmur, kənardan daha güclü dirijorlar çubuq yelləyir. Amma hər şeyə nikbin yanaşmalıyıq. Özünü toxunulmaz bilən, istədiyini edən, nikbin Yusifov kimi...

"Demokratik.Az"-ın araşdırmasına görə, rektor indiyədək mediyada öz tutarlı mövqeyini sərgiləməyib. Buna səbəb kimi iki amil görünür.

1. Yusifovun başı elə qarışıb ki, onun belə "cılız-cızmaqara" şeylərlə məşğul olmağa vaxtı olmayıb,

2.Ya da KİV-lərdə şəninə yazılan "tənqidi əməl dəftəri"nin bir köşəsində; "bunlar yalandır" - ifadəsilə vicdanı arasındakı savaş onu susmağa sövq edib.

Aldığımız məlumata görə, hazırki proseslər deməyə əsas verir ki, fərli-başlı bir dənə də olsa elmi əsərini, eksklüziv müsahibəsini oxumadığımız rektor Yusif Yusifov da sabiq MTN-in fırıldaqçı generallarına bənzəyən sonluğa doğru yol alıb. Bu qənaətə varanlar az deyil. 

Buradaca qeyd edək ki, anarxist rektorun sığındığı "qala” da yamanca basılmazdır. Məlumata görə, "Yusifov qalası"nı iki nazir müavini inşa etdirib. Zəhmi isə bəziləri üçün elə keçmiş MTN-in qaragüruhçuluğu kimidir. Amma nikbin düşünmək lazımdır. Baxmayaraq ki, bu məmurun kürəyində iki mötəbər nazir müavinlərinin "güclü əlləri" var, inanın ki, möhtərəm prezidentimiz İlham Əliyevin rektor üçün verəcəyi "RƏDD" fərmanı hər üçünə də yetəcək! "Yusifov qalası" tezliklə yerlə bir olacaq!

Bəs sizcə rektorun arxasında kimlər dayanıb, sizcə Gəncə Dövlət Universitetini kim (lər) idarə edir? Rektor Yusif Yusifov doğrudan marionetkadırmı? (bizi izləyin)


Osman Nərimanoğlu 

Redaksiyadan: Sadalanan faktlar sabiq prorektorun dedikləri əsasında qeydə alınıb. 

Məlumdur ki, Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsin (Cavanşir Yusifovun-red) rektorla qardaş olması müəyyən mətləblərdən xəbər verir. Bu fikirlər yeni olmasa da rektor Yusifovu məğlubedilməz edən özü yox, adıçəkilən qardaşı ilə dost olan iri məmurlardır. Yəni Azər və Cehun Bayramov qardaşlarıdır. Bu səbəbdən, GDU-da ən üst səviyyədə bir "YUSİFOV QALASI” inşa edilməsi kimi amillər ilk yada düşəndir.

Yayılan məlumatlarda deyilir ki, Universiteti əslində Yusifov deyil, birbaşa Təhsil Nazirinin müavini Cehun Bayramov idarə edir. Baxmayaraq ki, Universitetin möhürü Yusifovdadır və o hələ də rektor kimi maaş alır...

Demokratik.Az

Oxşar xəbərlər