Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR

  • 14 iyul 2019, 13:25

Vətəndaş Fərəcov Saleh Vahid oğlu düz 30 ildir ki, ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Göygöl rayonuna pənah gətirib. Rayonun Heydər Əliyev prospekti 43 ünvanında dar bir daxmaya sığınaraq ən dözülməz şərtlər altında yaşamağa məhkum olub. O həyat tərzindən şikayətlənərək deyir ki, nə ev ala bilmir, nə də 10 ildir yerli bələdiyyədən ailəsinə torpaq sahəsi verilmir. Onun ailəsinin belə durumda yaşamağı isə hansısa yerli məmuru əsla maraqlandırmır.

Öz mənzil-məişət problemlərinin həllini arzulayan şikayətçi icra başçısının və şəhər bələdiyyəsinin fəaliyyətini özbaşınalıq adlandırır, yerli məmurlara inanmadığını dilə gətirir. 

"Demokratik.Az"-a dərdini danışan biçarə ailə başçısı bildirir ki, mövcud durum barədə dəfələrlə aidiyyatı qurumlara ərizə-şikayətlər göndərib. Mütamadi olaraq rayonun icra başçısı Arif Seyidovun qəbulunda olub, prezidentin səlahiyyətli nümayəndəsindən kömək istəyib. Lakin, icra başçısı şikayətçinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir addımlar atmayıb. Əksinə, 15 ildir ki, Göygöl rayonuna hakim kəsilən Arif Seyidov kasıb sakini aşağılayaraq polisin vasitəsilə qəbul otağından qovub. Eləcə də, illərlə bələdiyyə sədri və şəhər icra nümayəndəsi Mirzə Məmmədov da vətəndaşa nağıllar danışaraq onu aldadıblar. 

Kiçik bir otaqda, qırıq çarpayılarda yaşayan ailə şəraitsizlik ucbatından 28 yaşlı oğlan övladlarını da evləndirə bilmirlər. 

Şikayətçi Saleh Fərəcov haqlı olaraq deyir ki, bu şəraitsiz evə gəlin köçürüb gətirmək mümkünsüzdür. Qışda evi isitmək üçün hələ də odun sobasından istifadə edilir. Evin hamamı, mətbəxi, bir sözlə, heç bir şəraiti yoxdur. İmkansızlıqdan evə qaz xətti də çəkilməyib. Bütün divarları rütubətli, dam örtüyü və tavanı tam yararsız, döşəməsiz və darısqal bir evə gəlin köçürmək sizcə necə olar bilər axı ?!...

"Demokratik.Az"-a müraciət edən şikayətçi ailəsini bu müsibətdən qurtarmağa yollar axtarsa da tapa bilmir.

Əslində O, 10 ildir  çox şey də istəmir. İstəyir ki, bələdiyyədən torpaq alsın və övladına heç olmazsa bir neçə otaqlı ayrıca ev tikdirsin. Pulu və maddi imkanları olmasa da, bu bir ata kimi onun da ən böyük arzusudur.

Şikayətçinin dediklərini doğrulamaq üçün kiçik araşdırma apardıq. Məlum etdik ki, vətəndaş Fərəcov Saleh Vahid oğlu bələdiyyədə torpaq növbəsindədir, lakin bələdiyyənin mülkiyyətində fərdi ev tikintisi üçün torpaq qalmadığından təkcə onun deyil, ümumilikdə iki minə yaxın vətəndaşın müraciəti həllini tapmayıb. Problemin həllindən çıxış yolu kmi, rayon ərazisində xeyli əkinəyararlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə ötən il müraciət də göndərilib.  

Amma, danılmazdır ki, Göygölün icra başçısı Arif Seyidov bələdiyyə sədri ilə birləşərək 15 ildir ki, Bələdiyyə balansında mövcud olan 100 hektarlıq perspektiv fond torpağını məqsədli şəkildə talayıb. Ev tikintisi üçün yeni satışa çıxarılacaq əkinəyararlı torpaqların gələcək aqibəti də indidən qaranlıqdır. Çünki, indiyədək torpaqlar əksər hallarda varlılara satılıb. Bələdiyyə müstəqilliyi varlılara və icra başçısının şəxsi istəklərinə qurban gedib. Torpaqlar yalnız sifarişli talançılığa məruz qalıb. Belə olmasa idi şikayətçi kasıb Göygöl sakini Saleh Fərəcova 10 il ərzində bir torpaq verilərdi. Əksi olsa idi, indi rayonda bütün kasıb ailələr qanun çərçivəsində öz torpaq paylarını alardı və bir ev tikərdi...

Onu da bildirək ki, Göygöl rayonunda mənzil fondu da yoxdur və belə biçarələrin birbaşa evlə də təmin olunmaq imkanları bu bəhanə ilə mümkünsüzdür.

Şikayətçilərdən fərqli olaraq, özlərinə istədikləri sayda torpaq almış, villalar tikdirərək hazırda cahi-cəlalda yaşayan Arif Seyidovun və təyinatlardan qocalmış bələdiyyə sədri Mikayıl Hacıyevin tezliklə insafa gələcəyinə isə inanmaq çox çətindir, amma başqa çarə də qalmır...

(mövzuya qayıdacağıq)

Osman Nərimanoğlu





 

Demokratik.Az

 

Oxşar xəbərlər