Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər

  • 05 dek 2019, 08:48

Pənah Hüseyn deyib ki, toplantında məqsəd yekun qərar vermək olmayıb; Vahid Əhmədovdan müxalifətə çağırış

Növbədənkənar parlament seçkiləri  bəzi müxalif siyasi partiyaları seçkiyə qatılmaq, yoxsa onu boykot etmək dilemması qarşısında qoyub. Məsələ dekabrın 3-də Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının rəhbərliyinin, AXCP sədrinin müavininin, AXP sədri Pənah Hüseynin, sabiq səhiyyə naziri Əli İnsanovun, "Turan” agentliyinin direktoru Mehman Əliyevin və politoloq Hikmət Hacızadənin iştirakı ilə keçirilən dəyirmi masada müzakirəyə çıxarılıb.

Müxalifət "seçkidə iştirak edilsin, yoxsa boykot edilsin” sualı ətrafında müzakirələr aparıb. Bəzi müxalif təmsilçilər seçkidə iştiraka müsbət yanaşsalar da, digərləri seçkiləri boykot etməyi təklif edib. Lakin yekunda konkret hansı qərarın verildiyi haqda məlumat yayılmayıb.

Məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün AXP sədri Pənah Hüseynlə danışdıq. Pənah Hüseyn "Yeni Müsavat”a bildirdi ki, 3 dekabrda keçirilən toplantı seçki ilə bağlı qərar qəbul etmək üçün deyildi. Bu toplantı seçkilərlə bağlı yaranmış durumu müzakirə üçün idi: "Müzakirələr də kifayət qədər geniş oldu. Məqsəd heç də yekun bir qərar vermək deyildi. Amma sonda təşkilatçı, yəni Müsavat Partiyasının başqanı Arif Hacılı müzakirələri yekunlaşdıraraq dedi ki, yenidən daha geniş formatda, siyasi partiyaların və ictimai sektor nümayəndələrinin bir araya gəlib seçki ilə bağlı müvafiq qərar qəbul eləməsi məqsədəuyğun olardı. İndi bu mümkün olacaq, ya olmayacaq, başqa məsələdir. Mən hesab edirəm ki, sözügedən toplantıda faydalı müzakirələr oldu”.

P.Hüseyn qeyd etdi ki, müxalifətin seçkilərə hazırlıqsız yaxalandığı barədə iddiaları bölüşmür: "Ümumi siyasi kontekst baxımından vaxtın azlığının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ normal seçki keçirilməsidir. 20 günə də seçkini eləmək olar və 20 günə də çatdırmaq olar. Amma bunun üçün həmin seçkinin demokratik keçirilməsini təmin eləyəcək zəruri şərtlər ortada olmalıdır. Bunu isə bir günün içində həll eləmək olar”.

Toplantıda iştirak edən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bildirib ki, seçkilərlə bağlı demokratik düşərgənin toplanması, vahid mövqedən çıxış etməsi ən yaxşı qərar olardı. Elə Müsavat Partiyasında keçirilən dəyirmi masa da bu məqsədə xidmət edirdi ki, demokratik düşərgə, müxalifət qüvvələri bu mərhələdə məsləhətli hərəkət eləsinlər, mövcud situasiyada problemləri geniş, açıq müzakirə etsinlər, məsuliyyətli qərarlar qəbul etsinlər: "Çıxış yolu ciddi müzakirələrdə və məsuliyyətli qərarlar qəbul etməkdədir. Bizim yanaşmamız bundan ibarətdir ki, birincisi bütün qüvvələrin birgə olması, birlikdə iştirak etməsi ən düzgün qərar olardı. İstər seçkidə iştirak olsun, istər seçkinin boykot edilməsi olsun. Demokratik düşərgənin toplanması, vahid mövqedən çıxış etməsi ən yaxşı qərar olardı. Amma bu mümkün olmayacaqsa, seçkidə iştirak edənlərlə seçkini boykot edənlər diqqəti bir-birilərinə yönətməsinlər. Bir-biriləri ilə mübarizə aparmasınlar. Bir-birini ifşa etməyə çalışmasınlar. Müsavat olaraq, Milli Strateji Düşüncə Mərkəzinin mövqeyi bundan ibarətdir. Yəqin ki, bu həftə vəziyyət aydınlaşacaq. Müsavat Partiyası bu həftənin sonunda Məclis keçirəcək. Məclisdə seçkiyə münasibət müəyyənləşdiriləcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaş, istər müxalifət, istər iqtidar nümayəndəsi olsun, seçkidə iştirak hüququndan istifadə etməlidir: "Müxalifət partiyalarının parlament seçkiləri ilə bağlı  polemikalarını izlədim. Onların dialoq şəklində ”seçkiyə qatılaq-qatılmayaq" dilemması geniş müzakirələrə səbəb olub. Seçkiyə qatılmaq istəyənlər də var, qatılmaq istəməyənlər də. Hətta seçkini boykot etmək istəyənlər də. Doğrudur, müxalifət partiyalarının tələblərinin bəzilərini, vaxt azlığı məsələsini də nəzərə almaq lazımdır. Bunun üçün vaxta ehtiyac var, proseslərə təmkinli yanaşmaq gərəklidir.

İkincisi, analiz edəndə baxmaq lazımdır ki, seçkini boykot etmək həmin partiyalara nə verəcək? Faktiki olaraq, tarix göstərdi ki, müstəqillik dövründən seçkinin boykot edilməsi həmin partiyalara heç bir müsbət təsir göstərməyib. Beynəlxalq təşkilatlar müəyyən irad bildirib, təkliflər versələr də, həmin partiyalar seçkidən kənarda qalırlar. Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olar ki, seçki bir meydandır. Bu meydanda verilən fürsəti dəyərləndirmək lazımdır, nəinki onu boykot etmək. Seçkidə iştirak etməyin tərəfdarı olanlar Müsavat Partiyası, ReAl Partiyası, Azərbaycan Xalq Partiyasının nümayəndələri, eləcə də Milli Strateji Düşüncə Mərkəzinin sədri  İsa Qəmbər, "Turan” agentliyinin rəhbəri Mehman Əliyev oldular. Onlar  seçkiyə getmək lazım olduğunu bildirdilər. Bu insanlar çox yaxşı olaraq anlayırlar ki, seçkini boykot etmək həmin partiyalara heç nə vermir. Mən onların hamısını seçkilərdə iştiraka dəvət edirəm".

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər