Azərbaycanın “Rus NATO-su”na yolu açıldı

  • 12 noy 2018, 09:23

Ekspert: "Ermənistan KTMT-də də təklənmiş vəziyyətdə qalıb”

Ötən həftə Astanada baş tutan KTMT dövlət başçılarının zirvə görüşündə olduqca mühüm qərarların qəbul etməsi beynəlxalq müşahidəçilərin diqqətindən yayınmayıb. KTMT-nin ilk qərarı Ermənistanın baş katiblik yerinin vaxtından əvvəl əlindən alınması ilə bağlıdır. Belə ki, rotasiyaya görə, 2020-ci ilə qədər baş katib vəzifəsi Ermənistanın nümayəndəsi olmalı idi. Ancaq Yuri Xaçaturovla bağlı qaldırılan cinayət işi və onun geri çağırılması nəticəsində İrəvan bu hüquqdan vaxtından əvvəl məhrum edildi.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT liderlərinin görüşü haqda mediaya açıqlamasında da bu məqama xüsusi işarə vurub. O bildirib ki, Ermənistan baş katiblik səlahiyyətinin 2020-ci ildə başa çatacağını əsas gətirərək, Xaçaturovun geri çağırılmasından sonra onun yerinə Vaqarşak Arutyunyanın təsdiqlənməsini istəyirdi. Lakin İrəvanın istədiyi olmayıb: "Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur - red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus (rus əlifbası ilə ”Armeniya"dan sonra gələn ölkə - red) tərəfdən olmalıdır".

Beləliklə, aydın olur ki, KTMT-yə daxil olan ölkələrin liderləri Paşinyanın təklifini yekdil olaraq rədd ediblər və Belarus tərəfinin namizədi, Bakıda hərbi təhsil alan general Stanislav Zası müdafiə ediblər. Baş katiblə bağlı son qərar isə 6 dekabrda Sankt-Peterburq görüşündə veriləcək. Dövlət başçılarının iclasında ən çox diqqət çəkən başqa bir məqam isə KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının təsdiqi ilə bağlı qərardır. Nazarbayev marağı olan ölkələri tərəfdaşlığa və müşahidəçi olmağa çağırıb. Bu isə müşahidəçilər tərəfindən Bakıya çağırış kimi qəbul edilir.

Belə ki, Azərbaycanın KTMT-yə ehtimal olunan üzvlüyünə qarşı Ermənistan etiraz edəcəyini və veto qoyacağını bəyan edirdi. KTMT üzvü olan dövlət başçıları isə ilk addımda Ermənistan nümayəndəsini vaxtından əvvəl baş katiblik vəzifəsindən kənarlaşdırdı, daha sonra isə Belarusun namizədi, Azərbaycanda hərbi təhsil alan general Zasın KTMT baş katibi vəzifəsinə təsdiqlənməsinə yaşıl işıq yandırdı.

Müşahidəçilərin fikrincə, Azərbaycanın strateji tərəfdaşı olan Belarusun məhz Bakıda hərbi təhsil alan bir generalı KTMT baş katibliyinə irəli sürməsi təsadüfü deyil. Eyni zamanda, məhz Astana sammitində, Qazaxıstanın ev sahibliyi etdiyi iclasda KTMT yanında tərəfdaş və müşahidəçi dövlətlərin statusu haqda qərarın qəbulu və türk dünyasının ağsaqqalı sayılan Nursultan Nazarbayevin "maraqlı ölkələrə çağırışı” da xüsusi olaraq düşünülüb. Belə ki, müşahidəçi və tərəfdaş ölkələrlə bağlı KTMT nizamnaməsində dəyişiklik Bakıya yaradılan şəraitdir. Məhz Bakıya görə də Ermənistanın baş katiblik səhaliyyətinə vaxtından əvvəl xitam verilib.

Deputat, politoloq Elman Nəsirov "Yeni Müsavat”a bildirdi ki, KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi, İrəvanın iki mühüm arzusu və istəyi baş tutmadı: "Birincisi, Ermənistana imkan verilmədi ki, qarşıdakı qalan müddətdə KTMT baş katibi vəzifəsində İrəvanın təmsilçisi əyləşsin. İkincisi, bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Rusiyalı politoloqlar açıq bəyan edir ki, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq KTMT öz nizamnaməsində dəyişiklik etdi və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən etdi, bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Bu fakt Ermənistanın növbəti məğlubiyyətidir. Çünki Ermənistan dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın KTMT-də təmsilçiliyinə imkan verməyəcək. KTMT-nin üzvü olan digər beş dövlət isə Ermənistanın iradəsinin əleyhinə gedərək qurumun nizamnaməsinə məlum əlavəni etdilər. Bu, o deməkdir ki, Azərbaycana tərəfdaş və ya müşahidəçi statusda istənilən vaxt KTMT-də təmsilçlik çağırışı edilir. Hər kəsə məlumdur ki, Rusiya və Qazaxıstan istəməsəydi KTMT baş katibi məsələsi və qurumun daxili nizamnaməsinə məlum əlavənin edilməsi məsələsi Ermənistanın istəyinin ziddinə qərarla yekunlaşmazdı. Bundan sonra Ermənistan yüz dəfə də "yox" desə Azərbaycanın KTMT-yə müşahidəçi və ya tərəfdaş kimi qəbul edilməsinin qarşısını ala bilməyəcək. Bu, Ermənistan üçün növbəti zərbə və diplomatik məğlubiyyətdir. Bütün bunlar çox önəmli hadisələrdir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı hədələməsinin mənasız olduğunun bir göstəricisidir. Astana sammiti bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat çox istəyir ki, Azərbaycanla sıx əməkdaşlıq mühitində olsun".

KTMT Astana ile ilgili görsel sonucu

Politoloq daha bir mühüm detala toxundu: "Rusiya mediasında Kremlə yaxın siyasi ekspertlər bildiriblər ki, KTMT ölkələri liderlərinin Astana toplantısına Azərbaycan prezidentinin dəvət edilməsi də gözlənilirmiş, lakin qurumun nizamnaməsinə görə bu dəvəti etmək mümkün olmayıb. Odur ki, nizamnamədəki Ermənistana verdiyi ”yox" demək hüququnun faktiki heçə endirilməsi üçün KTMT-yə tərəfdaş və ya müşahidəçi qismdə qatılmağa imkan yaradan əlavəni ediblər. Beləliklə, Ermənistana başa salınıb ki, bundan sonra sən "yox” demək hüququndan istifadə edib Azərbaycanın dəvətinin və iştirakının qarşısını ala bilməyəcəksən. Bütün bunları Rusiya mediası yazır. Azərbaycan KTMT ilə tərəfdaş və ya müşahidəçi statusunda əməkdaşlığı reallaşacağı halda Azərbaycanın dövlət başçısı da o tədbirlərə qatılmaq hüququna malik olur. Buna İrəvan nə qədər etiraz etsə də bu, baş verəcək. Çünki Ermənistandan başqa KTMT-nin digər beş üzvü ilə Azərbaycanın çox yaxın münasibətləri var. Yəni Ermənistan hətta KTMT-də də təklənmiş vəziyyətdə qalır. KTMT-yə yeni statusda iddiaçılar kimi Azərbaycandan başqa Özbəkistanın və Serbiyanın da adı çəkilir. Amma əsas diqqət lider dövlət kimi Azərbaycana yönəlib. Azərbaycanın KTMT-də müşahidəçi və ya tərəfdaş statusunda iştirakı bu təşkilatın özünün də imici üçün müsbət məsələ kimi qeyd olunur".

"Yeni Müsavat”

Oxşar xəbərlər