Rusiya KTMT-yə ermənini rəhbər gətirir

  • 09 sen 2016, 08:46

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır.

 

Demokratik.Az-ın məlumatına görə, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O, sentyabrın 14-də KTMT-yə seçiləcək yeni baş katibdən söz açıb:

 

"İndiki baş katib Nikolay Bordyuja yeni baş katibin Ermənistandan olacağını deyir. Belə anlaşılır ki, həmin namizədin kimliyi ətrafında qapalı müzakirələr gedir. Bordyuja İrəvanı su yoluna döndərmişdi, Ermənistanın mövqeyini dəstəkləyir və zaman-zaman bizi narahat edən açıqlamalar verirdi. Buna baxmayaraq, Bordyuja Rusiyanın təmsilçisi idi və tam özfəaliyyətlə məşğul ola bilməzdi. Onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə yeni baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək”.

 

Politoloq bildirib ki, baş katibi erməni olan KTMT-dən gələcəkdə istənilən təxribatı gözləmək mümkündür:

 

"Yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. Bu iki dövlət KTMT-nin üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidirlər. Ermənistanın məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq, hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmir, tam əksinə, qurum aprel döyüşlərində neytrallığını qorudu. Başqa cür ola da bilməzdi. KTMT Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, biz Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışırıq. Dağlıq Qarabağ və ətraf rayonlar isə KTMT-nin yurisdiksiyası xaricindədir”.

 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi MDB ölkələri arasında 1992-cı ilin yazında imzalanıb və 1994-cü ildə qüvvəyə minib. KTMT 2002-ci ildə yaranıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Təşkilatın baş katibi vəzifəsini 2003-cü ildən Nikolay Bordyuja icra edir. 2017-ci ildə KTMT rəhbərliyində rotasiya sistemi ilə dəyişikliklər gözlənilir.

 

Demokratik.Az

Oxşar xəbərlər