Xəbər lenti
Bütün xəbərlər

Zakir Həsənov İranda səfərdədir

  • 17 apr 2017, 08:48

Politoloqlar hesab edirlər ki, erməni generalın KTMT-yə baş katib təyinatı heç nəyi dəyişmir və müdafiə nazirinin səfəri ilə heç bir əlaqəsi yoxdur

Sputnik Azərbaycan İran mediasına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, hərbi əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. Zakir Həsənov İran Müdafiə Nazirliyinin binası qarşısında keçiriləcək rəsmi mərasimə qatılacaq. Azərbaycanın müdafiə naziri iranlı həmkarı Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfərə gedib. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.

Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri, Ermənistanın silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edilib.

Öncə "Azərbaycan müdafiə nazirinin İrana səfərinin KTMT-yə erməni generalın baş katib təyinatından dərhal sonra həyata keçirilməsinin bu hadisə ilə hansısa əlaqəsi ola bilərmi” sualına politoloq Elçin Mirzəbəylidən rəy aldıq. Politoloq hesab edir ki, Zakir Həsənovun İrana səfərin hər hansı bir şəkildə KTMT ilə bağlı deyil. Politoloq Elçin Mirzəbəyli bildirdi ki, KTMT- nin baş katibi vəzifəsi siyasi vəzifədir və müstəqil qərar qəbul etmək hüququna malik deyil. Bu qurumda əsas söz sahibi Təhlükəsizlik Şurasıdır. Birləşmiş hərbi qərargahlara isə rus generalı rəhbərlik edir. Bu baxımdan Xaçaturovun baş katib təyin edilməsinin heç bir hərbi önəmi yoxdur: "Baş katibi Təhlükəsizlik Şurası təyin etdiyi üçün Xaçaturovun təyinatına Belarus da, Qazaxıstan da səs verib. Şübhəsiz ki, onlar da Azərbaycanla bağlı məsələləri nəzərə alıblar. Qeyd edim ki, KTMT-nin nizamnaməsində və qurumun strukturu barədə əsasnamədə baş katibin səlahiyyət müddəti barədə müddəa yoxdur. Nikolay Bordyuja 2003-cü ildən bu vəzifədə idi. Xaçaturovun təyinatı isə çox güman ki, siyasi manevr xarakteri daşıyır. Prinsipcə bu Ermənistana hər hansı üstünlük vermir. Amma Ermənistan rəhbərliyinin ictimaiyyət üçün hazırladığı siyasi şoularda istifadə oluna bilər. Xatırlayırsınızsa, Sergey Lavrov Azərbaycanı KTMT və Avrasiya İqtisadi İttifaqında görmək istədiklərini bəyan etmişdi. Bu, Rusiyanın ilk açıq mesajı idi. Moskva Azərbaycanı özünün yaratdığı qurumlarda, həm də ölkənin ərazi bütövlüyünün təmin olunması üçün heç bir addım atmadan görmək istəyir. Ola bilsin ki, Xaçaturovun təyinatının daşıdığı mesaj da bununla bağlıdır”.

 

 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, KTMT Azərbaycan üçün heç bir təhlükə kəsb etmir. Həmin təşkilatda Azərbaycanın tərəfdaşları da yer alıblar və həmin dövlətlər erməni baş katibin Azərbaycan əleyhinə fəaliyyətinə imkan verməzlər. Əks halda təşkilatın daxilində təlatüm yaşanar: "Bizim qarşımızda KTMT və ya onun erməni baş katibi deyil, Rusiya-Ermənistan hərbi ittifaqıdır. Bizim mübarizəmiz bu ittifaqladır. Çünki, müharibə yenidən alovlanacağı halda nə Belarus, nə də Qazaxıstan KTMT çərçivəsində Ermənistana dəstək verən deyil, yeganə dəstək Moskvadan veriləcək”.

Politoloq vurğuladı ki, KTMT-nin yeni baş katibi olan erməni general daima Azərbaycan əleyhinə çalışacaq, bizə qarşı hansısa sənədlərin qəbulunu istəyəcək. Lakin bunun bizə zərrə qədər də təsiri yoxdur. Onsuz da hamıya bəllidir ki, KTMT Rusiya-Ermənistan hərbi ittifaqından ibarətdir. Qazaxıstan və Belarus təşkilatın Azərbaycan əleyhinə siyasətində yer almayacaq.

E.Şahinoğlu dedi ki, bu təyinatın necə həyata keçirilməsinin özü suallar doğurur: "Ermənistan hakimiyyəti az qala bir ildir dəridən - qabıqdan çıxırdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni hərbçini baş katib seçdirsin. Çünki rotasiya prinsipi üzrə növbə Ermənistana çatmışdı. Rusiyanın təmsilçisi, baş katib Nikolya Bordyuja erməni ilə əvəz edilməli idi. Ancaq Qazaxıstan və Belarus bu təyinatı uzadırdı. Bu da İrəvanın qıcığına səbəb olurdu. Nəhayət İrəvan Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi təyin etdirə bildi. Bu təyinatın necə həyata keçirildiyi sual doğurur. Çünki, bu təyinat üzv dövlətlərin liderlərinin görüşündə təsdiq olunmalıdır”.

Bundan öncə keçmiş müdafiə naziri Seyran Ohanyanın KTMT rəhbəri təyin ediləcəyi iddia edilirdi. Xaçaturovun adı isə namizəd kimi hallandırılmırdı. Aprel döyüşlərində məğlubiyyətə düçar olan Xaçaturovun bu vəzifəyə hansı məqsədlə təyin edilməsi suallar doğurur.

Xaçaturovun KTMT-yə baş katib təyinatı Ermənistanı müharibəyə həvəsləndirə bilərmi? Xaçaturovun KTMT baş katibi vəzifəsi nə zaman bitməlidir? Hansısa həssas məqamda o bir erməni kimi özfəaliyyətə yol verə bilərmi? Bunu etsə, Qazaxıstanın və digər KTMT üzvlərinin reaksiyası necə olar?


Etibar SEYİDAĞA

 

Oxşar xəbərlər