Xəbər lenti
Bütün xəbərlər

Putinin hərbi ittifaqının sammitində Qarabağ təxribatı

  • 01 dek 2017, 08:26

Müşahidəçilər hesab edir ki, Ermənistan tərəfindən irəli sürülən təxribatçı layihə KTMT prinsiplərinə uyğun deyil

Noyabrın 30-da Minskdə Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Bundan əvvəl isə baş katib sammit ərəfəsində  üzv ölkələrə səfər etməkdədir.

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu qəbul edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu, Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində V.Putinlə ilk görüşü olub. Xatırladaq ki, Yuri Xaçaturov 2017-ci ilin aprelin 14-də  KTMT sədri vəzifəsinə təyin edilib.

KTMT-nin sammitində isə Ermənistan ənənəsinə sadiq qalaraq, Qarabağla bağlı növbəti dəfə təxribata əl atıb.  Minskdə keçirilən KTMT-nin iştirakçı dövlətlərinin Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuralarının katiblərinin birgə iclasında Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, müdafiə naziri Vigen Sərkisyan və təhlükəsizlik şurasının heyət rəhbəri vəzifəsini icra edən Aram Tananyan iştirak ediblər.  Görüşdə KTMT-yə üzv ölkələrin xarici siyasətlərinin əlaqələndirilməsi, hərbi və hərbi-texniki əməkdaşlıq, informasiya təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.  Birgə iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daha da təkmilləşdirilməsi ilə bağlı məsələlərə də toxunulub. Ordu.az  erməni KİV-lərinə istinadən xəbər verir ki, iclas zamanı Ermənistan nümayəndə heyəti Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə təxribata əl atıb. Belə ki, nümayəndə heyəti adından çıxış edən Edvard Nalbəndyan həmkarlarına Ermənistanın təşəbbüsü ilə hazırlanmış Qarabağ məsələsi ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının bəyanat layihəsini təqdim edib. Azərbaycanın bu qurumda təmsil olunmamasından sui-istifadə edən işğalçı ölkə dərhal durumdan yararlanmağa çalışıb. Müşahidəçilər hesab edir ki, Ermənistan tərəfindən irəli sürülən təxribatçı layihə KTMT prinsiplərinə uyğun deyil. Bu baxımdan, layihənin ciddi olaraq nəzərdən keçirilməsi də inandırıcı deyil. Lakin yenə də iclas zamanı növbəti təxribatçı addımların atılması istisna edilmir. Doğrudur, KTMT-də təmsil olunan Qazaxıstan və Belarus kimi ölkələr bir neçə dəfə bu qurumda Azərbaycanın mövqeyini müdafiə edib. Hətta 2016-cı ilin aprelində bu ölkələrin rəhbərləri qurumun İrəvanda keçirilən toplantısını boykot etdilər. Daha sonra Belarus prezidenti Qarabağa qanunsuz səfər edən A.Lapşini Bakıya təhvil verməklə də İrəvana şok yaşatdı. Bəs indiki situasiyada nə demək olar, KTMT-də Azərbaycana dost ölkələrin olduğunu deyə bilərikmi?

Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a mövzu ilə bağlı bunları söylədi: "Müşahidələr göstərir ki, buradakı ölkələrdən Belarus, Qazaxıstan hər bir vaxt Azərbaycana qarşı dost mövqeyindən çıxış ediblər. Təbii ki, siyasətdə dost məfhumu çətin anlamdır, lakin ümumi maraqların olması mühüm məsələdir. Baxmayaraq ki, bu münasibətlər Ermənistana və hətta deyərdim Rusiyaya belə xoş gəlmir, ancaq fakt budur. O biri Orta Asiya dövlətləri də bizimlə normal münasibətdədirlər. Əsas məqam da ondan ibarətdir ki, Azərbaycan bu dövlətlərin heç birinin ərazi bütövlüyünü və beynəlxalq qurumlar tərəfindən tanınan suverenliyini, milli və dövlət təhlükəsizliyini təhdid etmir. Əksinə, bu qurumda təmsil olunan Ermənistan Azərbaycanın ərazilərini işğal edib”. A.Nağıyev dedi ki, ayrı-ayrılıqda hər bir dövlət bu işğalçı siyasəti də pisləyir: "Baxmayaraq ki, rotasiya qaydasında Ermənistan nümayəndəsi qurumun baş katibidir, bu, bizim üçün təhdid ola bilməz. Çünki o, Rusiyasız heç bir qərar qəbul edə bilməz və digər dövlətlər də buna imkan verməz. Bütün bunlara baxmayaraq, Azərbaycan öz müdafiə və təhlükəsizlik konsepsiyasına uyğun olaraq bu dövlətlərlə və qurumla öz balanslı və müstəqil siyasətini yürüdür”. Ermənistanın KTMT sammitində Qarabağla bağlı təxribata əl atmasına gəldikdə, politoloq bunu gözlənilən saydı: "Əsas qərardır. Təxribat daima olub və olacaq. Əsas yerdə qalanların mövqeyidir”.

Cavid TURAN

Oxşar xəbərlər